RU

Naxçıvana dron hücumu İranın açıq terror aktıdır Əlibala Məhərrəmzadə

Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Bu gün Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan  ərazisinə İran tərəfindən həyata keçirilmiş dronlarla hücum regionda təhlükəsizlik və sabitliyə açıq təhdid yaratmaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.  İran tərəfinin məlum təxribatı  həm hərbi baxımdan, həm də siyasi və mənəvi baxımdan qəbuledilməzdir".

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.

Deputat hesab edir ki, belə bir vəziyyətdə mülki obyektlərin hədəfə alınması, İranın həm siyasi, həm də mənəvi məsuliyyətindən yayınmaq üçün seçdiyi bir strategiyadır: "Bu tərz  yanaşma həm də diplomatik etikaya və beynəlxalq normalara qarşı açıq meydan oxuma deməkdir".

O əlavə edib ki, Azərbaycanın mövqeyi hər zaman aydın olub, yəni,  qonşularla sülh və əməkdaşlıq prinsiplərinə sadiqlik bizim dövlət siyasətimizin prioritetidir, ancaq ərazilərimizə qarşı hər hansı təxribata da cavab vermək iqtidarındayıq:

"Şübhəsizdir ki, heç bir təxribat təkcə diplomatik və hüquqi addımlarla həll olunmur. Azərbaycanın regiondakı hərbi qabiliyyəti də göz önündədir. Bu mənada, ölkəmizin ərazi bütövlüyünə qarşı yönələn istənilən terror təxribat halları ağır nəticələr doğura bilər. Məlum hadisə ilə bağlı martın 5-də  Prezident İlham Əliyevin iştirakı ilə Təhlükəsizlik Şurasının təcili iclası keçirilib. İclasda vəziyyət ətraflı müzakirə olunub, müvafiq qurumlara diplomatik və təhlükəsizlik istiqamətində göstərişlər verilib. Dövlətimizin başçısı İran tərəfdən edilən bu hücumu açıq şəkildə terror aktı kimi qiymətləndirərək bildirib: “Belə şəraitdə İran tərəfinin Naxçıvan ərazisində mülki obyekti, mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəf götürməsi dinc sakinlərə və mülki infrastruktura qarşı terror aktı kimi qiymətləndirilməlidir".

İranla başladılan müharibə fonunda Azərbaycan həmişəki kimi bu dəfə də regionda humanitar və diplomatik mövqeyini bir daha ortaya qoydu.  

Bütün bu humanitar jestlərin fonunda Naxçıvanda mülki obyektin hədəfə alınması,  cənab Prezidentin haqlı təbirincə desək, “çirkincə, namərdcə, nakişi” addım kimi qiymətləndirilməlidir. Əlbəttə, bu hadisə təkcə dövlətə qarşı yox, həm də dinc əhaliyə və mülki infrastruktura qarşı yönəlmiş terror aktıdır. Təbii ki,  Azərbaycanın mövqeyi prinsipialdır. Dövlətimiz heç vaxt qonşularına qarşı təxribat törətməyib, əksinə, həmişə humanitar yardım və sülh niyyəti ilə çıxış edib. İranın bu hücumla nümayiş etdirdiyi riyakarlıq, qısqanclıq və nankorluq yalnız beynəlxalq imicini zədələyir.

Hesab edirəm ki, İranın bu hərəkəti həm də regionda balansı sınağa çəkmək, Azərbaycanın strateji mövqeyinə və sabitliyinə təzyiq göstərmək məqsədi daşıyır.  

Nəticə etibarilə, dövlətə və dinc əhaliyə qarşı terror aktı kimi qiymətləndirilən bu hücum sözsüz ki, Azərbaycan tərəfdən cavabsız qalmaya bilməz. Bu arada hadisəyə cavab olaraq Türkiyə, Avropa İttifaqı, Birləşmiş Ərəb Əmirliyi, İordaniya, Səudiyyə Ərəbistanı və s. ölkələr Azərbaycanın haqlı mövqeyini dəstəkləyərək, bu hücumu qətiyyətlə pisləyiblər. Bu beynəlxalq reaksiyalar  Azərbaycanın suverenliyini müdafiə etmək hüququnu dəstəkləməklə yanaşı, eyni zamanda, regionda balansı qorumağa yönəlmiş strateji əhəmiyyətli diplomatik mesajdır. İranın təxribatçı addımı, belə dəstək fonunda həm siyasi, həm də mənəvi təcridini daha da artırır. Bütün bunlarla yanaşı, dövlətimiz hər zaman olduğu kimi, bu gün də öz təhlükəsizliyi üçün bütün siyasi, diplomatik və hərbi vasitələrdən istifadə etməyə hazırdır.

Tarix göstərir ki, ölkəmizə qarşı yönəlmiş hər hansı təxribat sonda onu törədənlər üçün ağır nəticələrlə başa çatıb. Hazırda ölkəmizə qarşı yönəlmiş təxribatlara cavab olaraq, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə birlikdə bütün xüsusi təyinatlı bölmələr tam səfərbərlik vəziyyətinə gətirilib. Ordumuzun hər bir zabiti və əsgəri Müzəffər Ali Baş Komandanın verdiyi tapşırıqları maksimum dəqiqlik və peşəkarlıqla icra etməyə hazırdır. Bu hazırlıq Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı təxribata qarşı qətiyyətli müdafiənin təminatıdır və düşmənə açıq mesajdır ki, hər hansı təxribat cəhdləri sarsılmaz qüvvə ilə qarşılanacaq".

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
46
2
olke.az

3Источники