Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin V “TUSİ” inkubasiya proqramına qeydiyyat davam edir.
“İki sahil” xəbər verir ki, əsas məqsəd innovasiya sahəsində kadr potensialının gücləndirilməsi, təhsildə innovativ fəaliyyətin təşviqi və tələbələrin startap ekosisteminə inteqrasiyasının təmin edilməsidir.
Layihə çərçivəsində gənclərin innovativ ideyalarının inkişafına əlverişli şərait yaradılır, onların ixtiraçılıq və startap fəaliyyətinə istiqamətləndirilməsi prioritet kimi müəyyən olunur. Proqram iştirakçılara ideyaların sistemli şəkildə formalaşdırılması, biznes modelinin qurulması, bazar araşdırması aparılması, məhsulun inkişafı və effektiv təqdimat bacarıqlarının əldə edilməsi üçün geniş imkanlar təqdim edir.
V “TUSİ” inkubasiya proqramı 10 əsas mövzu və 34 alt modulu əhatə edən intensiv təlim proqramı əsasında həyata keçirilir. Təlimlər praktiki yanaşma üzərində qurulub və iştirakçıların real startap ideyaları üzərində işləməsinə, innovasiya ekosisteminə daha effektiv inteqrasiya olunmasına şərait yaradır.
Proqramda iştirak etmək istəyən şəxslər https://gub.icenter.az/home linkinə daxil olaraq müraciət formasını doldura bilərlər. Qeydiyyat üçün son tarix 12 aprel 2026-cı ildir.
İnnovativ ideyaya sahib olan və onu real layihəyə çevirmək istəyən bütün tələbələr proqramda iştirak etməyə dəvət olunur.
2021-ci ildən bu günədək layihə çərçivəsində 18 ali təhsil müəssisəsi ilə əməkdaşlıq qurulub. Universitetlərdə hazırlanmış 130-dan çox mentora təlimlər keçirilib. 3 mindən çox tələbə tərəfindən 300-dən artıq startap ideyası təqdim olunub. Bunlardan 45 startap komandası seçilərək “Demo Day” tədbirlərində layihələrini investor və ekspertlərə təqdim ediblər.
“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində formalaşmış startaplardan 4-ü ümumilikdə 310 000 AZN həcmində investisiya cəlb edib.