ABŞ müdafiə naziri bildirib ki, Vaşinqtonun İrana qarşı hərbi əməliyyatları əvvəlki müharibələrdə tətbiq olunan məhdud qaydalarla aparılmayacaq...
Poliqon xəbər verir ki, bu barədə Pete Heqseth bildirib. Onun sözlərinə görə, ABŞ ordusu Irana qarşı həyata keçirilən hərbi əməliyyat zamanı əvvəlki dövrlərdə tətbiq olunan “siyasi korrektlik” prinsipləri və məhdudlaşdırıcı döyüş qaydaları ilə bağlı məhdudiyyətlərdən istifadə etməyəcək.
ABŞ müdafiə naziri qeyd edib ki, keçmiş müharibələrdə tətbiq olunan yanaşmalar ordunun fəaliyyətini ciddi şəkildə məhdudlaşdırırdı. O bildirib ki, həmin əməliyyatlarda məqsədlər qeyri-müəyyən olur və gücdən istifadə qaydaları minimal səviyyədə saxlanılırdı.
“Keçmişin axmaq və siyasi korrekt müharibələri burada etdiyimizin tam əksidir. O müharibələrdə məqsədlər qeyri-dəqiq idi və gücdən istifadə üçün çox məhdud qaydalar tətbiq olunurdu. Artıq belə olmayacaq. Bizim səlahiyyətlərimiz, prezidentin səlahiyyətləri və Mərkəzi Komandanlığın prezident və mənim tərəfimdən verilmiş səlahiyyətləri maksimum səviyyədə istifadə olunur”, deyə Pentaqon rəhbəri bildirib. Onun sözlərini Sky News telekanalı sitat gətirib.
Məlumata görə, 4 mart tarixində Pentaqon rəhbəri İrana qarşı həyata keçirilən hərbi əməliyyatın yeni mərhələsinin başladığını elan edib. Bu mərhələnin əsas məqsədi İran üzərində hava məkanına tam nəzarətin təmin edilməsidir.
Eyni zamanda, Dan Caine bildirib ki, ABŞ ordusu zərbələri əvvəlki mərhələlərlə müqayisədə daha dərin hədəflərə yönəldəcək. Onun sözlərinə görə, bu taktika ABŞ qüvvələrinə regionda daha geniş manevr imkanları yaratmaq məqsədi daşıyır.
Hərbi ekspertlər qeyd edirlər ki, ABŞ rəhbərliyinin bu cür açıqlamaları Vaşinqtonun İrana qarşı əməliyyat strategiyasında daha sərt və genişmiqyaslı yanaşmaya üstünlük verəcəyinə işarə edir. Analitiklərin fikrincə, hava məkanına nəzarətin əldə olunması regiondakı hərbi balans və əməliyyat imkanları baxımından mühüm strateji əhəmiyyət daşıyır.
Poliqon.info