RU

Qafqazda müasir çağırışlar: süni intellekt, elm və innovasiya

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 5 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının təşkilatçılığı ilə “Qafqazda müasir çağırışlar: süni intellekt, elm və innovasiya” mövzusunda elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Kafedranın müdiri tarix elmləri doktoru, professor İradə Hüseynova bildirib ki, Avropa və Asiyanın kəsişməsində yerləşən Cənubi Qafqaz regionu həm geosiyasi, həm də mədəni və iqtisadi baxımdan böyük əhəmiyyətə malikdir. Strateji kommunikasiya xətlərinin kəsişməsində yerləşməsi və zəngin enerji resurslarına malik olması regionun geosiyasi rolunu daha da artırır. Prezident İlham Əliyev tərəfindən irəli sürülən müasir inkişaf çağırışları Cənubi Qafqazda postmünaqişə mərhələsində davamlı sabitliyin təmin olunmasına, regional əməkdaşlıq mexanizmlərinin gücləndirilməsinə və təhlükəsizlik arxitekturasının elmi-nəzəri əsaslar üzərində yenidən formalaşdırılmasına yönəlib. Bu kontekstdə süni intellekt sahəsində elmi və institusional problemlərin təhlili, prioritet istiqamətlərin müəyyənləşdirilməsi və perspektivlərin qiymətləndirilməsi xüsusi aktuallıq kəsb edir.

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi dosent Bəxtiyar Həsənov mövzu ilə bağlı məruzə edib. Bildirib ki, müasir dövrdə qlobal dəyişikliklərin mərkəzində rəqəmsal transformasiya, süni intellekt, elmi inkişaf və innovasiya dayanır. Qafqaz regionu da bu proseslərdən kənarda qalmır və yeni texnologiyaların tətbiqi, innovativ iqtisadiyyatın qurulması, elmi potensialın gücləndirilməsi baxımından mühüm mərhələyə qədəm qoyur. Vurğulanıb ki, süni intellekt elmi tədqiqatların metodologiyasına ciddi təsir göstərərək məlumatların təhlilini avtomatlaşdırıb, tədqiqatların sürətini artırıb və daha mürəkkəb problemlərin araşdırılmasına imkan yaradıb. Bununla yanaşı, bəzi ekspertlər mümkün risklər və mənfi təsirlərlə bağlı da xəbərdarlıq edirlər.

Məruzədə qeyd olunub ki, regionun əsas müasir çağırışları sırasında geosiyasi transformasiya, postmünaqişə dövründə bərpa, iqtisadi inteqrasiya, ekoloji təhlükəsizlik, sülhün möhkəmləndirilməsi, regional əməkdaşlıq modellərinin inkişafı və rəqəmsal iqtisadiyyata keçid üçün birgə tədqiqatların aparılması xüsusi yer tutur. Azərbaycan, Gürcüstan və Ermənistan süni intellekt strategiyaları və elmi potensialın artırılması istiqamətində müxtəlif proqramlar həyata keçirirlər.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”, “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması haqqında mühüm sənədlər imzalanıb.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
1
azertag.az

2Источники