Müharibələr təkcə siyasi və hərbi sahəyə deyil, cəmiyyətin bütün sahələrinə, o cümlədən təhsil sisteminə ciddi təsir göstərir. Silahlı münaqişələr zamanı bir çox ölkədə məktəblər bağlanır, dərslər dayandırılır və şagirdlərin təhlükəsizliyi əsas prioritetə çevrilir. Bu kimi hallarda minlərlə şagird və müəllim təhsil prosesindən müvəqqəti uzaq qalmalı olur. Dünyanın müxtəlif bölgələrində baş verən müharibələr də təhsil sistemində oxşar fasilələrə səbəb olub.
Suriyada 2011-ci ilin mart ayında başlayan və hazırda da davam edən müharibə hökumət qüvvələri ilə müxtəlif silahlı qruplar arasında baş verən silahlı qarşıdurmadır. Suriyada hökumət əleyhinə etiraz aksiyaları 2011-ci il martın 15-də başlamış və aprel ayında bütün ölkəyə yayılmışdır. Müharibə zamanı isə ölkədə təhsil prosesi ciddi şəkildə pozulmuş və bir çox məktəblər fəaliyyətini dayandırmışdır.
24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu ilə hazırda da davam edən müharibə başlayıb. Müharibənin gedişatı zamanı Ukraynada bir çox məktəb və universitet bağlanıb.
7 oktyabr 2023-cü ildə HƏMAS qruplaşmasının İsrailə hücumu ilə münaqişə başlamışdır. Buna cavab olaraq İsrail oktyabrın 27-də HƏMAS-ın nəzarətində olan Qəzza zolağına genişmiqyaslı hücum edib və 2024-cü ilin may ayının sonuna kimi Misirlə sərhəddəki Filadelfi dəhlizi də daxil olmaqla ərazinin böyük hissəsini nəzarətə götürüb. Münaqişəyə görə Qəzzada məktəblər fəaliyyətini dayandırmışdı. 2025-ci ildə isə məktəblər yenidən fəaliyyətə başlayıb.
28 fevral 2026-cı ildə İsrail və Amerika Birləşmiş Ştatları İranın müxtəlif hədəflərinə qarşı birgə hücum həyata keçirib. Martın 1-də İranda Minab şəhərinə edilən hücum nəticəsində 160-a yaxın məktəbli həlak olub. Həmçinin, İranda məktəb və universitetlərin fəaliyyəti dayandırılıb.
Eyni zamanda, İsrail İranın raket hücumlarına cavab olaraq ölkə üzrə fövqəladə vəziyyət elan edib və bu səbəbdən məktəblər və bir çox iş yerləri bağlanıb.
AzEdu.az müharibələrin təhsilə olan təsirlərini öyrənmək məqsədilə deputat Ceyhun Məmmədovun fikirləri öyrənib.

Müharibələrin uşaqların psixologiyasına təsiri çox güclü olur:
“Ümumiyyətlə, hər hansı bir ölkədə müharibə baş verərkən müxtəlif tərəflər və strukturlar bundan əziyyət çəkir. Binalar dağıdılır, məktəblər zərər görür və digər xoşagəlməz hallar baş verir. Bu baxımdan prosesə diqqətlə baxdıqda müharibələr zamanı təhsil müəssisələrinin də ciddi zərər gördüyünü müşahidə edirik.
Bu, olduqca ciddi məsələ və problemdir. Dünyada müharibələr ilk dəfə baş vermir və tarix boyu belə halların şahidi olmuşuq. Ümumiyyətlə, müharibələrin uşaqların psixologiyasına təsiri çox güclü olur. Məsələn, Naxçıvana hücum zamanı yayılan videolardan da görünürdü ki, uşaqlar böyük həyəcan və qorxu keçiriblər. Biz bu cür vəziyyətləri daha əvvəl də yaşamışıq. Qarabağın və digər ərazilərimizin işğalı dövründə çoxsaylı evlərimiz, məktəblərimiz dağıdılıb. Qarabağ bölgəsində yüzlərlə məktəb və təhsil infrastrukturu ciddi zərər görüb”.
