"Qlobal siyasi sistem sürətlə dəyişir və təhlükəsizlik anlayışı əvvəlki dövrlərlə müqayisədə daha sərt və praqmatik yanaşma tələb edir. Regional münaqişələr, qeyri-qanuni miqrasiya axınları, radikal şəbəkələrin aktivliyi və hibrid təhlükələr dövlətlərin sərhəd siyasətini milli təhlükəsizliyin əsas sütunlarından birinə çevirib. Bu reallıqlar fonunda Azərbaycanın quru sərhədlərini uzun müddət bağlı saxlaması təsadüfi qərar deyil, sərt siyasi hesablamalara əsaslanan strateji seçimdir".
Bunu Azreform.info -a. açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
Dövlət təhlükəsizliyi – kompromisssiz prioritet
Komitə sədri bildirib ki, müasir dövlətçilik modelində təhlükəsizlik məsələləri kompromis mövzusu deyil: "Dövlətlərin zəif sərhəd nəzarəti çox zaman daxili sabitliyə birbaşa təhlükə yaradır. Dünyada baş verən hadisələr göstərir ki, sərhədlərin nəzarətsiz açılması qeyri-qanuni miqrasiyanın artmasına, kriminal şəbəkələrin genişlənməsinə və sosial gərginliyin yüksəlməsinə səbəb ola bilir.
Azərbaycan isə fərqli yol seçib. Dövlət rəhbərliyi üçün əsas prioritet liberal sərhəd rejimi deyil, təhlükəsizlik risklərinin minimuma endirilməsidir. Bu yanaşma bəzi dairələr tərəfindən tənqid olunsa da, real siyasət prizmasından baxdıqda onun məntiqi daha aydın görünür.
Cənubi Qafqazın təhlükəsizlik mühiti
Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionu sabit və proqnozlaşdırılan geosiyasi məkan hesab edilmir. Regionda münaqişələr, böyük güclərin rəqabəti və siyasi gərginlik elementləri daim mövcuddur. Belə şəraitdə sərhəd siyasəti yalnız miqrasiya və logistika məsələsi deyil, birbaşa milli təhlükəsizlik mexanizminə çevrilir.
Sərhədlərin bağlı saxlanılması həm də potensial destabilizasiya risklərinə qarşı qabaqlayıcı addım kimi qiymətləndirilə bilər. Dövlətin bu addımı daxili sabitliyin qorunmasına yönəlmiş strateji müdafiə xəttinin bir hissəsidir".
Təhlükəsizlik və sosial sabitlik
Deputatın sözlərinə görə, bir çox ölkələrin təcrübəsi göstərir ki, nəzarətsiz miqrasiya sosial balansı poza, iqtisadi və sosial sistemlərə əlavə yük yarada bilər. 'Bu baxımdan dövlətlər getdikcə daha sərt sərhəd siyasətinə keçirlər.
Azərbaycan da eyni tendensiyanı nəzərə alaraq daxili sabitliyi qorumağa çalışır. Sərhəd rejiminin sərtləşdirilməsi yalnız təhlükəsizlik qurumlarının işi deyil; bu, bütövlükdə dövlətin sabit inkişaf modelinin qorunması üçün nəzərdə tutulmuş siyasi qərardır",- o vurğulayıb.
Strateji mesaj və dövlət mövqeyi
O əlavə edib ki, sərhədlərin bağlı qalması həm də siyasi mesajdır: "Bu mesajın mahiyyəti sadədir: dövlət təhlükəsizlik məsələlərində populist yanaşma ilə deyil, strateji hesablamalarla hərəkət edir.
Bəzi beynəlxalq və regional müzakirələrdə sərhədlərin açılması iqtisadi və humanitar arqumentlərlə əsaslandırılsa da, dövlət təhlükəsizliyi baxımından risklərin qiymətləndirilməsi daha mühüm amil kimi qalır. Azərbaycan hakimiyyəti də məhz bu praqmatik yanaşmanı seçib.
Real siyasətin diktə etdiyi qərar
Beynəlxalq siyasətdə idealist yanaşmalar çox vaxt real təhlükələrlə üzləşəndə öz aktuallığını itirir. Dövlətlər üçün əsas məsələ təhlükəsizlik, sabitlik və idarə olunan inkişafdır.
Bu baxımdan Azərbaycanın sərhəd siyasəti emosional və ya müvəqqəti qərar deyil. Bu, riskli geosiyasi mühitdə dövlət sabitliyini qorumağa yönəlmiş uzunmüddətli siyasi strategiyanın tərkib hissəsidir.
Sərhədlərin bağlı saxlanılması ilə bağlı qərar yalnız inzibati tədbir kimi deyil, dövlət təhlükəsizliyinə yönəlmiş sərt siyasi strategiya kimi qiymətləndirilməlidir. Qlobal qeyri-müəyyənlik dövründə dövlətlər daha qapalı və daha nəzarətli təhlükəsizlik modellərinə üstünlük verirlər.
Azərbaycanın seçdiyi model də məhz bu reallığın məhsuludur: təhlükəsizlik və sabitlik hər hansı digər siyasi və ya iqtisadi arqumentdən daha üstün prioritet hesab olunur".
Mürtəza