RU

Xəyanət, nankorluq və naqislik... - Deputat

Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, martın 5-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda regional təhlükəsizlik məsələləri müzakirə olunub. Dövlət başçısı çıxışında İran tərəfindən Naxçıvana dron zərbələri endirilməsini ölkəmizə qarşı təxribat kimi qiymətləndirib və bunun ciddi nəticələrinin olacağını bildirib.

Təhlükəsizlik Şurasında keçirilən iclasda hansı mesajlar verildi?

Deputat Elman Nəsirov Hafta.az-a açıqlamasında bildirib ki, Prezidentin mart ayının 5-də İranın Azərbaycan ərazisinə qarşı terror aktı həyata keçirməsi ilə bağlı sərt çıxışı təsadüfi deyil. Bu akt Naxçıvanda mülki obyektlərə yönəlmiş dron zərbələrilə özünü göstərir və açıq şəkildə xəyanətkar bir addımın bumeranq efektidir.

Deputatın sözlərinə görə, Prezidentin Təhlükəsizlik Şurasının iclasında bu hadisəyə məhz terror aktı kimi qiymət verməsi, terror aktını digər cinayət növlərindən fərqləndirən xüsusiyyətləri önə çəkməsi hadisənin mahiyyətini daha da aydınladan elementdir:

“Bu ifadənin özü böyük məna daşıyır. Prezident terror aktını digər cinayət növlərindən fərqləndirən xüsusi xüsusiyyətlərini ifadə etdi. Bildirdi ki, əvvəla, terror aktı mütəşəkkil cinayətkarlığın bir növüdür və hər zaman siyasi motivli olur. Digər cinayətlərdən əsas fərqi ondadır ki, bu cinayət növündə eyni vaxtda dörd tərəf iştirak edir: - təşkilatçı, icraedici, qurbanlar, sağ qalmış şəxslər. Terror aktında həm təşkilatçı, həm də icraedici birbaşa qurbanları deyil, sağ qalmışları hədəf alır. Məqsəd qorxu və vahimə yaratmaq, siyasi mesaj ötürməkdir. SEPAH təşkilatının öz sosial platformasında Azərbaycanı xəbərdar etdiyini ifadə etməsi də Prezidentin qeyd etdiyi analizlə tam uyğunluq təşkil edir”.

Deputat eyni zamanda qeyd edib ki, Prezident bu məsələ ilə bağlı bütün silahlı qüvvələrə birgə əmrlər vermiş, onların döyüş hazırlığı vəziyyətinə gətirilməsini tapşırmışdır. Sərhəd qoşunları, digər qüvvələr birləşərək tam döyüş hazırlığı vəziyyətinə gətirilmişdir.

"Dövlət başçısı o cümlədən İranın bu addımını “nankorluq” adlandırdı. Nankorluq anlayışı buradakı kontekstdə çox geniş və dərin mənaya malikdir: çünki Azərbaycan hər zaman İrana qarşı xeyirxah mövqe nümayiş etdirib, mehriban qonşuluq siyasətini prioritetləşdirərək ikitərəfli münasibətləri davam etdirən mövqe və münasibət sərgiləyib", deputat deyib.

E.Nəsirov bildirib ki, dövlətimizin xarici siyasət kursu çərçivəsində qonşularla, xüsusilə İranla münasibətlərin inkişafı prioritet sahə olub. Onun sözlərinə görə, məhz bu siyasət nəticəsində Azərbaycan müxtəlif beynəlxalq təzyiqlərə məruz qalsa da, prinsipial mövqeyini qoruyub:

“Məsələn, anti-İran sanksiyalarına qoşulmamaq və İranın ərazilərinə müdaxilə imkanının yaradılmaması ilə bağlı təzyiqlərə rəğmən Azərbaycan mövqeyindən geri çəkilməyib. Bu prinsipial, dəyişməz və qətiyyətli mövqe bu gün də qüvvədədir”.

Deputat Prezidentin Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror aktı və son dron hücumuna diqqət çəkərək, Azərbaycan-İran münasibətlərinə nəzər salmasını da təsadüfi saymır:

“Prezident çıxışında qeyd etdi ki, dünyanın heç bir digər ölkəsinin rəhbəri İranda baş verən hadisələrlə bağlı Azərbaycan dövlətinin nümayiş etdirdiyi səbr və dəstək səviyyəsinə malik olmayıb. Bunun qarşılığında isə İran Azərbaycan ərazisinə dron zərbəsini endirməklə açıq şəkildə xəyanət və nankorluq nümayiş etdirdi. Bununla yanaşı, İran xarici işlər nazirinin müavini Azərbaycan tərəfdən Livanda olan diplomatik korpus nümayəndələrinin təxliyəsi üçün kömək istəyib. Azərbaycan bu xahişi qəbul edib, təyyarə göndərib və ödəniş tələbindən imtina edərək öz köməyini əsirgəməyib. Çünki Azərbaycan tərəfi dost və yardımsevər mövqedə dayanmışdır. Lakin bütün bu xeyirxah mövqeyin qarşılığında İran tərəfindən ərazimizə qarşı dron hücumu həyata keçirilməsi qəbulolunmaz hal sayılıb. Ona görə də Prezidentin bu hadisəni xəyanət, nankorluq və naqislik kimi qiymətləndirməsi İran tərəfinin ölkəmizə qarşı düşmənçiliyinin nəticəsində yarandı”.

E.Nəsirov Prezidentin “Dəmir yumruq” ifadəsini yenidən vurğulamasını xain hücumlara qarşı qətiyyətin nümunəsi kimi önə çəkib:

“Azərbaycan ordusu öz sözünü demiş və tam döyüş hazırlığı vəziyyətindədir. “Dəmir yumruq yerindədir” ifadəsi yalnız Ermənistana münasibətdə istifadə olunmur; bu, hər hansı bir dövlət Azərbaycana qarşı xəyanət, təcavüz və terror yolu seçərsə, eyni şəkildə qüvvəyə minir. Bu ifadə həm gücümüzün, həm də birliyimizin göstəricisidir”.

Deputat bütün bu reallıqlar fonunda Prezidentin çıxışı zamanı verdiyi xüsusi bir mesaja diqqət çəkib:

“İran siyasi rəhbərliyi hadisəni diqqətlə nəzərdən keçirməli, Azərbaycanla xoşməramlı münasibət göstərən bir dövlətə qarşı belə xəyanətkar mövqenin bumeranq effekti yarada biləcəyini anlamalıdır. Bu, eyni zamanda İranda fərqli proseslərin təkanını verə bilər. Artıq məlumdur ki, İranın bu davranışı ilə bağlı bəzi tələbələr arasında etirazlar başlamışdır. Bu bir qığılcımdır. Prezidentin də dediyi kimi, İran rəhbərliyi xalqımızdan və dövlətimizdən üzr istəməli və bu əmri verən şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

Tahirə Qafarlı

Избранный
29
hafta.az

1Источники