RU

Radar və kameraları çaşdıran vasitələr satılır – Ekspert DANIŞDI

Sosial şəbəkələrdə avtomobillərin dövlət qeydiyyat nişanını gizlətmək üçün xüsusi vasitələr satılır. Bu qurğuların satışını həyata keçirənlər az olsa da, maraqlananlar kifayət qədərdir.

Bu cür halların artması avtomatik radar və kamera sistemlərinin effektivliyini azaldırmı? Bu qurğular texniki baxımdan necə işləyir və onları aşkar etmək nə dərəcədə mümkündür?

Nəqliyyat eksperti Adil Nəbiyev Redaktor.az-a bildirdi ki, belə qurğuların tətbiqi yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risklər yarada bilər:

"Dövlət qeydiyyat nişanı avtomobilin identifikasiyası üçün əsas vasitələrdən biridir və onun gizlədilməsi və ya oxunmasının çətinləşdirilməsi hüquq-mühafizə orqanlarının nəzarət mexanizmlərinə maneə yaradır. Bu isə həm inzibati nəzarətin zəifləməsinə, həm də bəzi sürücülərin qayda pozuntularını daha rahat etməsinə şərait yarada bilər. Texniki baxımdan nömrəni gizlətmək üçün istifadə olunan qurğular müxtəlif formalarda olur. Onlardan bəziləri nömrənin üzərinə quraşdırılan xüsusi örtüklərdən ibarətdir. Bu örtüklər kameranın bucaq altında çəkilişi zamanı nömrənin tam görünməməsinə səbəb ola bilir. Digər növ vasitələr isə reflektiv və ya işığı əks etdirən materiallardan hazırlanır. Belə materiallar radar və kamera flaşının işığını güclü şəkildə geri qaytararaq nömrənin foto və video görüntüdə bulanıq düşməsinə səbəb olmağa çalışır. Daha mürəkkəb qurğular arasında isə elektron mexanizm vasitəsilə nömrəni qismən örtən və ya qısa müddətə gizlədən sistemlər də mövcuddur".

Ekspert qeyd etdi ki, bu sistemlər adətən pult və ya gizli düymə ilə idarə olunur və sürücü lazım bildiyi anda nömrənin üzərini örtə bilir:

"Lakin belə qurğuların istifadəsi qanunvericiliyin pozulması hesab olunur və aşkarlanacağı halda inzibati məsuliyyət yarada bilər. Bu cür vasitələrin radar və kamera sistemlərinin effektivliyini tam şəkildə aradan qaldırdığını demək də düzgün olmaz. Müasir nəzarət sistemləri təkcə dövlət qeydiyyat nişanının oxunmasına deyil, eyni zamanda avtomobilin markası, modeli, rəngi və digər vizual xüsusiyyətlərinin müəyyənləşdirilməsinə də imkan verir. Bir çox hallarda eyni marşrut üzrə yerləşdirilmiş müxtəlif kameralar vasitəsilə avtomobilin hərəkət trayektoriyası izlənilir və nömrə qismən gizlədilsə belə, digər məlumatlar əsasında identifikasiya aparmaq mümkündür. Bundan əlavə, nəqliyyat nəzarəti sistemləri daim təkmilləşdirilir. Yeni nəsil kameralar daha yüksək keyfiyyətli görüntü əldə edir və xüsusi proqram təminatı vasitəsilə qaranlıq, parlaq və ya qismən örtülmüş nömrələri belə bərpa etməyə çalışır. Bu da belə qurğuların effektivliyini xeyli azaldır. Eyni zamanda, yol polisi əməkdaşları tərəfindən keçirilən reydlər zamanı avtomobillərin dövlət qeydiyyat nişanlarında qeyri-standart örtüklərin və ya əlavə qurğuların olub-olmaması da yoxlanılır".

Müsahibimiz əlavə etdi ki, belə vasitələrin istifadəsi uzun müddət gizli qalması mümkün olmayan riskli addım hesab olunur.

"Ümumilikdə, avtomobillərin dövlət qeydiyyat nişanını gizlətmək üçün nəzərdə tutulan qurğular texniki baxımdan müəyyən hallarda kameraların işini çətinləşdirə bilsə də, müasir nəzarət sistemlərinin inkişafı və hüquq-mühafizə tədbirləri onların effektivliyini məhdudlaşdırır. Yol hərəkəti təhlükəsizliyi baxımından əsas məqsəd isə nəzarətdən yayınmaq deyil, qaydalara riayət etməklə daha təhlükəsiz yol mühitinin formalaşdırılmasıdır", - deyə Adil Nəbiyev vurğuladı.

Xədicə BAXIŞLI

Избранный
65
1
redaktor.az

2Источники