RU

Hörmüzə alternativ yollar hansılardır?- ARAŞDIRMA

Yazını böyüt
Yazını kiçilt

Vaşinqtonla Tehran arasında nüvə danışıqları davam edərkən, ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı hücum bölgədə gərginliyi artırıb. İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Baş Komandanının müşaviri briqada generalı İbrahim Cabbari 2 mart gecəsi İran dövlət televiziyasında gəmilərin Hörmüz boğazından keçməsinə icazə verilməyəcəyini və buna cəhd edən gəmilərin hədəf alınacağını açıqlayıb.

Hafta.az yazır ki, Fars körfəzini Oman körfəzi və Ərəbistan dənizi ilə birləşdirən Hörmüz boğazının faktiki olaraq bağlanması qlobal enerji bazarları üçün ən kritik nəticə kimi ortaya çıxıb. Bu inkişaf nəticəsində gündə təxminən 20 milyon barel xam neft və neft məhsullarının beynəlxalq bazarlara çata bilmədiyi təxmin edilir. Bu vəziyyət bölgədəki ixracatçı ölkələri alternativ ixrac yollarını sürətlə axtarmağa sövq edib. Amma alternativlər məhduddur.

Ötən il Hörmüz boğazından gündə orta hesabla 15 milyon barel xam neft və 5 milyon barel neft məhsulları daşınıb. Bu miqdar dəniz yolu ilə həyata keçirilən qlobal neft ticarətinin təxminən 25 faizini təşkil edib. Daşınmaların 80 faizi Asiya bazarına yönəlib.

Keçən il Səudiyyə Ərəbistanı Hörmüz boğazından gündə 5,43 milyon barel xam neft və 800 min barel neft məhsulları daşıyaraq xam neft və neft məhsullarının aparıcı ixracatçısı olub. Ondan sonra gündəlik 3,32 milyon barel xam neft və 310 min barel neft məhsulları ixrac edən İraq gəlir. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) gündə 2,02 milyon barel xam neft və 1,22 milyon barel neft məhsulları, İran gündə 1,69 milyon barel xam neft və 720 min barel neft məhsulları, Küveyt gündə 1,4 milyon barel xam neft və 970 min barel neft məhsulları, Qətər isə gündə 730 min barel xam neft və 690 min barel neft məhsulları ixrac edib. Səudiyyə Ərəbistanı Küveyt neytral zonasından gündə 350 min barel xam neft ixrac edərkən, Bəhreyn gündə 210 min barel neft məhsulları ixrac edir. İraq, İran, Küveyt, Qətər və Bəhreyn ixracatlarının demək olar ki, hamısını Hörmüz boğazı vasitəsilə həyata keçirir, yalnız Səudiyyə Ərəbistanı və BƏƏ-nin alternativ marşrutları olduğu məlumdur. Səudiyyə Ərəbistanının şərqindəki Abqaiq obyektlərini Qırmızı dəniz sahilindəki Yanbu limanı ilə birləşdirən Şərq-Qərb Xam Neft Boru Kəmərinin (Petroline) gündə 5 milyon barel ötürmə qabiliyyəti var. Tutumun gündə 7 milyon barelə qədər artırıldığı bildirilsə də, davamlı axınlar hələ sınaqdan keçirilməyib və ilin əvvəlində cəmi 2 milyon barel istifadə edilib. BƏƏ-də Habşan quru qurğularından Oman körfəzi sahilindəki Fucayrah limanına qədər uzanan Əbu-Dabi Xam Neft Boru Kəmərinin (ADCOP) gündə 1,5-1,8 milyon barel tutuma malik olduğu məlumdur. Lakin istifadəyə yararlı tutumun gündə təxminən 700 min barel olduğu təxmin edilir. İranın Buşəhr əyalətindəki Qor neft terminalından Oman körfəzi sahilindəki Cask limanına xam neft nəql etmək üçün 2021-ci ildə istismara verdiyi Qor-Cask Boru Kəməri hələ fəaliyyətə başlamadığı üçün ixrac üçün əlverişli variant hesab edilmir.

Bu amillər nəzərə alınmaqla, Hörmüz boğazına alternativ təklif edən boru kəmərlərinin ümumi tutumunun gündə 3,5-5,5 milyon barel səviyyəsində qaldığı təxmin edilir. Misir də Körfəz ölkələrinin alternativ axtarışlarında iştirak edib. Misirin Neft və Mineral Ehtiyatlar naziri Kərim Bədəvi, Səudiyyə Ərəbistanının xam neftinin Qırmızı dənizdən Aralıq dənizinə gündə 2,5 milyon barel tutuma malik Süveyş-Aralıq dənizi boru kəməri (SUMED) vasitəsilə daşınmasına kömək etməyə hazır olduqlarını bildirib.

