RU

Fars-molla nə qədər dözə biləcək? – 7-ci günün ƏSAS sualı

“Beynəlxalq hüquq ABŞ-ın avantürist hərəkətləri ilə məhv edilir. Venesuelada hərbi əməliyyat, indi isə İranda. Zəngin və təbii sərvətləri çox olan ölkələr üçün özlərini qorumağın yeganə yolunun nüvə silahları və onların çatdırılma sistemləri əldə etmək olduğu aydınlaşır”.

Bunu rusiyalı hərbi analitik İqor Korotçenko deyib.

“Fars körfəzi monarxiyaları əvvəllər ABŞ bazalarını yerləşdirməyə və fors-major hallarına qarşı zəmanət olaraq Amerika hava hücumundan müdafiə sisteminə güvənirdi. Amma indi görürük ki, Amerika “Patriot” sistemləri həm ABŞ bazalarının, həm də Körfəz ölkələrinin ərazilərinin müdafiə sistemini sıradan çıxarır. Buna görə də nüvə silahına sahib olmaq təhlükəsizliyini təmin etməyin yeganə alternativi olaraq qalır”, - o bildirib.

İqor

Digər rusiyalı politoloq Marat Başiriv isə deyib ki, əgər İran daha bir həftə dözsə, ona beynəlxalq dəstək artacaq və bu, ABŞ üçün məğlubiyyət olacaq. Əvvəla, Rusiyanın özü 5 ildir ki, Ukraynaya hərbi təcavüz etməklə beynəlxalq hüququ ayaqaltı edib. İstənilən halda, Korotçenko haqlımı? Doğrudanmı İrana qarşı hərbi əməliyyatlar ölkələrin nüvə silahına can atmağa ciddi şəkildə həvəsləndirəcək? Və müharibənin 7-ci gününün əsas sualı: hərbi resurslar baxımından İran daha nə qədər dözə biləcək? Bu arada "Politico" nəşri ABŞ Müdafiə Nazirliyinin daxili sənədinə istinadən belə bir məlumat yayıb ki, Amerika İrana qarşı hərbi əməliyyatın ən azı 100 gün, hətta ehtimal ki, sentyabrın sonuna kimi davam edəcəyini nəzərə alaraq hazırlıqlara başlayıb.

Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a deyib ki, İran ətrafında cərəyan edən son hərbi-strateji proseslər və bunun qlobal təhlükəsizlik arxitekturasına təsiri müasir dövrün ən kritik geosiyasi sınağıdır:

“Rusiyalı analitiklərin qeyd etdiyi "nüvə silahına canatma" meyli artıq sadəcə nəzəri bir ehtimal deyil, bir çox regional güclər üçün yeganə çıxış yolu kimi görünməyə başlayıb. Bu yanaşmanın kökündə dayanan əsas amil ondan ibarətdir ki, beynəlxalq təşkilatlar və diplomatik zəmanətlər böyük dövlətlərin birbaşa hərbi müdaxiləsi qarşısında aciz qalır. Xüsusilə ərəb ölkələri kimi zəngin təbii resurslara malik ölkələr öz ərazi bütövlüklərini qorumaq üçün konvensional silahların və hava hücumundan müdafiə sistemlərinin, o cümədən Amerika istehsalı olan "Patriot" komplekslərinin mütləq qoruyucu olmadığı qənaətinə gəlirlər. Bu vəziyyət dövlətləri daha radikal və qarşısıalınmaz bir addıma – nüvə çətiri yaratmağa sövq edir”.

Səxavət

Hərbi ekspertin sözlərinə görə, müharibənin hərbi resurslar baxımından gedişatı göstərir ki, İranın dözümlülük imkanları hazırda ciddi sınaq qarşısındadır:

“Yeddi günlük intensiv bombardmanlar nəticəsində İranın rəsmi hərbi infrastrukturu, raket bazaları və hava hücumundan müdafiə şəbəkəsi əhəmiyyətli dərəcədə zərər görüb. Ancaq İranın əsas müdafiə strategiyası açıq cəbhə döyüşünə söykənməyib. Tehranın əlindəki ən böyük rıçaq regiona yayılmış proksi qüvvələr və asimmetrik müharibə imkanlarıdır. Əgər münaqişə "Politico" nəşrinin iddia etdiyi kimi yüz gün və ya daha çox çəkərsə, bu, ABŞ üçün hərbi zəfərdən ziyada, siyasi və iqtisadi bir bataqlığa çevrilə bilər”.

Cavanşir ABBASLI
Musavat.com

Избранный
86
musavat.com

1Источники