RU

Sevgi limiti İnsan mənzərələri silsiləsindən

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Əlisəfdər HÜSEYNOV

"Ən gözəl qadınlar gündüzlər gülür,

Gecələr gözləri yaşla dolurmuş.

Ən gözəl qadınlar sevgidən məhrum,

Ən gözəl qadınlar tənha olurmuş".

Kənan Rza

Onlar təsadüfən, yoxsa zərurətdənmi tanış olmuşdular - demək çətindir (Əslində, bu dünyada təsadüfi heç nə olmur).

Feysbukun "Təklif olunan dostlar" bölməsinə baxırdı. Birdən nəzərləri onun profil şəklinə sataşdı: qadının dodaqlarında kövrək, işıqlı bir təbəssüm, amma gözlərində qəribə kölgə vardı - yüngül, sanki titrəyən kölgə. Və bu kölgə təbəssümdən güclu idi, onu boğurdu.

Maraq kişiyə güc gəldi, qadının profilinə girib onun haqda məlumatlara baxdı. Çox-çox uzaqda yaşayan, başqa millətdən olan bu qadın ondan 10 yaş kiçik idi, Texniki Universiteti bitirsə də, sənətini heykəltaraş-dizaynçı kimi göstərmişdi ki, bu da kişinin bu qadına olan marağını daha da artırdı. Qadın evli idi. Səhifəsində isə əsasən Şərq müdriklərinin xoşbəxtlik, həyatın mənası, sədaqət, etibar barədə fikirlərini paylaşırdı. Nəyə görəsə bu qadına münasibətdə bir yaxınlıq, doğmalıq hiss etdi: elə bil onu çoxdan tanıyırdı. Ona görə da dostluq təklifi göndərdi və heç yarım dəqiqə keçməmiş təsdiq cavabı aldı - elə bil qadın gözlərini telefonun ekranına dikib bu təklifi gözləyirmiş.

Bəlkə də etika xətrinə qadına mesaj yazıb təklifini qəbul etdiyinə görə təşəkkürünü bildirdi. Qadın dərhal qəribə tərzdə reaksiya verdi: "Məni tapıb dostluq təklifi göndərdiyinizə görə təşəkkür edirəm". Sonra çəkdiyi rəsmlərin, uşaq bağçalarının həyətləri üçün işlədiyi kiçik heykəlciklərin şəkillərini göndərdi və bir neçə dəqiqədən sonra yüz ilin tanışlari kimi virtual ünsiyyətə başladılar.

Səhəri gün söhbətləri xeyli uzandı. Qadın həvəslə, köhnə tanış, dost kimi yazırdı - illərlə içində saxladığı, heç kimə demədiyi bütün sirlərini bu tanımadığı kişiyə açmaqdan ehtiyat etmir, utanmırdı.

Kişi həssas adam idi və hiss edirdi ki, qadının yazdıgı sözlər illər uzunu xoş sözə, nəvazişə, diqqətə möhtac olan, arzuladığı və layiq olduğu yox, qismətinə çıxan ömrü yaşayan bir qadının ürəyindən gəlir.

Sonrakı günlərdə də qadının ən etibarlı sirdaşı kimi illərlə içində yığılıb qalmış bütün sirlərini tərəddüdsüz ona açması, etibar etməsi, düzü, kişini bir az çaşdırmışdı. Qadının yazdıqlarından belə məlum olurdu ki, profilində ailəli olması barədə yazdıgı məlumat həqiqətin hamısını yox, yarısını əks etdirir, yəni o, rəsmən ailəli olsa da, əri ilə bir dam altında yaşasa da, artıq ruhu və bədəni ona məxsus deyil, ona arvadlıq etmir. Çünki 25 il ona sevgisiz arvadlıq, qulluq eləməkdən bezib.

Kişi kiminsə özünün şəxsi həyatını başqaları ilə müzakirə eləməyinə yaxşı baxmadığından qadının bu canfəşanlığı, sadəlövhlüyü xoşuna gəlmədi, soruşdu ki, nə üçün özünün ən şəxsi sirlərini ona - yaxından tanımadığı yad kişiyə açır.

- Mən niyə bunları sizə deyirəm, heç özüm də bilmirəm. Amma içimdə nə varsa, sizə yazanda hamısı üzə çıxır, yüngülləşirəm. Özümə də təəccüblü gəlir ki, sizə niyə bu qədər inanıram. Siz çox nəcib, həssas insansınız. Bilirəm ki, mənim bu səmimiyyətimə xəyanət etməzsiniz.

