RU

“İran dərhal baş verən hadisəyə aydın və əsaslandırılmış izahat verməlidir” KOMİTƏ SƏDRİ

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Naxçıvan Muxtar Respublikasında yerləşən mülki hava limanına pilotsuz uçuş aparatı ilə hücum xəbəri hər bir azərbaycanlı kimi məni də ciddi şəkildə narahat etdi. Azərbaycanın suveren ərazisində yerləşən mülki infrastrukturun hədəfə alınması təkcə bir təhlükəsizlik hadisəsi kimi başa düşülməməli, eyni zamanda regionda məsuliyyətsiz davranışın təhlükəli nəticəsi kimi qiymətləndirilməlidir”.

“AzPolitika” xəbər verir ki, bunları Milli Məclisin komitə sədri Sadiq Qurbanov İranın Naxçıvan aeroportuna zərbə endirməsinə münasibət bildirərkən deyib.

Deputat xatırladıb ki, Azərbaycan dövləti uzun illərdir regionda gərginliyin artmaması üçün son dərəcə ölçülü və məsuliyyətli siyasət yürüdür. “Bu siyasətin əsas prinsiplərindən biri də Azərbaycanın hava məkanının başqa dövlətlər tərəfindən üçüncü tərəfə qarşı hərbi məqsədlərlə istifadəsinə yol verilməməsidir. Azərbaycan dəfələrlə göstərib ki, onun ərazisi və hava məkanı heç bir ölkəyə qarşı düşmənçilik platforması kimi istifadə edilə bilməz. Belə bir mövqe nümayiş etdirən dövlətə qarşı mülki obyektlərin hədəfə alınması isə ciddi suallar doğurur. Bu addım regionda onsuz da həssas olan təhlükəsizlik mühitinə xidmət etmir, əksinə, qarşılıqlı etimadı sarsıdır və gərginliyi artırır.

Hesab edirəm ki, İran tərəfi bu məsələ ilə bağlı məsuliyyətli mövqe nümayiş etdirməli, baş verən hadisəyə aydın və əsaslandırılmış izahat verməlidir. Qonşu dövlətlər arasında münasibətlər qarşılıqlı hörmət, suverenliyə ehtiram və beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik üzərində qurulmalıdır. Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyi isə hər zaman dövlətimiz və cəmiyyətimiz üçün dəyişməz prinsip olaraq qalacaq. Regionda sabitliyin qorunması yalnız məsuliyyətli davranış, dialoq və qarşılıqlı hörmət yolu ilə mümkündür”.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
36
1
azpolitika.info

2Источники