Rusiya iqtisadiyyatının müdafiə-sənaye sektorunda istehsal artımı yavaşıyır, hərbi məhsul istehsalçılarına maliyyə təzyiqi isə güclənir.
Hit.az xəbər verir ki, bu qənaətə rusiyalı müxalifətçi, Rusiya Federasiyasının keçmiş energetika nazirinin müavini Vladimir Milov gəlib. Bu barədə “Defence Blog” nəşri yazır.
Onun fikrincə, Rusiya hakimiyyətinin müharibə dövrünün xərclərinin sabit və özünü təmin edən hərbi iqtisadiyyat yaratdığı ilə bağlı rəsmi açıqlamaları həqiqətə uyğun deyil.
Milov sənayenin vəziyyətinə dair statistik və korporativ məlumatları təhlil edərək müdafiə istehsalı ilə bağlı sənaye kateqoriyaları üzrə hərbi məhsul buraxılışını izləyib. Rəsmi statistikanın məhdud, məlumatların isə əsasən qapalı olmasına baxmayaraq, üç sektor əsas göstərici kimi seçilir: silah və sursatla bağlı metal məmulatları; zirehli texnika və təyyarələri əhatə edən nəqliyyat avadanlıqları; həmçinin hərbi elektronika və istiqamətləndirmə sistemləri ilə əlaqəli elektron və optik məhsullar.
2023 və 2024-cü illərdə Rusiyada silah istehsalı artıb. Lakin bu artım “struktur modernizasiya hesabına deyil, müharibə dövrünün fövqəladə büdcə inyeksiyaları” nəticəsində əldə olunub. Dövlət xərcləri yenidən azalmağa başladıqda isə sistemin zəif tərəfləri daha aydın üzə çıxıb. Qeyd olunan üç sektor 2023–2024-cü illərdə sürətlə inkişaf etsə də, 2025-ci il ərzində artım nəzərəçarpacaq dərəcədə zəifləyib. Silah və elektronika istehsalının artım tempi təxminən iki dəfə azalıb, döyüş texnikası istehsalında da açıq yavaşıma müşahidə olunub. 2025-ci ilin sonuna doğru elektronika və optika sahəsində artım dekabr ayında təxminən 1 faizə enib ki, bu da işğalın başlanmasından bəri ən aşağı göstəricidir.
Qeyd olunur ki, sanksiyalar səbəbindən müdafiə sənayesi texnologiyalara, komponentlərə və xüsusilə qabaqcıl dəzgahlara çıxışın məhdudlaşmasından zərər görüb. Rəqəmsal proqram təminatı kritik zəiflik kimi qiymətləndirilir, çünki yeni silah istehsal xətlərinin yaradılmasına imkan verir, yerli alternativlər isə məhduddur.
Bundan əlavə, hərbi məhsullar üzrə sərbəst qiymət formalaşması mövcud deyil. Dövlət müdafiə sifarişi çərçivəsində tədarük olunan məhsullar hökumət tərəfindən təsdiqlənmiş tənzimlənən qiymətlərlə istehsal olunur. Bu isə müəssisələrin gəlirliliyini azaldır – inflyasiya potensial mənfəəti faktiki olaraq aradan qaldırır.
Maliyyə çətinlikləri müdafiə sektorunun kreditləşdirilməsi ilə sıx bağlı olan dövlət bankı “PSB”nin fəaliyyət nəticələrində də əksini tapır. Bildirilir ki, bank əvvəlki illərdə yüksək mənfəət əldə etsə də, 2025-ci ilin ilk yarısında əhəmiyyətli zərər qeydə alıb.
Məqalədə vurğulanır ki, təyyarəqayırma, mühərrik istehsalı və raket hazırlanması sektorlarında şirkət hesabatları və hüquqi mübahisələr də oxşar təzyiqi göstərir. Təchizatçıların ödənilməmiş hesablarla bağlı iddiaları və artan ödəniş gecikmələri gərginliyin geniş yayılduğunu göstərir.
Əmək və investisiya göstəriciləri də paralel dəyişiklikləri nümayiş etdirir. Müdafiə ilə bağlı sahələrdə əməkhaqqı artımı müharibə dövründəki yüksəlişdən sonra yavaşıyıb və indi inflyasiyadan geri qalır. Elektronika və optika istehsalına yatırımlar 2025-ci il ərzində mənfi dinamika göstərib.
“Ümumilikdə qiymətləndirmə göstərir ki, Rusiyanın müharibə dövründə sənaye artımı dayanıqlı iqtisadi mexanizmlərdən çox, müstəsna dövlət xərclərindən asılı olub. Büdcə artımının yavaşıması, borc yükünün artması və modernizasiya imkanlarının məhdudluğu, zavodlar yüksək templə işləməyə davam etsə də, əməliyyat mühitini getdikcə daha çox müəyyənləşdirir”, deyə məqalədə qeyd olunur.
Xüsusilə sənaye üçün sanksiyaların təzyiqi, tənzimlənən qiymətlər, bahalı kreditlər və ödəniş gecikmələri zəiflədici amillər kimi göstərilir. Müəlliflər belə nəticəyə gəlirlər ki, bu məhdudiyyətlər müdafiə müəssisələrinin istehsal səviyyəsini qoruyub saxlamasına və hərbi texnikanı sabit şəkildə tədarük etməsinə mənfi təsir göstərir.
Rusiya iqtisadiyyatının vəziyyəti
Xatırladaq ki, 2025-ci ildə Rusiya dünyada iqtisadiyyatının həcminə görə doqquzuncu yerdə qərarlaşıb. Lakin 2026-cı ildə onun dalana dirəndiyinə dair əlamətlər ortaya çıxıb. Neft qiymətlərinin – Rusiyanın əsas gəlir mənbəyinin – azalması fonunda artım minimuma enib. Mövcud perspektivlər əlverişli deyil. Yanvarda Beynəlxalq Valyuta Fondu Rusiyanın artım proqnozunu 2025-ci il üçün 0,6 faizə, 2026-cı il üçün isə 0,8 faizə endirib. Bu, pandemiya illəri 2020–2022 istisna olmaqla, ölkə üçün ən aşağı illik artım templəridir.
Bundan başqa, adi rusiyalıların artıq müharibənin iqtisadi nəticələrindən qorunmadığına dair əlamətlər var. Müharibəni maliyyələşdirmək üçün Kreml səhiyyə xərclərini, aviasiya ehtiyat hissələrinin istehsalını və enerji obyektlərinin texniki xidmətini azaldıb. Hətta hərbçilərə ayrılan yardım da ixtisar olunub.
Samir