Sonrakı günlərdə söhbətlərinin mövzuları daha da şaxələndi. Bir dəfə qadın ağzından qaçırdı ki, kaş bu kişiyə oxşayan bir övladı olaydı. Kişi zarafatla "Olmaya mənə vurulmusnuz" - deyə soruşanda, qadın ağladı və dedi ki, vurulmaq sözü yetərli deyil, artıq həyatını onunla ünsiyyət olmadan təsəvvür etmir, çünki o, ruhunun bir parçasına çevrilib.

Qadın gözəl idi və kişi qadın gözəlliyinə biganə olmasa da, kişi və qadın arasında münasibətlərin sevgi adlandırılmasını düzgün hesab etmirdi. Ən azından ona görə ki, əsl sevgi əbədi və müqəddəs hiss idi və kişiyə görə filosofların, yazıçıların vəsf etdikləri eşq, məhəbbət sadəcə istək, instinktlər üzərində qurulmuş kişi-qadın münasibətlərini estetikləşdirmək cəhdindən başqa bir şey deyildi. Bəlkə elə buna görə bu kitab, şeir sevgisinə inanmır və özü də sevməyi bacarmırdı. Amma qəribədir ki, qadının sözlərində bir istilik vardı və onun buza dönmüş ruhu bu istiliyi hiss edirdi.

Kişi bir gün sevgi barədə düşündüklərini qadına açdı. Qadın qəribə cavab verdi: "Eybi yoxdur, mən sizə sevməyi, sizsə mənə həyatı öyrədərsiniz".

Beləliklə, onlar bir-birilərinin həyatına daxil oldular.

Bir müddət sonra zəngləşib bir- birilərinin canlı səslərini eşitdilər, video ünsiyyətdə oldular.

Kişi görürdu ki, bu gözəl qadın 25 il sadəcə öhdəsinə düşən qadınlıq borcunu yerinə yetirmək məcburiyyəti qarşısında fərəhsiz, sevgisiz bir ömür yaşayıb. Amma ona rast gələndən çiçək kimi açıb, tamam başqa adam olub.

Görəsən, nəyə görə? Nə görmüşdü qadın onda?

Zaman keçdi. Gündəlik yazışmalar, gecə saatlarında uzun səsli mesajlar, bəzən incə zarafatlar... Artıq "siz"dən "sən"ə keçmişdilər. Qadın bir gün yazdı:

- Sən uzaqdasan, amma səsin, nəfəsin ruhuma toxunur...

Kişi o an diksindi. Bu sözlər ona yad deyildi. Amma istəmirdi ona ünvanlana, onun haqqında deyilə. Sevgi hissi ona yad idi, qulağı belə sözlərə alışmamışdı. Amma qadınla danışdıqca, onun səsinə qulaq asdıqca, fikirlərini oxuduqca getdikcə özünü itirdiyini hiss edirdi. Onun yoxluğunda darıxırdı.  

Qadın bir dəfə zarafatla soruşdu:

- Düzünu de, sən də mənə bağlanmısan?

Kişi:

- Mən sənin içində olan boşluğa bağlanmışam. - dedi. - Çünki o boşluğun davamı mənim içimdədir. Elə bil biz ikibiz ikimiz bir ömürü birlikdə yaşamışıq.

Əvvəllər qadın onu dəhşətli dərəcədə qısqanırdı - kişinin paylaşımları altındakı "bəyəndim" işarələrinə görə hay-küy qaldırır, hətta bəzən ağlayırdı. Və kişi də hiss edirdi ki, get-gedə bu qadına təkcə ruhən yox, həm də gözəl, yaraşıqlı bir qadın kimi bağlanır, onsuz darıxır.

Qadın bir dəfə videozəng açdı. Səsi titrəyirdi, gözləri yaşla dolu idi. Üz-üzə dayanıb heç nə demədilər. Sadəcə baxışdılar. Uzaqdan baxışmaq... real toxunuşdan daha gözəl idi. Onlar arasında fiziki təmas olmasa da, ruhlarının toxunuşu sanki hər ikisini titrədirdi.

