RU

Çernobıl fəlakətinə bənzər faciə təkrarlana bilər: Azərbaycanı hansı təhlükə gözləyir?

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Adətən qeyd olunur ki, müharibələr ətraf mühitə və iqlimə müəyyən təsirlər göstərir. Bu təsirlər əsasən raketlərin, hərbi texnikanın və müxtəlif silahların istifadəsi zamanı atmosferə atılan zərərli maddələrlə əlaqələndirilir. Müasir müharibələrdə tətbiq olunan yeni texnologiyalar, güclü partlayışlara səbəb olan silahlar və müxtəlif növ hərbi vasitələr ətraf mühit üçün əlavə risklər yaradır.

İsrail-ABŞ-İran qarşıdurması fonunda istifadə edilən raketlər, lazer silahları və güclü partlayışlara səbəb olan bombalar iqlimə necə təsir göstərə bilər?

Globalinfo.az-a danışan ekoloq Arzu Mustafayev bildirib ki, istənilən antropogen təsir Yer kürəsinə, onun təbiətinə və ekosistemlərinə bu və ya digər formada dəyişikliklərə səbəb olur:

“Bu dəyişikliklər su mühitində, hidroloji rejimdə və bioloji müxtəliflikdə özünü göstərir. Son zamanlar isə daha həssas vəziyyət yaranıb və bu proseslər Yer üzündə həyat üçün təhdid yaradan iqlim dəyişikliklərinə də təsir edir. Yəni antropogen fəaliyyət iqlim sahəsində də öz mənfi nəticələrini göstərir”.

Ekoloqun sözlərinə görə, raketlər və onların istifadə etdiyi fosil yanacağı xüsusilə kütləvi miqdarda tətbiq olunduqda ciddi ekoloji fəsadlar yaradır:

“Bu proses zamanı baş verən yanğınlar, xüsusilə kimyəvi tərkibli maddələrin yanması nəticəsində atmosferə böyük miqdarda zərərli qazlar atılır. Bu qazların sırasında karbon dioksid – qlobal istiləşməyə səbəb olan əsas qazlardan biri və digər zərərli birləşmələr də var. Nəticədə həmin qazların atmosferdə və region üzrə miqdarı artır. Lakin bütün bu təhdidlərlə yanaşı, digər ciddi məqamları da qeyd etmək olar. Məsələn, iri neft mədənlərinin qurulması və ya zədələnməsi nəticəsində baş verən uzunmüddətli yanğınlar atmosferə böyük həcmdə zərərli maddələrin və asılı hissəciklərin atılmasına səbəb olur. Bundan əlavə, müharibə nəticəsində vurulan şəhərlərdə yaranan toz və dağıntılar atmosferdə asılı hissəciklərin miqdarını artırır. Külək vasitəsilə bu hissəciklər qonşu regionlara və ölkələrə də daşına bilir. Azərbaycan da belə proseslərin təsir edə biləcəyi yaxın coğrafi məntəqədə yerləşir”.

Arzu Mustafayev

A.Mustafayev deyib ki, bütün bunlarla yanaşı, bizi narahat edən digər bir məsələ də var:

“Söhbət atom reaktorları ilə işləyən istilik elektrik stansiyalarından gedir. Regionda hazırda müharibə aparan İsrail də mövcuddur. İsrail kiçik bir ölkədir və İranla müharibə başladıqdan sonra gündəlik olaraq müxtəlif təyinatlı obyektlərə zərbələr endirilir. Bu obyektlər arasında hərbi və strateji infrastruktur obyektləri də yer alır. Biz düşünürük ki, hazırda İranda dövləti idarə edən və müharibənin gedişatını planlaşdıran hərbi-siyasi rəhbərlik belə bir addımın nəticələrini nəzərə alır və bu cür riskli variantı ağlına belə gətirməz. Lakin regionun siyasi keçmişinə və mövcud gərginliyə baxdıqda müəyyən risk ehtimalları qalır. İsraildə atom reaktorları ilə işləyən istilik elektrik stansiyalarına bilərəkdən və ya səhvən raket zərbələrinin endirilməsi bütün region üçün ciddi radiasiya çirklənməsinə gətirib çıxara bilər. Bu, hətta Çernobıl hadisəsinə bənzər və ya ondan da ağır nəticələr yarada biləcək fəsadlara səbəb ola bilər. Düzdür, belə reaktorlar yüksək səviyyədə qorunan və texnoloji baxımdan təhlükəsizlik tədbirləri ilə təmin olunmuş istehsalat rejimində fəaliyyət göstərir. Lakin bu gün istifadə olunan bəzi raketlərin dağıdıcı gücünü tam şəkildə praktiki olaraq müşahidə etməmişik. Yalnız ehtimal edə bilərik ki, belə ağır zərbə dalğasına və dağıdıcı gücə malik raketlər bu cür həssas obyektlərə dəyərsə, regionun ekoloji gələcəyi üçün çox ciddi və ağır fəsadlar yarana bilər”.

Arzu Mustafayev əlavə edib ki, belə bir vəziyyətdə radiasiya buludları yaranaraq region ölkələrinə yayıla bilər:

“Yaxın məsafələrdə güclü radiasiya şüalanması baş verə bilər. Azərbaycan nisbətən uzaqda yerləşsə də, bütün region üçün ciddi ekoloji təhlükə yaradan proseslərin təsirindən tam kənarda qalmaq mümkün olmaz. Bu isə, təbii ki, dolayısı ilə iqlimə də təsir göstərəcək. Lakin iqlimə təsir məsələsi belə hallarda ikinci və ya üçüncü dərəcəli faktor kimi qalır, çünki əsas problem genişmiqyaslı radiasiya və ekoloji çirklənmə olur”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
53
globalinfo.az

1Источники