RU

Bədən Tərbiyəsi və İdman Günü: Sağlam cəmiyyətin və güclü dövlətin təməli

Bakı, 5 mart, AZƏRTAC

Hər il 5 mart ölkəmizdə Bədən tərbiyəsi və idman günü kimi qeyd olunur. Bu əlamətdar gün Azərbaycanda idmanın inkişafına göstərilən yüksək dövlət qayğısının, sağlam həyat tərzinin təbliğinin və gənc nəslin fiziki-mənəvi inkişafına verilən önəmin bariz nümunəsidir.

Müstəqil Azərbaycanın idman sahəsində qazandığı möhtəşəm nailiyyətlər bilavasitə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasətinin nəticəsidir. Dövlətimizin başçısının idmana xüsusi diqqət və qayğısı sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, beynəlxalq yarışlara uğurla ev sahibliyi edir, idmançılarımız ən mötəbər arenalarda üçrəngli bayrağımızı yüksəldirlər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Gəncə voleybol klubunun prezidenti Elvar Osmanov deyib.

Bildirib ki, son illərdə ölkəmizdə müasir idman infrastrukturunun yaradılması, Olimpiya idman komplekslərinin, stadionların və idman zallarının tikilib istifadəyə verilməsi regionlarda da idmanın kütləviləşməsinə geniş imkanlar açıb. Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində uşaq və gənclərin idmana cəlbi artıb, sağlam həyat tərzi cəmiyyətin prioritet istiqamətlərindən birinə çevrilib.

Klub rəsmisi qeyd edib ki, bu uğurlu siyasətin mühüm istiqamətlərindən biri də voleybolun inkişafıdır: “Azərbaycan voleybolu artıq beynəlxalq arenada öz sözünü deyən idman növlərindən biridir. Azərbaycan Voleybol Federasiyası tərəfindən həyata keçirilən məqsədyönlü proqramlar, peşəkar idarəçilik və sistemli yanaşma nəticəsində həm paytaxtda, həm də regionlarda bu idman növünə maraq xeyli artıb.

Hazırda bölgələrdə voleybolun inkişafı prioritet istiqamət kimi müəyyənləşdirilib. Respublikamızın müxtəlif bölgələrində 8 regional voleybol klubu fəaliyyət göstərir. Bu klublar yalnız yarışlarda iştirak etməklə kifayətlənmir, eyni zamanda uşaq və yeniyetmələr arasında seleksiya işini gücləndirir, istedadlı gənclərin aşkar olunaraq peşəkar səviyyəyə yüksəlməsi üçün sistemli hazırlıq prosesi həyata keçirir. Məqsəd bölgələrdə yetişən idmançıların gələcəkdə milli komandalarımızın əsas heyətini formalaşdırmasıdır.

Gənc oyunçuların hazırlanması istiqamətində görülən işlər artıq öz bəhrəsini verməkdədir. Regionlarda yaradılan maddi-texniki baza, müasir idman zalları və peşəkar məşqçi heyəti gənclərin düzgün istiqamətləndirilməsinə imkan yaradır. Bu, eyni zamanda ölkə çempionatının rəqabət qabiliyyətinin artırılmasına da müsbət təsir göstərir.

2025–2026-cı il mövsümündə Azərbaycan çempionatında komandaların sayının ötən illə müqayisədə 9-a çatdırılması bunun bariz nümunəsidir. Çempionatın genişlənməsi həm idmançılar üçün daha çox oyun təcrübəsi, həm də azarkeşlər üçün daha maraqlı və gərgin mübarizə deməkdir.

Elvar Osmanov deyib ki, yeni mövsümdə bölgələri təmsil edən “Gəncə” və yeni debüt edən “Turan” klubları da Yüksək Liqada mübarizə aparır: “Bu, region voleybolunun inkişafının real göstəricisidir. “Gəncə” VK-nın prezidenti olaraq əminliklə deyə bilərəm ki, bölgələrdə voleybolun inkişafı yalnız idman uğuru deyil, həm də sosial layihədir. Bu, gənclərin asudə vaxtının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşdırılması və vətənpərvər ruhda formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Bizim əsas məqsədimiz Gəncə və ətraf bölgələrdə voleybolu daha da kütləviləşdirmək, güclü infrastruktur yaratmaqdır.

Əminik ki, dövlətimizin idmana göstərdiyi davamlı dəstək, federasiyanın məqsədyönlü fəaliyyəti və region klublarının əzmkarlığı nəticəsində Azərbaycan voleybolu qarşıdakı illərdə daha böyük zirvələr fəth edəcək.

5 Mart – Bədən tərbiyəsi və idman günü münasibətilə bütün idman ictimaiyyətini, məşqçiləri, idmançıları və azarkeşləri ürəkdən təbrik edir, hər kəsə möhkəm cansağlığı və yeni uğurlar arzulayıram. Sağlam cəmiyyət güclü dövlət deməkdir və biz bu yolda birgə addımlayırıq”.

Избранный
31
1
azertag.az

2Источники