RU

“Miss Azərbaycan” qalmaqallı etirafları ilə Rusiyada gündəm oldu

ain.az, Olay.az portalına istinadən məlumat yayır.

1999-cu ildə “Miss Azərbaycan” titulunun sahibi olmuş 42 yaşlı aktrisa və müğənni Fatimə Abaskuliyeva yenidən Rusiya federal televiziyasının efirində görünüb.

OLAY yazır ki, bu dəfə o, “Rossiya 1” kanalında yayımlanan, aparıcısı Andrey Malaxov olan “Malaxov” verilişində qalmaqallı və rezonans doğuran mövzu çərçivəsində çıxış edib. Xatırladaq ki, o, ilk dəfə 2018-ci ildə A.Malaxovun proqramına qatılaraq RF xalq artisti Mark Rozovski tərəfindən zorlandığını iddia etmişdi. Səkkiz il sonra F.Abaskuliyeva yenidən studiyaya gələrək bu dəfə Çində seksual köləliyə düşdüyünü iddia edib.

Aparıcı Andrey Malaxov bildirib ki, redaksiyaya kömək istəyi ilə bağlı narahatedici məktub daxil olub və onun müəllifi Fatimə Abaskuliyeva olub. O, konsert proqramı ilə çıxış etmək təklifi əsasında Çinə getdiyini, lakin bir müddət sonra əlaqəni kəsdiyini və bir neçə gün yoxa çıxdığını qeyd edib. Daha sonra aktrisa gözlənilmədən ortaya çıxaraq ağır vəziyyətdə olduğunu bildirib. Siqnal alındıqdan sonra “Rossiya 1” kanalı hadisənin təfərrüatlarını araşdırmaq üçün çəkiliş qrupunu onun yanına göndərib.

Müraciətində Fatimə Abaskuliyeva Çində son dərəcə ağır və qorxulu vəziyyətə düşdüyünü deyib. Onun sözlərinə görə, naməlum şəxslər guya onu meşəyə aparmağa cəhd ediblər və o, təcili yardım istəyərək mümkün qədər tez vətənə qayıtmasının vacibliyini vurğulayıb. Daha sonra “Malaxov” verilişinin studiyasında o, ehtimalına görə seksual köləliyə məruz qalmış ola biləcəyini də səsləndirib.

“Rossiya 1” kanalının studiyasında aparılan müzakirələr zamanı dəvət olunan ekspertlər aktrisanın versiyasını şübhə altına alıblar. Bir sıra iştirakçılar səsləndirilən faktların doğruluğuna əmin olmadıqlarını bildirərək vəziyyətin bu qədər kritik xarakter daşımasına şübhə ilə yanaşıblar. Studiyada səslənən fikirlərdən biri də efirdə iştirakın diqqət cəlb etmək məqsədi daşıya biləcəyi ilə bağlı olub. Qeyd edilib ki, bu, xüsusilə yeni albomun çıxışı ərəfəsində ictimai marağı artırmaq üçün informasiya səbəbi kimi istifadə oluna bilər.

Əlavə arqument kimi efirdə Çin qanunvericiliyinin sərtliyi də vurğulanıb. Ekspertlər xatırladıblar ki, insan alveri və seksual köləliklə bağlı cinayətlər Çində son dərəcə ağır cəzalandırılır ki, bu da onların fikrincə, aktrisanın təsvir etdiyi vəziyyəti sual altına alır.

Verilişin ayrıca bir hissəsi aktrisanın anası ilə münaqişəsinə həsr olunub. Efir zamanı bildirilib ki, Fatimə Abaskuliyeva anası ilə uzun illərdir ünsiyyət saxlamır və onunla görüşmür. Studiyada onun sosial şəbəkə paylaşımları nümayiş etdirilib; həmin yazılarda o, uşaqlıq dövründə yaşadığı ağrılı məqamları ətraflı təsvir edib. Aktrisa iddia edib ki, uşaq yaşlarında anası tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalıb. Onun sözlərinə görə, anası onu döyür, uşaq evinə göndərməklə hədələyir və xarici görünüşü ilə uğurlarından öz maraqları üçün istifadə edirmiş.

F.Abaskuliyeva həmçinin bildirib ki, yeniyetməlik dövründən – televiziyada ilk addımlarını atdığı və model, eləcə də idman layihələrində iştirak etdiyi vaxtlardan (o, Azərbaycan kanallarından birində aerobika proqramının aparıcısı olub – red.) – ailədə maddi imkanlı bir himayədar peyda olub və onun vəsaiti hesabına bütün ailə yaşayıb. Paylaşımlarında o, anasını həmin şəxsdən maddi asılılıqda olmaqda və qızına təzyiq göstərməkdə ittiham edib. Aktrisa mütəmadi təhqir və alçaldılmalara məruz qaldığını, bunun isə sonda münasibətləri kəsməsinə və uzaqlaşmasına səbəb olduğunu yazıb. O, gələcək manipulyasiyalardan və ağır psixoloji nəticələrdən ehtiyat etdiyini də vurğulayıb.

Efir zamanı aktrisanın şəxsi dramı ilə bağlı digər paylaşımlarından da sitatlar oxunub. Fatimə Abaskuliyevanın sözlərinə görə, o, evdən kənarda olduğu dövrdə anası guya onun sevgilisi ilə münasibət qurub. Aktrisa bildirib ki, söhbət Çinə getməzdən əvvəl romantik münasibətdə olduğu gəncdən gedir. Yazılarında o, anasının həmin şəxslə birlikdə yaşamağa başladığını və bu barədə nənəsinə məlumat verildiyini qeyd edib. F.Abaskuliyeva baş verənləri son dərəcə ağır keçirdiyini və həmin dövrü həyatının ən ağrılı mərhələlərindən biri kimi dəyərləndirdiyini vurğulayıb.

Qalmaqallı mövzunun inkişafı Çində çəkilmiş süjetlə davam etdirilib. “Malaxov” verilişində gizli çəkiliş kadrları nümayiş olunub; həmin görüntülərdə Fatimə Abaskuliyeva eskort xidmətləri göstərdiyini etiraf edir. Studiyada yayımlanan fraqmentlərin müzakirəsi zamanı aktrisa səsləndirilənləri inkar etməyib, lakin bunu məcburiyyətdən etdiyini bildirib. Onun sözlərinə görə, anası ilə münaqişədən sonra maddi dəstək və dolanışıq vasitələrindən məhrum qalıb. Bununla belə, o, bu fəaliyyətə “son dərəcə nadir hallarda” müraciət etdiyini əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
olay.az

1Источники