RU

ABŞ İsrailə 27 min bomba SATIR: İstehsalçı türk şirkətidir – ŞOK İDDİA!

ABŞ administrasiyası İsrailə dəyəri təxminən 660 milyon dollar olan böyük silah paketi satmaq qərarı verib.  Bu paketə 27 mindən çox bomba daxildir və onların istehsalında Türkiyənin müdafiə sənayesi şirkətinə məxsus müəssisənin iştirak etdiyi iddia olunur.

ABŞ Dövlət Departamentinin açıqladığı sənədlərə görə, söhbət MK-80 seriyalı bombalardan gedir. Dövlət katibi Marko Rubio satışın “İranla müharibə şəraitində təcili ehtiyac” olduğunu bildirərək administrasiyanın Konqresin icmal prosedurunu keçmədən razılaşmanı təsdiqlədiyini açıqlayıb. Normal qaydalara görə, bu cür böyük silah satışları ABŞ Konqresinin nəzarətindən keçməlidir. Lakin administrasiya “fövqəladə vəziyyət” mexanizmini tətbiq edərək qanunun tələb etdiyi parlament yoxlamasını kənara qoyub.

Rəsmi məlumatlara görə, İsrailə veriləcək silah paketinə 12 min BLU-110A/B bomba (təxminən yarım ton çəkidə), 10 min 250 kq-lıq bomba, 5 min kiçik diametrli bomba, eləcə də texniki, logistika və servis dəstəyi daxildir. Ümumi dəyər təxminən 660 milyon dollar təşkil edir. İsrail bu alışın bir hissəsini ABŞ-dən aldığı illik 3,8 milyard dollarlıq hərbi yardım hesabına maliyyələşdirəcək.

Sənədlərdə göstərilir ki, layihənin əsas podratçısı Texas ştatının Garland şəhərində yerləşən “Repkon USA” şirkətidir. Lakin bu şirkət əslində Türkiyənin müdafiə sənayesi şirkəti “Repkon”un törəmə müəssisəsidir. 2025-ci ilin martında türk şirkəti bu zavodu ABŞ müdafiə nəhəngi “General Dynamics”dən satın alıb. Bu müəssisə ABŞ-da MK-80 seriyalı bombaların korpusunu istehsal edə bilən yeganə zavod hesab olunur. Məhz bu korpuslar sonradan JDAM dəqiq idarə olunan bombaların əsas komponentinə çevrilir və ABŞ ordusu ilə İsrail Hərbi Hava Qüvvələri tərəfindən geniş istifadə olunur.

Məsələni NOCOMMENT.az-a şərh edən siyasi şərhçi Azər Hüseynov bildirib ki, ABŞ administrasiyasının Konqresi kənara qoyaraq İsrailə bu qədər böyük silah paketi satması yalnız ABŞ-ın milli təhlükəsizliyi üçün deyil, bütün region üçün ciddi risklər yaradır: “Birinci problem MK-80 seriyalı bombaların korpuslarının xarici şirkət, xüsusilə də Türkiyə şirkəti tərəfindən istehsal olunmasıdır. Bu, ABŞ-ın strateji sursat istehsalına nəzarət imkanlarını zəiflədə bilər və ölkənin müdafiə təhlükəsizliyi baxımından suallar doğurur. İkincisi, İranla gərginliyin yüksək olduğu bir şəraitdə İsrailin bu qədər böyük silah alışı regionda eskalasiyanı sürətləndirə bilər, hərbi qarşıdurma riskini artırır və diplomatik danışıqlara mənfi təsir göstərə bilər. Həmçinin, bu qərar ABŞ Konqresini kənara qoyduğuna görə daxili siyasi müzakirələrdə də ciddi debatlara yol açır. Konqresin nəzarəti olmadan belə addımların atılması demokratik institutların funksionallığı və qanunvericilik prinsipləri baxımından problemli hesab olunur. Bu, gələcəkdə “fövqəladə vəziyyət” mexanizmlərinin istifadəsi ilə bağlı qanunvericilik islahatlarına ehtiyac yarada bilər”.

Şərhçi qeyd edib ki, bundan əlavə, bu addım ABŞ-ın yaxın müttəfiqləri, NATO və regiondakı digər aktorlar tərəfindən də diqqətlə izlənir: “Hər hansı yanlış addım eskalasiyanı sürətləndirə və regional stabilliyi təhdid edə bilər. Mənim qənaətimə görə, ABŞ-ın belə sürətli və Konqresdən kənar həyata keçirdiyi satışlar həm strateji, həm də diplomatik baxımdan çox həssasdır və regionda hərbi balansın pozulmasına yol aça bilər”.

Qeyd edək ki, Tramp administrasiyası bundan əvvəl də oxşar addım atmışdı. 2019-cu ildə İranla gərginliyi əsas gətirərək Səudiyyə Ərəbistanı və BƏƏ-yə 8 milyard dollarlıq silah satışını Konqresdən yan keçərək təsdiqləmişdi.

Избранный
19
1
nocomment.az

3Источники