RU

Bakı Moskva münasibətləri...

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan açıq, bərabərhüquqlu və qarşılıqlı marağa əsaslanan əlaqələrin inkişafında maraqlıdır

Cənubi Qafqaz regionun siyasi-iqtisadi tənzimləyicisi, bölgənin sabitləşdirici faktoru olan Azərbaycanın xarici siyasət kursu yaxın əməkdaşlıq, milli maraqlara söykənən tərəfdaşlıq kontekstinə əsaslanır. Ölkəmizin digər dövlətlərlə, xüsusilə region dövlətləri ilə münasibətdə tutduğu mövqe açıqdır - biz, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və beynəlxalq hüquq müstəvisində əməkdaşlığa hər zaman hazırıq. Azərbaycan hər zaman bəyan edir ki, biz bərabərhüquqlu səviyyədə əlaqələrin qurulmasında maraqlıyıq - rəsmi Bakı bölgə dövlətləri ilə yaxın qonşuluq əlaqələrinin gücləndirilməsinə, strateji əməkdaşlığın ən üst səviyyəyə qaldırılmasına və geniş əməkdaşlıq platformalarının qurulmasına həssaslıqla yanaşıb.

Azərbaycan ilə Rusiya arasındakı münasibətlər də daima işgüzar xarakteri ilə seçilir. Uzun illərdir ki, iqtisadi platformalarda yaxın əməkdaşlarımızdan biri sayılan Moskva ilə əlaqələrimizin mühüm tarixi var.

Bakı Rusiya vətəndaşlarının da təxliyyəsini təmin edir...

Qeyd edək ki, martın 2-də Prezident İlham Əliyev Rusiya Federasiyası Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edib. Görüş əsnasında Rusiya tərəfi regionda mürəkkəb və gərgin şərait fonunda Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində operativ köməyə görə Azərbaycan rəhbərliyinə səmimi təşəkkürünü bildirib.

Bəlli olduğu kimi, Yaxın Şərqdə vəziyyət gərginləşib. Hazırkı vəziyyətdə Azərbaycan bütün dövlətlərin vətəndaşlarının daha rahat və təhlükəsiz təxliyyəsi üçün şərait yaradır. O cümlədən Rusiya vətəndaşlarının da İrandan təxliyyəsi üçün addımlar atılır. Martın 2-də Rusiya Federasiyası vətəndaşlarının növbəti qrupunun İrandan Azərbaycana keçidi təmin edilib. Müvafiq prosedurlardan sonra 15-ə yaxın Rusiya vətəndaşı “Astara” dövlət sərhədindən buraxılış məntəqəsindən təxliyə edilərək təhlükəsiz şəkildə ölkə ərazisinə daxil olub. Qeyd edək ki, martın 1-də Rusiyanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda bildirilirdi ki, İrandan Azərbaycan vasitəsilə təxliyə olunmalı şəxslərin siyahısında 500 Rusiya vətəndaşı var. “Rusiyanın Azərbaycandakı səfirliyi Astara buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə olunan Rusiya vətəndaşlarına yardım göstərir. Hazırda Azərbaycan vasitəsilə təxliyə siyahısında artıq təxminən 500 həmyerlimiz qeydə alınıb”, - diplomatik nümayəndəliyin bəyanatında deyilir.

Ümumiyyətlə, fevralın 28-i saat 08:00-dan martın 3-ü saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 615 nəfər təxliyə edilib. Təxliyə olunanların 157-i Azərbaycan vətəndaşıdır. Bundan başqa, 150 Çin, 127 Rusiya, 66 Pakistan, 52 Tacikistan, 18 Səudiyyə Ərəbistanı, 7 Gürcüstan, 6 BƏƏ, 4 İordaniya, 3 Qətər, 3 Banqladeş, 2 nəfər Filippin, 2 Nepal, 2 Qazaxıstan, 2 Fransa, 2 Özbəkistan vətəndaşları, eyni zamanda, Türkiyə, İtaliya, Polşa, Tunis, Livan, Hindistan və Braziliyadan hər biri 1 nəfər olmaqla xarici vətəndaşlar təxliyə edilib.

İkitərəfli komissiyanın fəaliyyəti...

Görüşdə, həmçinin Azərbaycan-Rusiya münasibətlərinin gündəliyi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, iki ölkə arasında əməkdaşlıq çərçivəsi genişdir. 2025-ci ildə Azərbaycanla Rusiya arasında ticarət əməliyyatlarının həcmi 4,920 milyard ABŞ dolları təşkil edib. Bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 120,4 milyon ABŞ dolları və ya 2,5 faiz çoxdur. Hesabat dövründə Rusiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 10,08 faizi həcmində olub. Bununla da Rusiya hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 3-cü pillədə qərarlaşıb.

İki ölkə arasında iqtisadi və hökumətlərarası komissiyalar fəaliyyət göstərir - dövlətlər arasında ticarət, sənaye, nəqliyyat və su ehtiyatlarının idarə olunması kimi məsələlər müzakirə edilir. Bu görüşlərdə həmsədrlər iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və regional layihələri dəyərləndirirlər.

Bu arada martın 2-də Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının həmsədrləri arasında görüş olub. Görüşdə Rusiya və Azərbaycan arasında iqtisadi, sənaye, enerji, nəqliyyat-logistika və aqrar sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi və gündəlikdə olan digər aktual məsələlər müzakirə edilib.

