RU

Azərbaycan regional sabitliyin təminatçısı kimi əsas mərkəzə çevrilir Ekspert rəyi

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 4 mart, AZƏRTAC

Cənubi Qafqazda son illərdə formalaşan yeni siyasi və təhlükəsizlik arxitekturası Azərbaycanın regional liderlik mövqeyini keyfiyyətcə fərqli mərhələyə çıxarıb. Əgər əvvəllər bölgədə təhlükəsizlik gündəmi daha çox xarici aktorların vasitəçilik mexanizmləri üzərindən formalaşırdısa, bu gün proseslərin əsas istiqaməti region dövlətlərinin birbaşa iştirakı və məsuliyyəti ilə müəyyən olunur.

Bunu AZƏRTAC-a müsahibəsində Avrasiya və Cənubi Qafqaz, Türk dünyası, qloballaşma və milli dövlət mübahisələri üzrə tədqiqatçı, Kral Beynəlxalq Münasibətlər İnstitutunun üzvü, Topçubaşov Mərkəzinin eksperti Turan Qafarlı deyib.

O deyib: “Azərbaycan bu transformasiyada gündəmi müəyyən edən tərəf kimi çıxış edir. Sülh danışıqlarının mətn əsaslı mərhələyə keçməsi, sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində konkret addımların atılması, regionda blok qarşıdurmalarının zəifləməsi Bakının siyasi çəkisini daha da artırıb. Xüsusilə Ermənistanın təhlükəsizlik arxitekturasında alternativ istiqamətlər axtarması fonunda Azərbaycan daha stabil və proqnozlaşdırılan aktor kimi qəbul olunur.

Ekspert bildirib ki, bölgədə Qərb institutlarının artan marağı və müşahidə mexanizmlərinin genişlənməsi Cənubi Qafqazın artıq qlobal rəqabətin periferiyası deyil, birbaşa diqqət mərkəzi olduğunu göstərir: “Bu şəraitdə Azərbaycan balanslı xəttini qoruyaraq həm suverenlik prinsipini ön planda saxlayır, həm də konstruktiv əməkdaşlıq imkanlarını açıq tutur. ABŞ və Avropa İttifaqının proseslərə daha aktiv qoşulması Bakı üçün təzyiq yox, diplomatik manevr imkanlarının genişlənməsi deməkdir. Nəticədə, Azərbaycan regional sabitliyin təminatçısı olmaqla yanaşı, həm də yeni qaydaların formalaşmasında iştirak edən əsas mərkəzə çevrilir. Bu liderlik modeli emosional ritorikadan çox real gücə, iqtisadi dayanıqlılığa və siyasi iradəyə əsaslanır və Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturasında Azərbaycanın aparıcı rolunu daha da möhkəmləndirir”.

Müsahibənin geniş variantı tezliklə AZƏRTAC-da yayımlanacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
1
azertag.az

2Источники