Belə vəziyyətlər uşaqların normal təhsil mühitinə də ciddi təsir göstərir:
“Bu gün oxşar vəziyyəti Suriyada da görmək mümkündür. Hətta Azərbaycan Suriyada məktəb infrastrukturunun qurulmasına və bərpasına dəstək göstərir, bu istiqamətdə vəsait ayırır. Bütün bunlar göstərir ki, müharibə dövründə təhsil sahəsi hər zaman zərər çəkən sahələrdən biri olur.
Belə vəziyyətlər uşaqların normal təhsil mühitinə də ciddi təsir göstərir. Həm psixoloji baxımdan, həm də təhsil prosesində yaranan fasilələr nəticəsində uşaqlar bilikdən və elmdən müəyyən qədər uzaqlaşa bilirlər. Bu isə onların davamlı təhsil alması prosesinə mənfi təsir göstərir”.
Təhsil Eksperti Elçin Əfəndi qeyd edib ki, belə vəziyyətlərdə şagirdlərin təhlükəsizliyi və sağlamlığı əsas məsələyə çevrilir:

“İstənilən halda ölkələr arasında yaranan qarşıdurma müharibə həddinə çatmamalıdır. Çünki müharibə baş verdiyi zaman bir çox sahələr kimi təhsil sahəsi də ciddi zərər görür. Belə vəziyyətlərdə şagirdlərin təhlükəsizliyi və sağlamlığı əsas məsələyə çevrilir, təhsil prosesi isə ya təxirə salınır, ya da ciddi fasilələr yaranır.
Həm hazırkı dövrdə, həm də əvvəlki illərdə müharibələrin gedişində təhsildə uzunmüddətli fasilələrin yarandığını görmüşük. Məsələn, Azərbaycanın Ermənistanın təcavüzünə məruz qaldığı dövrdə 30 il ərzində işğal altında qalan ərazilərdə təhsil müəssisələrinin necə xarabalığa çevrildiyinin şahidi olduq. Həmin ərazilərdə yaşayan vətəndaşların isə respublikanın müxtəlif bölgələrində təhsillərini davam etdirmək üçün böyük çətinliklərlə üzləşdiklərini gördük.
Müharibə zamanı həm infrastruktur baxımından, həm də insanların sağlamlığı və təhlükəsizliyi baxımından ciddi problemlər yaranır. Bəzən hərbi texnika və ya silahların düşməsi nəticəsində təhsil müəssisələri zərər görür, itkilər baş verir. Bu isə böyük itki deməkdir və belə itkilərdən sonra bərpa prosesi çox uzun müddət tələb edir”.
Bu kimi hallar təhsil sahəsinə həm maddi, həm də infrastruktur baxımından ciddi ziyan vurur:
“Hazırda qonşu regionlarda baş verən hadisələrdə də bunun şahidi oluruq. ABŞ, İsrail və İran arasında yaranan qarşıdurma fonunda bəzi qonşu ölkələrdə də çətinliklər yaşanır. Məsələn, körfəz ölkələrinin bəzilərində təhlükəsizlik səbəbindən təhsil prosesi müvəqqəti dayandırılır. Yəni, hər hansı bölgədə baş verən münaqişə təkcə həmin ölkəyə deyil, ətraf ərazilərdə yaşayan insanların da həyatına, o cümlədən təhsilinə təsir göstərir.
Təəssüf ki, bu kimi hadisələr bəzən çox təhlükəli nəticələrə də səbəb olur. Məsələn, bu gün İran tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndində məktəbin yaxınlığına PUA düşməsi ilə bağlı məlumat yayıldı. Nəticədə həmin məktəbdə dərslər dayandırıldı və şagirdlər təxliyə olundu.
Bu kimi hallar təhsil sahəsinə həm maddi, həm də infrastruktur baxımından ciddi ziyan vurur. Ona görə də daha yaxşı olar ki, tərəflər ilk növbədə məsələləri diplomatik yollarla həll etsinlər. Əgər diplomatik yollar nəticə verməzsə və münaqişə silahlı qarşıdurma mərhələsinə keçərsə belə, mülki əhali hədəfə çevrilməməlidir. Xüsusilə də məktəblər və məktəbli şagirdlər belə təhlükələrin hədəfi olmamalıdır. Təhsil müəssisələri bu kimi hallarda neytral məkan kimi qorunmalı, şagirdlərin təhsili və təhlükəsizliyi risk altına düşməməlidir”.