RU

Nankorluğun cavabı Azərbaycanın köməyinə qarşı PUA lar?

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Yaxın tarix göstərir ki, dövlətlər arasında münasibətlər təkcə siyasi bəyanatlarla deyil, həm də çətin günlərdə göstərilən dəstək və həmrəyliklə ölçülür. Azərbaycan uzun illərdir ki, regionda qonşuluq münasibətlərinə və humanitar prinsiplərə sadiq qalmağa çalışır. Lakin son günlər Naxçıvan Muxtar Respublikasında baş verdiyi bildirilən hadisə bu münasibətlərin mahiyyəti barədə ciddi suallar doğurur.

Məlumatlara görə, Naxçıvan aeroportuna zərbələr endirilib və Babək rayonunun Şəkəkabad kəndində yerləşən məktəbin yaxınlığında pilotsuz uçuş aparatı partlayıb. Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına əsasən, hadisə İran ərazisindən havaya qalxmış dörd pilotsuz uçuş aparatının hücum cəhdi ilə əlaqələndirilir. Hadisənin təfərrüatları hələ araşdırılsa da, belə bir iddianın özü belə ciddi narahatlıq yaratmağa kifayətdir.

Bu iddialara münasibət bildirən İran Xarici İşlər Nazirliyinin müavini Kazem Qaribabadi bildirib ki, Tehran qonşu ölkələrə hücum etmir və hadisə barədə məlumatı mediadan eşidib. O, məsələni araşdıracaqlarını və daha sonra mövqe bildirəcəklərini qeyd edib. Lakin burada əsas məsələ təkcə diplomatik açıqlamalar deyil. Azərbaycan illərdir müxtəlif böhran anlarında İrana humanitar və logistik dəstək göstərib. Xüsusilə təbii fəlakətlər və digər çətin vəziyyətlər zamanı Bakı humanitar yardım, logistika və regional əməkdaşlıq baxımından dəfələrlə konstruktiv mövqe nümayiş etdirib. Qonşuluq münasibətlərinin ruhu da məhz belə addımlar üzərində qurulur.

Bu baxımdan, əgər Naxçıvanda baş verən hadisə həqiqətən də İran ərazisindən qalxmış pilotsuz uçuş aparatları ilə bağlıdırsa, bu, yalnız təhlükəsizlik məsələsi deyil, həm də siyasi və mənəvi sualdır. Azərbaycanın göstərdiyi xoş niyyət və dəstəyə qarşı belə bir vəziyyətin yaranması ən azı ciddi izahat tələb edir.

Unutmaq olmaz ki, Naxçıvan xüsusi geosiyasi mövqeyə malik bölgədir. Naxçıvan Muxtar Respublikası həm regional təhlükəsizlik, həm də kommunikasiya xətləri baxımından strateji əhəmiyyət daşıyır. Belə bir ərazidə hərbi xarakterli insidentlərin baş verməsi regionda onsuz da həssas olan balansı daha da gərginləşdirə bilər.

Əlbəttə, faktların tam aydınlaşdırılması vacibdir. Diplomatiyada emosiyalar yox, sübutlar danışmalıdır. Lakin bir həqiqət də var ki, dostluq və qonşuluq münasibətləri qarşılıqlı hörmət və etimad üzərində qurulur. Əgər bu etimad zədələnirsə, onu bərpa etmək təkcə sözlərlə deyil, real addımlarla mümkün olur.

Azərbaycanın illərlə göstərdiyi yardım və xoş niyyətin qarşılığının təhlükəsizlik narahatlığı ilə müşayiət olunması isə ictimai rəydə haqlı olaraq belə bir sual yaradır ki, doğrudanmı Azərbaycanın köməyinin cavabı bu olmalı idi?

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
bizimyol.info

1Источники