RU

"Ədalət mühakiməsi hüququ" adlı dərs vəsaiti təqdim edilib

Bakı, 6 mart, AZƏRTAC

Martın 6-da Bakı Apellyasiya Məhkəməsində "Ədalət mühakiməsi hüququ" adlı dərs vəsaitinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, dərs vəsaiti Azərbaycanda ədalət mühakiməsinin bir sıra nəzəri və praktiki aspektlərinə həsr edilib. Onun məzmununda ədalət mühakiməsinin anlayışı, müasir məhkəmə-hüquq islahatları, ədalət mühakiməsində informasiya texnologiyalarının, rəqəmsallaşmanın və süni intellekt sistemlərinin perspektivləri, əsas müddəalar, ədalətli məhkəmə araşdırması hüququna dair ümumi və xüsusi institusional və prosessual təminatlar, Azərbaycan Respublikasının məhkəmə sistemi, hakimlərin və ədalət mühakiməsinin iştirakçılarının hüquqi statusu, Məhkəmə-Hüquq Şurasının statusu və fəaliyyəti istiqamətləri, həmçinin ədalət mühakiməsinin etik aspektləri tələbələrin asan anlaya biləcəyi tərzdə izah edilib.

Vəsaitdən tələbələrlə yanaşı, hakimlər, vəkillər, hüquq-mühafizə orqanları əməkdaşları, elmi tədqiqatçılar və ədalət mühakiməsi ilə maraqlanan digər şəxslər də istifadə edə bilərlər.

Kitabın təqdimatında çıxış edən Məhkəmə-Hüquq Şurasının aparat rəhbəri Kərəm Mansurov bildirib ki, istənilən dövlətin gücü təkcə siyasi, iqtisadi imkanlardan deyil, eyni zamanda, ədalət mühakiməsinə olan inamdan asılıdır. Son illərdə ölkəmizdə ədalət mühakiməsinə olan inam gündən-günə artırılır. O, "Ədalət mühakiməsi hüququ" adlı dərs vəsaitinin həm akademik, həm də praktik vəsait olduğunu diqqətə çatdırıb.

Dərs vəsaitinin müəllifi, Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova vəsaitin yeddi fəsildən ibarət olduğunu diqqətə çatdırıb. O, çıxışında hakimiyyət qollarının bir-biri ilə qarışılıqlı əlaqədə fəaliyyət göstərdiyini, bütün hallarda qanunun aliliyinə riayət edilməli olduğunu vurğulayıb.

Kitabın müəlliflərindən olan hüquq üzrə fəlsəfə doktoru Fərdin Xəlilov çıxışında dərs vəsaitində müzakirələrə açıq məsələlərin olduğunu qeyd edib. Vəsaitdə hakimlərin peşə bayramının təsis olunması və Konstitusiyada Məhkəmə-Hüquq Şurasının konstitusion statusda təsbit edilməsi təklif olunub.

Kitabın digər müəlliflərindən olan Ayxan Rüstəmzadə alimlərlə istehsalat sahəsinin birgə fəaliyyətinin vacibliyindən söz açıb. Qeyd edib ki, ədalət mühakiməsi olan yerdə dövlət qüdrətli olacaq.

Təqdimat dərs vəsaiti ətrafında müzakirələrlə davam edib.

Müxbir- Günel Türksoy

Fotoqraf - Orxan Kərimov

Videooperator - Ələkbər Baxşiyev

Избранный
47
2
azertag.az

3Источники