RU

Dil haqqında çox danışan, ancaq heç nə deməyən akademik Orxan Saffari yazır...

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Əgər kimsə dilçilik haqqında öyrənmək, məlumat almaq istəyirsə, həmin adamın etməli olduğu ilk məsələ akademik Nizami Cəfərovu oxumamaqdır. Yox, əgər kimsə söz eşitməyib dilçiliyi Nizami Cəfərovdan öyrənmək istəyəcəksə, qəti şəkildə heç nə başa düşməyəcək. Ola bilsin, həmin adam ömür boyu dil haqqında heç düşünməyəcək də.

Belə bir məqamda qulağıma oxucuların “Nizami Cəfərov akademikdir, akademik yazır” kimi səslər gəlir, ancaq bu səsləri bir qulağımdan alıb o biri qulağımdan ötürərək deyirəm: Əsla belə deyildir. Məsələn, terminlərlə gözəgəlimli, qulağa xoş səslənən sözlər yazmaq hələ dilin təşəbbüsünü çəkmək deyildir.

Onun istənilən mövzuda yazdığı yazıları açıb oxuyanda daim bu sözləri görmək olar:

“Dilin mifalofi qatı, paradiqma, epoxa, dilin funksiyası, universal dil, rasional qrammatika, fenomenal dil və s”. Siyahı uzanan olsa da, çevir tatı, vur tatıdır.

Əlbəttə, məsələ bu sözlərin yanlış olmasında, niyə işlədilməsində deyil. Məsələ bir neçə ümumiləşmiş fikri hər dəfə yenilik kimi təqdim edib, əslində isə heç nə deməməkdir.

Bu mənada, Nizami Cəfərov dil haqqında çox danışır, ancaq heç nə demir.

Nizami Cəfərovun dil haqqında yazdığı bəzi yazılarda elə fikirlər var ki, hazırlıqsız oxucu ona inansa, olan-qalan dil bilgiləri də yoxa çıxacaq.

Məsələn, akademik yazılarının birində deyir:

“Bugünkü Qərb qrammatikasının kökləri Aristotel ənənəsinə dayanır və dil fenomenini fəlsəfi araşdırma üsulu ilə dərk etmək cəhdini əks etdirir. Por-Royal qrammatikasında və klassik dillərin XVIII-XIX əsr qrammatikalarında dominantlıq edən bu ənənə linqvistikanın fundamental bazasını təşkil edir”.

Nizami Cəfərov yaxşı bilməlidir ki, Aristotel dili müstəqil elm kimi yox, məntiqin və ontologiyanın tərkib hissəsi kimi araşdırırdı. Onun üçün əsas məsələ dilin insan düşüncəsinin quruluşunu necə əks etdirib-etdirməməsi idi. Digər tərəfdən, Por-Royal qrammatikasında bütün dillərin arxasında ümumi rasional struktur dayanırdı. Konkret desək, əslində, qrammatika insan ağlının quruluşunun ifadəsidir. Yəni dil əvvəlcə təbiət hadisəsi, fəlsəfə kimi yox, məhz ağlın məhsulu kimi başa düşülürdü. Başqa sözlə, Nizami Cəfərovun dediyi fikirlər XIX əsrə qədər keçərli idi.

Yaxşı olardı ki, Nizami Cəfərov bir qədər üzü bəri olsun.

Normalda dilçi alimlər dilin təşəbbüskeşliyini çəkməli olduğu, yenilik gətirməli olduğu halda, Nizami Cəfərov bir az da geri gedir. Məsələn, bu fikirlər də ona məxsusdur:

“Biz gərək “voopşe”, «tak çto», «znaçit» kimi sözləri də dilimizin lüğətinə daxil edək”.

İndi gəl, akademikə izah etdi ki, bəs Rus dili, təsir, dili qorumaq zad. Görəsən, hörmətli akademik dilimizdə bu sözlərin qarşılığının olduğunu bilmirmi? Lap bilmirsə, bəlkə bunun əks-təbliğatını aparmaq lazımdır? İndi hansı qondarma söz çox işlənəcəksə, həmin sözü də dilimizə əlavə etməkmi lazımdır?

Академик, вы меня понимаете?

Görünür, Nizami Cəfərov elə bilir ki, dil təkcə ünsiyyət vasitəsidir. Daha onun digər ideoloji tərəfləri barədə düşünmür.

İllər əvvəl Nizami Cəfərov bir yazısında “Bizdə tənqid yoxdur” fikrinin əksini deyirdi. Yəni Nizami Cəfərova görə tənqid var, ancaq nədənsə, bu tənqid onun özündə yoxdur.

O, tapmağına başda Kamal Abdulla olmaqla, digər Kamal Abdulla ladında olan yazıçıların hamısında mifaloji qat, funksional dil, dilin çoxqatlılığını tapıb, fəqət tənqid edə bilmək yadına düşməyib. Axı özü bizdə tənqidin var olduğunu iddia edir hər zaman. Yoxsa Nizami Cəfərov tənqid bilmir nədir?

Bütün bunlardan da əlavə, Nizami Cəfərov tez-tez cəmiyyətə ziyalı kimi təqdim edilir.

Əlbəttə, cəmiyyətimiz ziyalının necə olduğunu bilmədiyi üçün Nizami Cəfərovu da ziyalı kimi qəbul edə bilir.

Ancaq ömür uzunu yüngülvari də olsa vətəndaş mövqeyi olmayan adama təkcə biliyinə görə ziyalı demək, ən yaxşı halda ziyalı anlayışını dəyişmək, hörmətdən salmaq kimi bir məqsəd daşıyır.

Axı bu dünyada həm də vətəndaş mövqeyi ilə seçilən Noam Chomsky, Edward Said kimi dilçilər var.

Heç çox uzağa da getməyə ehtiyac yoxdur.

Məsələn, siyasi təzyiqlərlə üzləşib ölkəni tərk edən Niyazi Berkes, “Barış üçün akademisyenler” bəyənatına görə həbs olunan Füsun Üstel və daha onlarla, yüzlərlə başqalarını demək olar.

Belə olduğu halda, Nizami Cəfərov necə, nə vaxt ziyalı oldu?

Nizami Cəfərovu fərqləndirən bircə “məişət cəhəti” var, o da qalstuk taxmamasıdır. Əksər hallarda onu rəsmi tədbirlərdə qalstuksuz görmək mümkündür.

Bəlkə də, Nizami Cəfərov özlüyündə elə hesab edir ki, qalstuk taxmamaqda da loyal olmaq deyil, bəs o da etirazını belə bildirir.

Ancaq qalstuk intonasiyası Nizami Cəfərovun daxilindədir. Başqa sözlə, qalstuk intonasiyasi Azərbaycan ziyalısının intihar ipidir.

Odur ki, Nizami Cəfərov ilk növbədə daxilindəki qalstuku çıxartmalı və daha sonra dil haqqında düşünərək işlər görməlidir.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
69
icma.az

1Источники