RU

Azərbaycanın ilk qadın müəllimi...- Şəfiqə Əfəndizadə

Qadınlar tarix boyu cəmiyyətin inkişafında və maariflənməsində mühüm rol oynayıblar. Xüsusilə təhsil sahəsində onların fəaliyyəti yeni nəslin formalaşmasına, bilik və dəyərlərin ötürülməsinə böyük töhfə verib. Müxtəlif dövrlərdə çətinliklərə baxmayaraq, qadınlar təhsilin inkişafı və yayılması uğrunda əzmlə çalışıblar. Onların bu sahədə göstərdiyi fədakarlıq cəmiyyətin tərəqqisinə və maariflənməsinə mühüm təsir göstərib. Məhz bu fədakar qadınlardan biri də Azərbaycanda ilk qadın müəllim kimi tarixə düşən maarifçi xanımlardan biridir.

AzEdu.az Azərbaycanda ilk qadın müəllim kimi tarixə düşən maarifçi Şəfiqə Məhəmmədəmin qızı Əfəndizadənin həyatı ilə bağlı araşdırma aparıb. 

179069

Azərbaycanın ilk maarifpərvər qadınlarından biri, pedaqoq, publisist və yazıçı Şəfiqə Məhəmmədəmin qızı Əfəndizadə 1883-cü il may ayının 19-da Axaltsixe rayonunun Azğur kəndində tanınmış pedaqoq Hafiz Məhəmmədəmin Şeyxzadənin ailəsində anadan olub. İlk təhsilini evdə öz atasından alıb.

1918-ci ilin martında bolşevik-daşnak quldurları tərəfindən türk-müsəlman əhalisinə qarşı törədilən soyqırımdan sonra qaçqın düşmüş Qubada, Azqurda, İstanbulda yaşayıb. Şəfiqə Əfəndizadə 1959-cu ildə Bakı şəhərində vəfat edib.

Hələ 1896-cı ildə, 14 yaşında ikən Şəfiqə Əfəndizadə Nuxa şəhərində şəxsi qadın məktəbində dərs deyib. Qafqaz Müsəlmanları Ruhani İdarəsində və Bakıda III Aleksandr kişi gimnaziyasında imtahan verərək ibtidai məktəbdə türk dili və şəriət müəllimi vəsiqəsi alıb.

1901-ci ildə Tiflisdə Zaqafqaziya ruhani idarəsində müəllimlik attestatı alıb və həmin ildən məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycan qadın təhsili tarixində ilk dəfə olaraq Bakı şəhərində yenicə yaradılmış rus-müsəlman qadın məktəbində ana dilindən dərs deməyə başlayıb. Həmin məktəbdə 1910-cu ilə kimi fəaliyyət göstərib. 1906-cı ildə Azərbaycan müəllimlərinin I qurultayının iştirakçısı olub. 1910-cu ildən 1920-ci ilədək şəhər rus-tatar (Azərbaycan) qadın məktəbinin müəllimi kimi çalışıb. 1915-ci ildən həmçinin qadın pedaqoji məktəbindəki pedaqoji kurslarda da dərs deyib.

1917-ci ildə Cənubi Qafqaz müsəlman qadın müəllimlərinin Kazan şəhərində çağırılmış qurultayına nümayəndə seçilib, qurultayda iştirak edərək söylədiyi nitqində Şərq qadınlarının hüquqsuzluğundan danışıb, yeni məktəblərin və teatrların açılmasını tələb edib. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra 1919-cu ilin aprelində Bakıya dönüb, pedaqoji işə bərpa olunub, 1920-ci ilin fevralında ərizə verərək istefaya çıxıb. Şəfiqə Əfəndizadə 1920-ci ildə Əli Bayramov klubunun təşkilində fəal iştirak edib və orada yaradılmış savadsızlığın aradan qaldırılması kurslarında dərs deyib.

1920-ci ildən sonrakı dövrlərdə dəfələrlə Zaqafqaziyada, Qafqazda və Moskvada keçirilmiş qadınlar konfranslarında və qurultaylarında nümayəndə kimi iştirak edib. Sovet hakimiyyəti illərində mədəni quruculuq işlərinə cəlb olunub, 1920–1926-cı illərdə darülmüəllimatda (qadın müəllim kadrları hazırlayan pedaqoji məktəb) dərs deyib. 1923-cü ildə “Şərq qadını” jurnalı fəaliyyətə başlayandan sonra Şəfiqə Əfəndizadə jurnalla fəal əməkdaşlıq edib, redaksiya heyətinin üzvü seçilib, jurnalın məsul katibi və bədii ədəbiyyat şöbəsinin müdiri kimi çalışıb. 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilib.

Şəfiqə Əfəndizadənin şagirdləri arasında respublikamızın görkəmli dövlət xadimi, Azərbaycan SSR-nin maarif üzrə xalq komissarı Ayna Sultanova, Azərbaycan xalq şairi Mirvarid Dilbazi və başqaları olub.

Hazırda Bakı şəhəri Yasamal rayonunun 13 saylı orta məktəbi Şəfiqə Əfəndizadənin adını daşıyır.

Избранный
32
azedu.az

1Источники