Digər tərəfdən, ötən il Hörmüz boğazından 112 milyard kubmetrdən çox mayeləşdirilmiş təbii qaz ixrac edilib. Bu miqdar qlobal mayeləşdirilmiş təbii qaz ticarətinin təxminən 20 faizini təşkil edir. Daşınmaların təxminən 90 faizi Asiya bazarına göndərilib.

Qətərin 112 milyard kubmetr ixracının təxminən 93 faizi və BƏƏ-nin 7 milyard kubmetr ixracının 96 faizi Hörmüz boğazından keçib. Küveytə çatdırılma və Dolfin boru kəməri vasitəsilə Omana nəql edilən təbii qazdan başqa, bu həcmi qlobal bazarlara çatdırmaq üçün mövcud LNG mayeləşdirmə qurğularına alternativ yoxdur.

Dubayda yerləşən enerji konsaltinq şirkəti Qamar Energy-nin baş direktoru Robin Mills, neft ticarətində Hörmüz boğazına yalnız iki əsas alternativ marşrutun olduğunu söyləyib: Səudiyyə Ərəbistanı və BƏƏ-dəki boru kəmərləri. Qırmızı dəniz marşrutundakı riskləri vurğulayan Mills deyib: "Cənubi Qırmızı dənizdəki Husi təhdidi səbəbindən logistik məhdudiyyətlər var. Buna baxmayaraq, Səudiyyə Ərəbistanı ixracını Yanbuya yönəltməyə hazırlaşır". LNG ticarəti ilə bağlı Mills deyib ki, tbii qaz üçün hazırda alternativ marşrutlar yoxdur və o, Hörmüzü əvəz edə bilməz.

Qətərdə yerləşən Yaxın Şərq Qlobal İşlər Şurasının baş elmi işçisi Castin Dargin də qısa müddətdə əhəmiyyətli əlavə həcmləri mənimsəyə biləcək genişmiqyaslı və dərhal real alternativlərin olmadığını söyləyib. Dargin Hörmüz boğazından adətən gündəlik 17-20 milyon barel xam neft və neft məhsullarının keçdiyini bildirib və əlavə edib ki, "Səudiyyə Ərəbistanı və BƏƏ-nin keçid sistemləri tam gücü ilə işləsə belə, gündə yalnız 6-6,5 milyon barel kompensasiya edilə bilər. Bu o deməkdir ki, 10 milyon bareldən çox həcm toxunulmaz qalır. Praktikada bu alternativlər şoku yumşalda bilər, lakin tamamilə aradan qaldıra bilməz. Bu marşrutlar Hörmüzü əvəz etmir, onlar yalnız şokları azaldır". LNG ilə bağlı Dargin qeyd edib ki, Qətər üçün uzunmüddətli fasilə kritikdir: "Qısa fasilə belə qlobal qaz bazarlarında tez bir zamanda əks-səda verir, bunu Qətərin LNG ixracını dayandırması və qiymətlərə dərhal təsirini gördük".

MEES-in baş redaktoru Ceymi İnqram da Səudiyyə Ərəbistanının Ras Tanura zavodundan bəzi xam neft daşımalarını Yanbuya yönləndirə biləcəyini, lakin Yanbuya xaricolmalarının ümumilikdə 1,2 milyon barel ətrafında qaldığını bildirib. İnqram qeyd edib ki, ARAMCO bu miqdarı 2-3 milyon barelə qədər artıra bilsə də, sistemə təzyiq göstərəcək və əlavə edib: "Əsas məhdudiyyətlər, görünüşünün əksinə olaraq, artıq tutumun çox olmamasıdır, çünki ARAMCO artıq Qırmızı dənizdəki neft emalı zavodlarına və elektrik stansiyalarına boru kəməri vasitəsilə xam neft tədarük edir. Həmçinin, Yanbuda saxlama tutumu məhdud olduğundan, şirkət bu müəssisələrdən bütün növ xam neft göndərə bilmir". Bu boru kəmərləri ilə bağlı risklərə toxunan İnqram xəbərdarlıq edib: "Ən böyük risk, vəziyyət pisləşərsə, boru kəmərinin özünün hücumlara qarşı həssas olmasıdır. Yanbudan Asiyaya gedən hər hansı yük Bab əl-Məndəb boğazından keçməlidir və bəzi şirkətlər bundan narahatdırlar. İran hücumundan sonra BƏƏ-nin Fuceyra üzərindən alternativ marşrutu da təhlükə altındadır".

Избранный
9
hafta.az

1Источники