İran İsrailin Təl-Əviv şəhərinə raket zərbələri endirib.
Musavat.com xəbər verir ki, bu barədə İranın dövlət mediası məlumat yayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Doğru vəd – 4” əməliyyatının 19-cu mərhələsinin başladığını açıqlayıb.
Qurumun mətbuat xidmətindən bildirilib ki, ABŞ və İsrail mövqelərinə hücumlar həm raketlər, həm də pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilir.
Məlumata görə, İran raketlərinin buraxılmasından sonra Qüdsdə partlayış səsləri eşidilib. Bu barədə AFP agentliyi məlumat yayıb.
Eyni zamanda İran raketlərinin Təl-Əvivə zərbələri əks etdirən görüntülər də yayılıb.
İranın “Tasnim” agentliyi isə bildirib ki, ölkə ərazisindən kənarda həyata keçirilən hücumlarda hipersəs raketlərindən istifadə olunub.
Bununla yanaşı, ABŞ hərbçilərinin yerləşdiyi İraqın “Harir” hərbi bazasının da hava zərbələrinə məruz qaldığı bildirilir. Məlumatı “Ash-Sharq” telekanalı yayıb. Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat yoxdur.
İran dövlət mediası həmçinin İsrail Müdafiə Nazirliyinin binası yaxınlığında raket zərbələrinin nəticələrini əks etdirən görüntüləri yayımlayıb. Təl-Əviv səmasında İran raketlərinin uçuşunu göstərən kadrlar da paylaşılıb.
Bundan başqa, İranın İordaniyada yerləşən ABŞ hərbi hava bazasına da hücum etdiyi iddia olunur. Bu barədə İranın hökumətə bağlı media qurumları məlumat yayıb.
Digər tərəfdən, ABŞ Konqresi İranla müharibə üçün Ağ Evdən 50 milyard dollar məbləğində fövqəladə maliyyələşdirmə tələbi gözləyir. Bunu ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson açıqlayıb.
“Biz Ağ Ev və Pentaqonun bu məsələ ilə bağlı rəsmi müraciətini gözləyirik. Lakin artıq onlarla bu barədə dialoq aparılır”, - deyə Conson bildirib.
Digər tərəfdən İranın Bəndər Abbas şəhəri vurulub və şəhərdə güclü partlayışlar baş verib.
Hücumun görüntülərini “Iran International” yayıb.
İqbal RZAYEV,
Musavat.com