İran hakimiyyəti ABŞ-ni ölkənin mülki infrastrukturuna hücum etməkdə ittiham edib.
Musavat.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin Qeşm adası ərazisində yerləşən şirin su duzsuzlaşdırma qurğusuna zərbə endirdiyini bildirib.
Diplomatın sözlərinə görə, hücum nəticəsində su təmizləmə və duzsuzlaşdırma infrastrukturu zədələnib. Bu səbəbdən adada yerləşən təxminən 30 kəndin su təchizatında ciddi problemlər yaranıb.
Əraqçi ABŞ-nin bu addımını “açıq və ümidsiz cinayət” adlandıraraq bunun region üçün təhlükəli presedent olduğunu bildirib.
“İranın infrastrukturuna hücum təhlükəli addımdır və ağır nəticələrə gətirib çıxara bilər. Bu presedenti İran deyil, ABŞ yaradıb”, – deyə İran XİN rəhbəri vurğulayıb.
Qeyd edək ki, Qeşm adası Hörmüz boğazı yaxınlığında yerləşən strateji ərazidir və İranın cənubunda mühüm logistika və enerji marşrutlarının keçdiyi bölgə hesab olunur.
Musavat.com