RU

Alimlər xəbərdarlıq edir: Dəniz səviyyəsi gözləniləndən yüksək ola bilər, milyonlarla insan təhlükədədir

ain.az, Bizimyol saytına istinadən bildirir.

İqlim dəyişikliyi nəticəsində dünya okeanının səviyyəsinin yüksəlməsi sahil bölgələri üçün əvvəl düşünüləndən daha böyük təhlükə yarada bilər. Alimlər bu qənaətə yüzlərlə tədqiqat işini analiz etdikdən sonra gəliblər. Bu tədqiqatlar sahil ərazilərinin su altında qalması proqnozlarını əhatə edir.

Bizimyol.info xəbər verir ki, "Science Alert" nəşrinin məlumatına görə, tədqiqatçılar belə nəticəyə gəliblər ki, sahil ərazilərində dəniz səviyyəsinin əsas göstəricisi əvvəlki tədqiqatlarda orta hesabla təxminən 30 santimetr az qiymətləndirilə bilər.

Vaqeninqen Universitetinin hidrogeologiya professoru Filip Minderhaud tədqiqatın həmmüəllifi olaraq bildirib ki, problem sahil və dəniz səviyyəsinin ölçülmə metodlarındakı fərqlərlə bağlıdır. Onun sözlərinə görə, hər iki sistem ayrı-ayrılıqda düzgün işləsə də, torpaq və su sərhədində “metodoloji kor zona” yaranır ki, bu da bəzi amillərin nəzərə alınmamasına səbəb olur.

Çoxlu tədqiqatlarda başlanğıc nöqtəsi kimi “sıfır metr” səviyyəsi götürülürdü. Lakin reallıqda okean dalğalar, qabarma və çəkilmə, axınlar, külək və El-Niño kimi iqlim hadisələrinin təsiri altında daim dəyişir. Xüsusilə Hind-Sakit okean hövzəsində hesablamalar ilə faktiki su səviyyəsi arasındakı fərq bir metrə qədər çatır.

Yeni hesablamalara görə, əgər XXI əsrin sonuna qədər okeanın səviyyəsi bir metrdən çox yüksələrsə, su altında qalacaq ərazilərin sahəsi əvvəlki proqnozlardan təxminən 37% daha böyük ola bilər. Bu halda əlavə olaraq 77–132 milyon insan təhlükə altında olacaq.

Ən böyük fərq əvvəlki və yeni qiymətləndirmələr arasında Cənub-Şərqi Asiya ölkələri və Sakit okean adalarında qeydə alınıb. Bu bölgələrdə əhali artıq iqlim dəyişikliyinin təsirləri ilə üzləşir. Potsdam İqlim Təsirləri Tədqiqat İnstitutunun klimatoloqu Anders Levermann bildirib ki, bu bölgələrdə ekstremal daşqın riski əvvəl düşünüləndən xeyli yüksək ola bilər.

Sakit okean adalarının sakinləri artıq dəyişiklikləri müşahidə edirlər. Məsələn, Vanuatu arxipelaqında sahil xətti tədricən geri çəkilir, çimərliklər dağıdır və bəzi evlər yalnız bir neçə metr məsafədə yerləşir. Bəzi sahələrdə isə sahil yolları müntəzəm su basması səbəbindən adaların dərinliklərinə köçürülüb.

Buna baxmayaraq, bəzi mütəxəssislər problemin miqyasının qismən şişirdilmiş ola biləcəyini düşünür. Fransız Geoloji Xidmətinin tədqiqatçısı Goneriy Le Kozanne qeyd edib ki, ölçmələrdəki çatışmazlıqlar alimlər tərəfindən uzun müddətdir məlumdur və sahil infrastrukturu planlaşdırılarkən nəzərə alınır.

Ekspertlər vurğulayırlar ki, daha dəqiq dəniz səviyyəsi məlumatları hökumətlər və şəhərlər üçün qoruyucu tədbirlər planlamaq və iqlim dəyişikliyinə uyğunlaşmaq baxımından həyati əhəmiyyət kəsb edir. Əsas hesablamalardakı səhvlər risklərin proqnozlaşdırılmasına və müdafiə layihələrinin maliyyətinə ciddi təsir göstərə bilər.

Yeni nəticələr UNESCO-nun yaxın zamanda açıqladığı hesabat fonunda ortaya çıxıb. Hesabatda da dünya okeanındakı proseslər barədə mövcud bilik boşluqları vurğulanır.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
83
19
bizimyol.info

10Источники