RU

Hərbi xidmətə getməkdən boyun qaçıran şəxslə bağlı QƏRAR

Şəki Apellyasiya Məhkəməsində hərbi xidmət keçməkdən boyun qaçırmaqda təqsirləndirilən Vüsal Əmənovun (adı və soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

 

Qərara əsasən, dövlət ittihamçısı cinayət təqibindən və apellyasiya protestindən imtinası və təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətindən imtinaları qəbul olunub. Ağsu Rayon Məhkəməsinin hökmü ləğv edilib, Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə cinayət təqibinə xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv olunub.

 

Qeyd: İstintaq orqanının mövqeyinə əsasən, Vüsal Əmənov qanuni əsas olmadan müddətli həqiqi hərbi xidmətdən yayınmaqda təqsirləndirilir.

 

İttihama görə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli Qanununun 12.4-cü maddəsinin tələbinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxs tibbi müayinədən keçmək üçün çağırılıb. 2024-cü ilin noyabr və dekabr ayları, eləcə də 2025-ci ilin yanvar ayı ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi tərəfindən müxtəlif mobil nömrələrdən Vüsal Əmənovun istifadəsində olan mobil nömrəyə zənglər edilib və onun tibbi müayinədən keçməsi üçün şöbəyə gəlməsinin zəruriliyi barədə məlumat verilib.

 

Bundan əlavə, 07 yanvar 2025-ci il tarixdə təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan üzrə də məlumatlandırılıb və 30 yanvar 2025-ci il tarixədək Mərkəzi Hərbi Həkim Komissiyasında tibbi müayinədən keçmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinə gəlməsinin zəruri olduğu bildirilib. Lakin istintaq orqanının qənaətinə görə, Vüsal Əmənov üzrlü səbəblər olmadan müəyyən edilmiş müddət ərzində hərbi qeydiyyatda olduğu yer üzrə aidiyyəti quruma gəlməyib və bununla da növbəti hərbi çağırışdan boyun qaçırıb. İttihamda qeyd olunur ki, bu hərəkətlə o, qanuni əsas olmadan hərbi xidmətdən yayınmağa cəhd göstərib.

 

Ağsu Rayon Məhkəməsinin hökmü ilə Vüsal Əmənova şərti cəza təyin edilmişdi. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eyni zamanda təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib.

 

Kamal Məmmədov

Tarix: 5 Mart 2026, 10:17   
Избранный
113
1
pravda.az

2Источники