Bakı, 4 mart, AZƏRTAC
“Gender bərabərliyinin təminatı haqqında” Qanunun əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanda qadın siyasətinin formalaşdırılması və həyata keçirilməsi məhz onun adı ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova parlamentdə “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
O vurğulayıb ki, Azərbaycan qadınlarının 1998-ci ildən etibarən qurultayları keçirilir və ilk qurultayda Ümummilli Lider Heydər Əliyev şəxsən iştirak edib. Bundan əlavə, Ulu Öndər tərəfindən dövlət-qadın siyasətinə dair mühüm sənədlər imzalanıb. Bu siyasətin nəticəsi olaraq dövlət qurumlarında gender məsələlərinə məsul şəxslərin fəaliyyəti genişlənib.
“Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnsan hüquqlarının müdafiəsində bu qanunların çox böyük rolu var. Hazırda yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi 39 faiz, dövlət qulluqçuları arasında isə 29 faizə çatıb. Həmçinin ölkədə xüsusi sahibkarlığın dəstəklənməsi, həyata keçirilən layihə və proqramlar sahibkar qadınların sayının artmasına müsbət təsir göstərib. Bu da qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakına geniş imkanlar açır”, - deyə Sədaqət Qəhrəmanova vurğulayıb.