RU

Deputat: Bu, İran rejiminin riyakarlığının növbəti təzahürüdür

Yazını böyüt
Yazını kiçilt

Bu siyasət Tehran hakimiyyətinin azərbaycanlılara qarşı münasibətinin nə qədər qərəzli olduğunu göstərir"

Milli Məclisin deputatı Jalə Əliyeva Naxçıvan Muxtar Respublikasında mülki infrastrukturu hədəf alan dron hücumunu qətiyyətlə pisləyib. O bildirib ki, İran ərazisindən həyata keçirilən bu hücum təkcə Azərbaycana deyil, bütövlükdə regionun təhlükəsizliyinə yönəlmiş açıq təxribatdır.

Bu istiqamətdə Hafta.az-a açıqlama verən Jalə Əliyevanın sözlərinə görə, mülki obyektlərin hədəf alınması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və İran rejiminin riyakarlığını bir daha ortaya qoyur.

“Regionumuz yenə təhlükəli bir hadisə ilə üz-üzə qalıb. İran İslam Respublikası ərazisindən həyata keçirilmiş və Naxçıvan Muxtar Respublikasında mülki infrastrukturu hədəf alan dron hücumu təkcə Azərbaycana qarşı deyil, bütövlükdə regional təhlükəsizliyə yönəlmiş açıq təxribatdır. Bu hadisə qətiyyətlə pislənilməli və beynəlxalq ictimaiyyət tərəfindən ciddi şəkildə qiymətləndirilməlidir. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi molla rejiminin əsl mahiyyətini bir daha üzə çıxardı. Bu, riyakarlıq və nankorluğun açıq göstəricisidir. Çünki eyni rejim bir tərəfdən qonşuluq münasibətlərindən danışır, digər tərəfdən isə Azərbaycanın mülki obyektlərini hədəf alır. Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, hücum mülki infrastruktura qarşı yönəlib. Mülki obyektlərə dron hücumu təşkil etmək nə hərbi güc, nə də siyasi qətiyyət deməkdir. Bu, sadəcə acizlik və qorxaqlığın təzahürüdür. Silahsız insanların istifadə etdiyi obyektləri hədəf almaq beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır”, J.Əliyeva bildirib.

Deputat vurğulayıb ki, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq öz təhlükəsizliyini qorumaq və müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

J.Əliyeva qeyd edib ki, Azərbaycan ərazisinə edilən bu hücum həm də regionda gərginliyi süni şəkildə artırmağa xidmət edir:

"Cənubi Qafqaz onsuz da uzun illər münaqişələr və gərginliklərlə üzləşmiş bir regiondur. Belə bir zamanda bu cür addımlar yalnız sabitliyi pozmaq və qarşıdurma yaratmaq məqsədi daşıyır. Halbuki Azərbaycan hər zaman qonşuluq münasibətlərinə sadiq qalan dövlət olub. Azərbaycan ərazisindən İran və ümumilikdə heç bir ölkə üçün heç vaxt təhlükə olmayıb və bu gün də yoxdur. Azərbaycanın xarici siyasətində əsas prinsiplərdən biri qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətlərinin qorunmasıdır.

Bu siyasətin ən bariz nümunələrindən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən nümayiş etdirilən mövqedir. İranın Ali Liderinin vəfatı ilə bağlı dövlət başçısı dərhal başsağlığı verib, İran səfirliyini ziyarət edərək Azərbaycan xalqının həmrəyliyini ifadə edib. Bu addım Azərbaycanın humanist və səmimi münasibətinin göstəricisi idi.

Azərbaycan heç vaxt riyakar siyasət yürütməyib. Əksinə, çətin günlərdə qonşularına dəstək göstərən ölkə kimi tanınıb. Hətta son hadisələrdən əvvəl Azərbaycan tərəfi İrana humanitar yardım göndərməyi də planlaşdırırdı. Belə bir şəraitdə İran tərəfinin Naxçıvan ərazisində mülki obyekti – mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəf alması dinc insanlara və mülki infrastruktura qarşı terror aktı kimi qiymətləndirilməlidir”.

J.Əliyeva İran rejiminin öz ölkəsində yaşayan milyonlarla azərbaycanlıya qarşı münasibətinə diqqət çəkib. Deputat qeyd edib ki, bu rejim uzun illərdir azərbaycanlılara qarşı ayrı-seçkilik siyasəti yürüdür, soydaşlarımızı bir çox hüquqlardan məhrum edir, milli fəalları təqib və cəzalandırır:

"Bu siyasət Tehran hakimiyyətinin azərbaycanlılara qarşı münasibətinin nə qədər qərəzli olduğunu göstərir. Tarix dəfələrlə sübut edib ki, Azərbaycana qarşı düşmən mövqeyi tutanlar sonda peşman olublar. Azərbaycan güclü dövlətdir və öz təhlükəsizliyini qorumağa qadirdir. Heç kim Azərbaycanın ərazi bütövlüyünü və təhlükəsizliyini təhdid edə bilməz. Bu səbəbdən də Azərbaycan tərəfi beynəlxalq hüquqa uyğun olaraq müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Bu hücum aktları cavabsız qalmayacaq. Azərbaycan öz milli maraqlarını və vətəndaşlarının təhlükəsizliyini qətiyyətlə müdafiə edəcək. Regionda sülh və sabitlik yalnız qarşılıqlı hörmət və məsuliyyətli siyasət nəticəsində mümkündür. İran tərəfi isə bu təhlükəli addımın məsuliyyətini dərk etməli, baş vermiş hadisəyə dərhal aydınlıq gətirməli və belə halların bir daha təkrarlanmaması üçün ciddi tədbirlər görməlidir”.

Избранный
23
hafta.az

1Источники