RU

İran malları bahalaşacaqmı?

ain.az, 525.az portalına istinadən məlumat yayır.

"İranda baş verənlər Azərbaycanda satılan İran mallarının qiymətlərinə təsir göstərə bilər. Sərhədlərin müvəqqəti bağlanması, gömrük nəzarətinin sərtləşməsi və yol təhlükəsizliyi ilə bağlı problemlər daşınmanı çətinləşdirə bilər. Bu isə məhsulların bazara daha gec və daha yüksək qiymətə çatmasına gətirib çıxarır. Xüsusilə tez xarab olan məhsullar, məsələn, meyvə və tərəvəzlərdə gecikmə əlavə itkilər yaradır və satıcılar bu riski qiymətə daxil edirlər".

Bu fikirləri iqtisadçı ekspert Akif Nəsirli deyib. O bildirib ki, müharibə zamanı İranın milli valyutasında kəskin dəyişikliklər və bank əməliyyatlarında məhdudiyyətlər yarana bilər. Ödənişlərin çətinləşməsi idxalçıların xərclərini artırır ki, bu da son nəticədə pərakəndə satış qiymətlərinə təsir edir: "Üçüncü amil təklifin azalmasıdır. Əgər istehsal bölgələrində təhlükəsizlik problemi yaranarsa və ya ixrac məhdudlaşdırılarsa, Azərbaycana gələn məhsul həcmi azalar. Tələb sabit qaldığı halda təklifin azalması qiymətlərin yüksəlməsinə səbəb olur. Azərbaycan alternativ bazarlardan, məsələn, digər qonşu ölkələrdən idxalı artıra bilər. Lakin yeni təchizat zənciri qurulana qədər keçid dövründə qiymətlərdə artım və bazarda müvəqqəti çatışmazlıq müşahidə oluna bilər. Belə bir müharibə ssenarisi qısa və orta müddətdə İran mənşəli meyvə və tərəvəzlərin qiymətinin artması ehtimalını yüksəldir. Uzun müddətdə isə bazar yeni şərtlərə uyğunlaşdıqca qiymətlər sabitləşə bilər, lakin bu, müharibənin miqyasından və davametmə müddətindən asılı olacaq".

İqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Azərbaycanla İran arasında ticarət dövriyyəsi təqribən 600 milyon dollar civarındadır. Azərbaycan İrandan bir sıra məhsullar, əsasən də quru meyvə, ədviyyatlar alır: "Hələlik İrandan gələn məhsullarla bağlı ciddi problem müşahidə etmirik, çünki gərginlik hələ ticarət münasibətlərinə təsir göstərməyib. Logistika işləyir, mal və xidmətlər gəlir. İrandan Azərbaycana əsasən kənd təsərrüfatı, ərzaq məhsulları, tikinti materialları və məişət kimyası məhsulları idxal olunur. Son statistikaya görə, kərə yağının Azərbaycana ixracında İran birinci yerdədir. Lakin müharibə qlobal miqyas alarsa, İrandan gələn məhsullarda da problemlər yarana bilər".

İqtisadçı ekspert Razi Abasbəyli vurğulayıb ki, son bir il ərzində Azərbaycan və İran arasında ticarət dövriyyəsi təxminən 30 faiz artaraq 480 milyon dollardan 660 milyon dollara yüksəlib. 2025-ci ilin sonlarına qədər bu artım yüksələn xətlə davam edib. Azərbaycan-İran ticarət münasibətlərində idxal üstünlük təşkil edir. Belə ki, Azərbaycan 2025-ci ildə İrana cəmi 14 milyon dollarlıq mal ixrac etdiyi halda, İrandan 640 milyon dollardan çox ərzaq və tikinti məhsulları idxal edib. Bu da ticarət balansında İranın xeyrinə ciddi fərqin olduğunu göstərir. İdxalın yüksək paya malik olması səbəbindən İranda baş verən proseslər Azərbaycan daxili bazarına ciddi təsir göstərə bilər. Xüsusilə İrandan məhsul idxal edən iri şirkətlərin xərclərinin artması gözləniləndir. 25 faizlik əlavə rüsumlar və İranda yerli valyutanın dəyər itirməsi nəticə etibarilə İrandan Azərbaycana idxal olunan məhsulların həcminin müəyyən qədər azalmasına səbəb ola bilər. Bu azalma isə bazarda qiymət artımı şəklində özünü göstərəcək.

Ekspert bildirib ki, hazırda İran məhsullarının Azərbaycan daxili bazarındakı payı ÜDM-in təxminən 7 faizini təşkil edir: "Bu rəqəm böyük olmasa da, İranın Azərbaycanla qonşu olması, daşınma xərclərinin nisbətən azlığı və milli valyutanın ucuzluğu idxalçılar üçün əlavə üstünlük yaradırdı. Bu amillər hesabına daha ucuz məhsulların ölkəyə gətirilməsi mümkün olurdu. Lakin bu 7 faizlik payın azalması bazarda müəyyən bahalaşmaya səbəb ola bilər. Xüsusilə ərzaq, qənnadı və tikinti məhsulları üzrə qiymət artımının daha çox hiss edilməsi mümkündür".

S.QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
119
525.az

1Источники