Şəki Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Nаhid Beydulоvun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Qax Rayon Məhkəməsinin hökmü cəzаyа aid hissədə dəyişdirilib, o, 2 il müddətə azadlıqdan məhrumetmə cəzasınа məhkum olunub. Milli Məclisin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli qərarının 3.1-ci bəndinə əsasən Nаhid Beydulоvun cəzası 6 ay azaldılıb və təqsirləndirilən şəxsin üzərində qəti оlаrаq 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
İttihama görə, Nаhid Beydulоv 14 sentyabr 2024-cü il tarixdə, saat 19:30 radələrində, Qax şəhəri, İ.Mustafayev küçəsində yerləşən kafedə ictimai qaydanı kobud surətdə pozub.
O, hadisə zamanı sərxoş vəziyyətdə olub və kafe daxilində Qax şəhər sakini zərərçəkmiş Maqsud Nağıyevə (adı, soyadı şərtidir) qarşı nalayiq ifadələr işlədərək mübahisə yaradıb. Təqsirləndirilən şəxs özünün üstünlüyünü nümayiş etdirmək məqsədilə ucadan nalayiq ifadələr səsləndirib, ətrafda olan şəxslərin rahatlığını və istirahətini pozub. Nаhid Beydulоv əvvəlcə zərərçəkmiş şəxsə yumruqla sifət nahiyəsindən bir dəfə zərbə endirib. Nəticədə Maqsudun burnunda sıyrıq əmələ gəlib və bu xəsarət dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət kimi qiymətləndirilib.
Daha sonra Nahid stolun üzərindən götürdüyü pivə bakalı ilə zərərçəkmiş şəxsin baş nahiyəsinə qəsdən bir dəfə zərbə vurub. Bu zaman Maqsudun təpə nahiyəsinin sağ ön səthində sıyrıq əmələ gəlib və həmin xəsarət də sağlamlığa zərər vurmayan xəsarət kimi dəyərləndirilib.
Hadisə bununla da yekunlaşmayıb. Təqsirləndirilən şəxs daha sonra oradan götürdüyü stulla zərərçəkmiş şəxsin sağ əlindən qəsdən bir dəfə vurub. Nəticədə Maqusudun sağ əlinin 5-ci daraq sümüyündə yerdəyişən sınıq baş verib. Ekspertiza rəyinə əsasən, bu xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və sağlamlığa az ağır zərər vuran xəsarət kimi qiymətləndirilib.
Bundan sonra zərərçəkmiş şəxs yerə əyildiyi zaman Nahid ona yumruqla sağ kürək nahiyəsindən bir dəfə də zərbə endirib. Nəticədə sağ kürəkdə əzilmə əmələ gəlib və bu xəsarət də dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət hesab olunub.
Beləliklə, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə və zərərçəkmiş şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq cinayətini törətdiyi müəyyən edilib.
Qax Rayon Məhkəməsinin hökmü ilə Nаhid Beydulоv 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi.
Kamal Məmmədov