Bir gecə qadın dedi:

- Kaş illər əvvəl tanış olaydıq və mən səndən bir uşaq doğaydım. Onda xoşbəxt olardım. Təkcə onu qucaqlayanda sənin nəfəsini, ətrini hiss edəcəyinə görə yox, həm də sənə aid olan bir varlığı, sənin nişanəni bu dünyaya gətirəcəyimə görə.

Bu cümlə kişinin içindəki bütün səssizliyi dağıtdı, oradakı boşluğu silkələdi. İlk dəfə qadının səsinə cavab olaraq pıçıltı ilə dedi:

- Qəribədir, min kilometrlərlə məndən uzaqdasan, amma səni düşünəndə ruhum isinir.

Bu, onlar arasında əsaslanmayan ruhani təmas kimi şey idi. Münasibətləri elə bir səviyyəyə çatmışdı ki, sanki toxunuşa ehtiyac qalmamışdı. Onlar bir-birinin ruhuna toxunurdular - hər gecə, hər mesajda, hər baxışda...

Amma zaman keçdi. Qadının mesajları azaldı. Zəngləri gecikdi. Və kişi başa düşdü. Başa düşdü ki, həyatın amansız gerçəklikləri şairlərin, yazıçıların pafosla vəsf elədikləri sevgidən qat-qat güclüdür: gerçəklik heç də həmişə sevginin əlindən tutub başını sığallamır, bəlkə də əksinə, ona hədd, limit qoyur və indi illər sonrası bu iki şəxsin arasında yaranan o ülvi hisslər gerçəkliyi yenmək gücündə deyil. Evdə ailə, uşaqlar, gündəlik qayğılar, sosial qorxular, tənə, qınaq sindromları bu sevginin qarşısında keçilməz bir divar kimi dayanırdı.

Kişi yazdı:

- Mənə niyə əvvəlki kimi yazmırsan?

Qadın bir neçə gün sonra cavab verdi:

"Səni sevirəm. Amma getdikcə daha çox darıxıram. Bu darıxmaq məni boğur. Həyatım parçalanır, hissələrə bölünür. Səni sevdikcə isə qorxuram, səndən daha uzaqlaşıram. Və bu qorxu, bu uzaqlıq məni məhv edir".

Bu, son idi. Sükutun içində yazılmış vidalaşma. Qadın bir cümlə ilə bitirdi:

"Məni unutma. Amma bil ki, səni bu dünyada mənim qədər sevən olmayıb və olmayacaq..."

Kişi cavab yazmadı. Bilirdi ki, o, qadını sevdiyi kimi, qadın da onu sevmişdi. Amma sevgidən daha güclü olan reallıq bu sevgini uddu...

Son bir cümlə yazıb göndərdi: "Sevgi bizi əvvəlcə yaxınlaşdırdı, sonda isə ayırdı... çünki o, qalib gəlməyə yetərli deyildi".

Uzun müddət ekrana baxdı - sanki qadının qayıdacağını gözləyirdi.

Amma ekran susurdu.

O, pəncərəyə yaxınlaşdı. Çöldə  asta-asta qar yağır, qar dənələri sanki torpaqla təmasa - ona  toxunaraq əriməyə tələsirdi. Fikirləşdi ki, sevgi deyilən şey də elə qarın torpağa can atması kimi bir şeydir, həyatımıza gec daxil olan ən vacib insanlar da məhz buna görə bizi bax beləcə tərk edir, bir gün əriyib yox olurlar.

"O, mənə sevməyi öyrətdi, mənsə ona yaşamağı öyrətmək istəyirdim.  Amma bəlkə da məhz məhəbbət yeganə həyatdır ki, biz onu bir-birimizə bağışlaya bilirik".

Qadının titrək, yumşaq səsi yenə qulaqlarında səsləndi: "Mən səni sevirəm". Diksinib geri çevrildi - otaq boş idi.

Amma bu boşluq daha onu qorxutmadı, sanki içindəki boşluq sinəsindən çıxıb otağa yayılmışdı. Orda isə qadının əbədi, isti nəfəsi yaşayırdı.

Ola bilsin ki, onlar daha heç vaxt bir-birlərinə heç nə yazmayacaqdılar. Lakin yüz kilometrlər uzaqda qadın hər axşam səmaya, bədirlənmiş Aya baxanda biləcək ki, kişi də ora baxır və parlaq Ay, sonsuz səma onların baxışlarını yenə də bir-birinə qovuşdurur.

Bundan sonra isə məhəbbət limiti bitir və sonsuzluq başlayır...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
133
525.az

1Источники