RU

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Bakı, 4 mart, AZƏRTAC

Martın 4-də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, iclasda Prezident İlham Əliyevin Sərəncamı ilə birinci instansiya məhkəmələrinə təyinat alan 34 hakimin andiçmə mərasimi olub.

Ali Məhkəmənin sədri İnam Kərimov yeni təyin olunmuş hakimləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, son illər aparılmış islahatlar nəticəsində məhkəmələrə çıxış imkanları genişləndirilib, idarəetmə mexanizmləri təkmilləşdirilib. Eyni zamanda, hakimlərin seçimi prosesi şəffaflaşdırılmış və sadələşdirilib.

Diqqətə çatdırılıb ki, hakim yalnız hüquqi mübahisəni həll etmir, həm də insan taleyini müəyyən edir. Bu baxımdan hər bir işə həssaslıqla, diqqətlə və məsuliyyətlə yanaşmaq, ədalətin vaxtında və qərəzsiz təmin olunmasına xidmət etmək hakimlərin başlıca vəzifəsi olmalıdır. Sədr yeni hakimlərə şərəfli hakim adını hər zaman uca tutmağı, ədalətli, vicdanlı və məsuliyyətli olmağı tövsiyə edib.

Sonra hakimlər növbə ilə andiçmə üçün kürsüyə dəvət olunublar. Onlar “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəklərinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacaqlarına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarına and içiblər.

Hakim vəzifələrinə yeni təyin edilmiş şəxslərə hakimin xüsusi geyim forması təqdim olunub.

Daha sonra yeni təyin olunmuş hakimlər Aybəniz Rəhimova və Əli Camalov çıxış edərək, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına və ədalət mühakiməsinin prinsiplərinə dönmədən əməl edəcəklərinə söz veriblər.

 

Избранный
3
15
azertag.az

10Источники