Bolqarıstanın aparıcı media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin İranın Naxçıvan ərazisinə hücumları ilə bağlı çıxışına geniş yer veriblər.
AZƏRTAC xəbər verir ki, “Epicenter.bg”, Dir.bg”, “Actualno.com” xəbər portalları Prezident İlham Əliyevin Azərbaycanın suverenliyinə qarşı yönəlmiş bu hadisəni terror aktı kimi qiymətləndirdiyini və rəsmi Tehrandan izahat tələb etdiyini vurğulayırlar.
Yazılarda qeyd olunur ki, Azərbaycan lideri hücum nəticəsində mülki ərazilərin və infrastrukturun təhlükə altına düşdüyünü vurğulayaraq, belə hadisələrin regionda təhlükəsizliyə ciddi təhdid yaratdığını bildirib.
Prezident İlham Əliyevin Azərbaycanın təhlükəsizliyinin qorunması üçün lazımi addımlar atacağını bildirdiyi xüsusi qeyd olunur. Hadisədən sonra Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyi də xüsusi vurğulanıb.
Bolqarıstanın televiziya kanalı “Nova TV”, həmçinin nüfuzlu “24 Chasa” qəzeti də hadisədən sonra Bakının cavab tədbirləri görə biləcəyini bildiriblər.
Qeyd olunub ki, Azərbaycan rəhbərliyi baş verən hadisəni ciddi təhlükəsizlik insidenti kimi qiymətləndirir və regionda sabitliyin qorunması üçün beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə yönəldir.