RU

Deputat: Azərbaycan qlobal enerji təhlükəsizliyinin formalaşmasında strateji söz sahibidir

BAKI, 4 mart. TELEQRAF

"Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında Prezident İlham Əliyevin çıxışı qlobal enerji təhlükəsizliyi məsələlərinə praqmatik və strateji yanaşmanın bariz nümunəsidir. On iki il əvvəl əsası qoyulan bu təşəbbüs artıq özünü doğrultmuş beynəlxalq əməkdaşlıq platformasına çevrilib".

Teleqraf xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov

Onun sözlərinə görə, ötən dövrdə regionda müxtəlif çətinliklərə və geosiyasi gərginliklərə baxmayaraq, Azərbaycan və tərəfdaşları bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında real nəticələr əldə edib: "Əgər əvvəlki mərhələdə Azərbaycan 12 ölkəyə qaz ixrac edirdisə, hazırda bu rəqəm 16-ya çatıb. Bu göstərici ilə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına görə dünyada lider mövqedədir. Qaz təchizatının coğrafiyası genişlənərək artıq Avropa hüdudlarını da aşıb. İlk dəfə olaraq Suriyaya 1,5 milyard kubmetr həcmində qaz tədarükünə başlanması həm humanitar, həm də strateji baxımdan mühüm addımdır. Bu, elektrik enerjisi qıtlığının azaldılmasına və sosial-iqtisadi sabitliyin möhkəmlənməsinə xidmət edir.

Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazının istehlakçısıdır. Almaniya və Avstriya da Azərbaycan qazını alan ölkələr sırasına yeni qoşulub. Bununla yanaşı, hasilatın artırılması istiqamətində konkret addımlar planlaşdırılır. “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanması, “Abşeron” yatağının tammiqyaslı işlənməsi, “Ümid” yatağının ikinci mərhələsi və “Şahdəniz” yatağında isə 2028-ci ildən yeni mərhələ üzrə hasilata start verilməsi 10-15 milyard kubmetr əlavə qaz hasil etməyə imkan yaradacaq. Lakin dövlət başçısının da qeydetdiyi kimi, mövcud infrastruktur artıq tam yüklənmiş vəziyyətdədir. Buna görə də genişləndirmə, interkonnektorların yaradılması və yeni bazarların açılması zəruridir.

Cari ilin əvvəlində Azərbaycanda regionun indiyədək ən böyük – 240 meqavat gücündə külək elektrik stansiyası istifadəyə verilib. Layihə “ACWA Power” tərəfindən reallaşdırılıb. Bundan əvvəl isə “Masdar” şirkəti tərəfindən 2023-cü ildə 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edilib. Bu layihələr Azərbaycanın yaşıl enerji potensialının reallaşdırılması istiqamətində mühüm mərhələdir. SOCAR və özəl sektorun bu sahəyə investisiya yatırması isə enerji siyasətinin şaxələndirilməsinin real göstəricisidir. Azərbaycan Qara dənizin dibi ilə Avropaya uzanan enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana çəkiləcək kabel layihələri üzərində də fəal işləyir. Bu təşəbbüslərin reallaşması ilə regionun enerji arxitekturasında fundamental dəyişikliklər olacaq".

Deputat qeyd edib ki, artan sənayeləşmə, kommunikasiya sektoru, süni intellekt və data mərkəzlərinin inkişafı kontekstində dayanıqlı enerji təminatı prioritet məsələdir: "Bu baxımdan, Azərbaycan qazıntı yanacağı ilə bərpaolunan enerji arasında balanslı və praqmatik yanaşma sərgiləyir. Azərbaycanın enerji siyasəti yalnız hasilat və ixracla məhdudlaşmır. Azərbaycan regionda etibarlı tranzit ölkə rolunu da gücləndirir. Qazaxıstan və Türkmənistan neftinin tranziti artır, Xəzərin şərq sahillərindən əlavə həcmlərin qəbulu üçün infrastruktur mövcuddur. Bununla yanaşı, Türkiyədə 870 meqavatlıq elektrik stansiyasının əldə olunması, Serbiyada 500 meqavatlıq stansiyanın inşası barədə müqavilə, eləcə də İtaliyada ümumi gücü 10 milyon ton olan iki neftayırma müəssisəsinin alınması Azərbaycanın enerji diplomatiyasının geniş miqyasını göstərir. Egey dənizi sahillərindəki 12 milyon tonluq neftayırma gücü ilə birlikdə, Aralıq və Egey hövzəsində 22 milyon tonluq emal potensialı formalaşıb.

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası bir daha sübut edir ki, Azərbaycan təkcə enerji resurslarına malik ölkə deyil, həm də qlobal enerji təhlükəsizliyinin formalaşmasında strateji söz sahibidir. Enerji diplomatiyası, şaxələndirmə, yaşıl keçid və praqmatik realizm – bütün bunlar ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas sütunlarını təşkil edir".

Избранный
1
1
teleqraf.com

2Источники