RU

Xarici investorların ölkəmizə marağı artır

ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycanın Böyük Britaniyadakı Səfirliyində “Azərbaycanda və Mərkəzi Asiyada İnvestisiya İmkanları” mövzusunda dəyirmi masa keçirilib.

Müzakirənin moderatoru qismində “Oliver Wyman” şirkətinin tərəfdaşı və Azərbaycan üzrə rəhbəri Camal İsmayılov çıxış edib.

Həmyerlimiz Azərbaycanda investisiya imkanlarını qiymətləndirərkən ölkənin strateji mövqeyini və həyata keçirilən iqtisadi islahatlarını vurğulayıb. Azərbaycanın Avropa ilə Asiya arasında tranzit və ticarət dəhlizi olaraq əhəmiyyətli rol oynadığını, ölkədə mövcud olan dayanıqlı iqtisadi inkişafın investisiyalar üçün əlverişli mühit yaratdığını qeyd edib.

Azərbaycanın Britaniyadakı səfirliyinin müşaviri Rəşad Vahabzadə çıxışında “Moody’s” və “Fitch” şirkətlərinin Azərbaycanın suveren kredit reytinqini investisiya səviyyəsinə yüksətdiyini vurğulayıb. O, çıxışında həmçinin Ələt Azad İqtisadi Zonasında investorlar üçün yaradılmış güzəştli imkanlar barəsində danışıb.

Daha sonra “Alpac Capital” şirkətinin baş icraçı direktoru və idarəedici tərəfdaşı Pedro Varqas çıxış edib. Son illərdə ölkədə mühüm iqtisadi islahatların həyata keçirildiyini, Azərbaycanın öz imkanlarını və strateji mövqeyini daha yaxşı istifadə etdiyini vurğulayıb.

Pedro Varqas əlavə edib ki, Azərbaycan yalnız 10 milyonluq bazar kimi deyil, həm də region bazarlarına çıxış üçün platforma kimi nəzərdən keçirilməlidir. Onun sözlərinə görə, ölkənin açıq investisiya mühiti və xarici investorlar üçün yaradılan imkanlar Azərbaycana marağı artırır.

AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı isə “Azərbaycanda investisiya imkanları” mövzusunda çıxış edərək ölkədə müxtəlif sahələrdə həyata keçirilən layihələr və investorlar üçün yaradılan imkanlar barədə məlumat verib. 2025-ci ildə ilk dəfə olaraq Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun keçirildiyini vurğulayıb.

Tədbirdə, həmçinin beynəlxalq investorlar üçün hüquqi mühit mövzusu müzakirə olunub. “Greymore” şirkətinin tərəfdaşı Evren Çelik Azərbaycanın və Mərkəzi Avrasiyanın hüquqi investisiya mühiti ilə bağlı təqdimat edib.

Daha sonra keçirilən panel müzakirəsində “Oliver Wyman”, “Caucasus Ventures”, “Ironsharp Capital” şirkətlərinin nümayəndələri çıxış ediblər. Tədbirdə həmçinin AZPROMO-nun hazırladığı “Azerbaijan Investment Guide” və “Oliver Wyman” şirkətinin hazırladığı “Azerbaijan 3.0 Market Makers of Tomorrow” nəşrlərinin təqdimatı keçirilib.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
3
xalqqazeti.az

4Источники