...Müharibəni riyaziyyata bənzətsək, burada dəqiq hesablar aparılmadan böyük bir dövlətin təsadüfi addımlar atdığını düşünmürəm...
...Nə yeni dini lider seçmək, nə sağa-sola dron hücumları onun potensialını gücləndirəcək...
ABŞ Prezidenti Donald Trampın İranla bağlı irəli sürdüyü əsas tezis indiki vəziyyətdə belədir ki, ya anlaşılacaq, ya da mövcud rejim sıradan çıxarılana qədər müharibə davam edəcək. Bu tezis ətrafında müəyyən şərhlər, açıqlamalar verilir. Bəzi hallarda Trampın çıxışlarında məyusluq olduğu, ABŞ-nin növbəti strateji səhvi, uğursuzluq kimi dəyərləndirmələrin də şahidi oluruq. İrana qarşı aparılan müharibəni ABŞ üçün “ikinci Vyetnam” hesab edənlər də var. Düşünürəm ki, məsələyə emosional yanaşmaq doğru deyil. Vyetnam müharibəsində ABŞ-nin rəqibi Sovetlər Birliyi və Çin idi. Bu gün İranda da Rusiya və Çinin mövcud maraqları bu fikrin gündəmə gəlməsinə təsir edir. Lakin bu gün nə Rusiya o gücdədir, nə də Çin aktiv müdaxilədə maraqlıdır.
Məsələnin əsas tərəfinə gəldikdə isə müharibəni riyaziyyata bənzətsək, burada dəqiq hesablar aparılmadan böyük bir dövlətin təsadüfi addımlar atdığını düşünmürəm. ABŞ kimi qüdrətli və dünyanın birinci dövləti strateji bir əməliyyata başlayarkən təsadüfi və ya hesablanmamış addım atmır.
ABŞ-nin hərbi, texnoloji gücü, müttəfiqlərinin sayı onu göstərir ki, bu qarşıdurma Tramp hakimiyyəti üçün “ikinci Vyetnam” olacaq resurslara malik deyil. Təbii ki, müqayisədə uyğun məqam prosesin müddət baxımından daha uzun zaman olma ehtimalıdır. Lakin bütün hallarda strateji ehtiyatlar, hərbi güc ABŞ-dədir.
İran isə əksinə illərdir davam edən təcridlərlə, qonşuluq prinsiplərinə hörmətsizliklə çətin durumdadır. İllərlə davam edən sanksiyalar, daxili sosial vəziyyyət, iqtisadi çöküş, zaman-zaman teokratik rejimin öz əhalisinə qarşı apardığı siyasət İranın bu müharibədə uzun müddət tab gətirməyəcəyini göstərir. Nə yeni dini lider seçmək, nə sağa-sola dron hücumları onun potensialını gücləndirəcək.
Buna görə də düşünürəm ki, İranın artıq bütün şansları tükənir. Qərblə siyasi razılaşmaya getməsə, yeni siyasi nəticələrlə üzləşəcək.
Bu baxımdan ABŞ-İran müharibəsində "ikinci Vyetnam" ssenarisi istisnadır.
Rəfail Becanov