Tərəflər ticarət dövriyyəsinin davamlı artımını məmnunluqla qeyd ediblər. Orta və uzunmüddətli perspektivə hesablanmış birgə investisiya layihələrinin həyata keçirilməsi üçün geniş imkanların olduğu vurğulanıb. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi məsələləri, xüsusən də onun buraxılış qabiliyyətinin artırılması və nəqliyyat-logistika infrastrukturunun təkmilləşdirilməsi ayrıca nəzərdən keçirilib. Görüşdə tərəflər cari ilin aprel ayında Azərbaycan Respublikasında İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi barədə razılığa gəliblər.

Praktik addımlar atılacaq

Dövlət başçısı Aleksey Overçuku qəbul edərkən söhbət zamanı qeyd edilib ki, Azərbaycan və Rusiya liderlərinin 2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilən görüşündə əldə etdikləri razılaşmalara uyğun olaraq, tərəflər 2024-cü il dekabrın 25-də “AZAL” təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan problemlərin həlli üzrə yaxın vaxtlarda kompleks praktik addımlar atacaqlar.

Xatırladaq ki, 2024-cü ilin dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. Təyyarə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Qroznı üzərində vurulub.

Sirr deyil ki, baş verən təyyarə qəzası münasibğətlərdə müəyyən fərqli məcra formalaşdırmışdı - baş verənlərdən sonra Azərbaycan özünün haqlı mövqeyini ifadə etmişdi - ölkəmiz istəyini tam şəkildə beynəldxalq konvenrsiyalara əsaslanaraq və  şəffaf şəkildə dilə gətirmişdi: bu işdə məsuliyyətin, ədalətli istintaqın, günahkarların cəzalandırılmasının və zərər çəkənlərə kompensasiya ödənilməsinin vacibliyi ön plana çəkilmişdi. Qeyd edək ki, Rusiya Azərbaycandan bununla bağlı rəsmi üzr istəyib. İndiki mərhələdə  yaranan problemlərin həlli üzrə praktik addımların atılması ilə bağlı razılaşma olduqca vacibdir - Bakı məsələnin hüquqi və ədalətli şəkildə həllini mütləq şəkildə önə çəkir.

Yeri gəlmişkən, Qazaxıstanın Nəqliyyat Nazirliyinin son məlumatında bildirilib ki, AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı yaradılmış istintaq komissiyası araşdırmanın mümkün qədər tez başa çatdırılması üçün maksimum səy göstərəcək.  “İstintaqın başa çatması üçün dəqiq son tarix hələ müəyyən edilməyib, lakin komissiya araşdırmanı mümkün qədər tez başa çatdırmaq üçün əlindən gələni edir”, - deyə nazirlik qeyd edib.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı...

Görüşdə, həmçinin Azərbaycan ilə Rusiya arasında qarşılıqlı faydalı iqtisadi-ticari, investisiya, sənaye və nəqliyyat-logistika əməkdaşlığının gələcəkdə daha da inkişaf etdirilməsinə dair ortaq niyyətə diqqət yetirilib, regionda nəqliyyat əlaqələrinin inkişafı perspektivləri müzakirə edilib. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə işləri davam etdirmək üçün ortaq niyyət təsdiqlənib. Söhbət əsnasında bir sıra humanitar məsələlər də müzakirə edilib.

Qeyd edək ki, Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı iki dövlət arasındakı münasibətlərdə xüsusi yerə malikdir. Bu dəhlizin potensialının genişləndirilməsi və bütövlükdə həm dəmir yolu, həm də avtomobil yolları vasitəsilə yükdaşımaların həcminin bu marşrut boyunca artması iqtimsadi-ticari münasibətlərə yeni ruh qazandırıb. Azərbaycanın da iştirakçısı olduğu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında razılaşma 2000-ci il sentyabrın 12-də imzalanıb. Razılaşma 2002-ci il mayın 21-dən qüvvəyə minib. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Körfəz ölkələri və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaratmaq imkanına malikdir.

Ümumiyyətlə, bu dəhliz hər zaman olduqca strateji bir layihə kimi dəyərləndirilib. Nəzərə alınmalıdır ki, bu dəhliz də Azərbaycandan keçir və ölkəmizin mühüm nəqliyyat qovşağı kimi cəlbediliciyini artırır. Diqqət yetirsək görərik ki, mürəkkəb regionda geostrateji qütblər arasında münasibətlərin daha da kəskinləşdiyi bir vaxtda Azərbaycan məhz burada körpü rolunu oynamaqla özünün milli maraqlarını təmin edir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi istiqamətində çox böyük həcmdə yük daşımaları var. Bu yük daşımaları, qısa zaman kəsiyində təyinat nöqtəsinə çatdırıla bilir. Xüsusi vurğulanmalıdır ki, Azərbaycan bu layihəyə qoşulduqdan sonra Prezident İlham Əliyevin irəli sürdüyü təkliflər səmərəli və cəlbedici oldu. Məhz bu səmərəlilik ondan ibarətdir ki, yüklərin daşınması xərci azalır və çatdırılması vaxtı qısalır.

P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
6
1
yeniazerbaycan.com

2Источники