Azərbaycanda 4 iyun qiyamı varsa, Ermənistanı da 7 iyun sınağı gözləyir;1999-cu il hadisələri təkrarlana bilərmi?
“Məni günahkar bilməyin ki, vətən uğrunda yox, bir qadının qurbanına çevrilərək ölürəm. Belə bir əhəmiyyətsiz iş ucbatından ölməyimə təəssüflənir, göyləri şahidliyə səsləyirəm”.
Cəmi 20 il 6 ay yaşamış dahi riyaziyyatçı Evarist Qaluanın son sözləri onun həyatla vidalaşmasına yox, hansı səbəbdən ölməsinə təəssüfləndiyini göstərir. Qaluanın qısa ömrü siyasi və elmi mübarizələrdə, həbsxanalarda keçsə də, qadın uğrunda gedən savaşda duelin qurbanı olur.
Məşhur söz var - bütün müharibələr, hakimiyyət taxtı uğrunda qarşıdurmalar qadına görədir. İndiki dünyada bu amil olduqca kiçilib. Hazırda dənizlər, dəhlizlər, enerji resursları, strateji maraqlar uğrunda hərbi əməliyyatlar, siyasi çevrilişlər olur.

Hər siyasi liderin arxasındakı güclü qadın
Hərçənd yenə də “hər bir kişinin güclü olmasının arxasında qadın dayanır” deyimi var. Biz bunun əlamətlərini müasir dünya siyasətində də ad çəkmədən görə bilərik. Lakin qarşıda cəmi 3 ay var ki, birinci ledisi olmayan iki liderin kritik mübarizəsinə şahid ola bilərik. Söhbət Rusiya və Ermənistan rəhbərlərindən gedir.
Kreml lideri Vladimir Putinlə Lyudmila Şkrebneva 2013-cü ildə boşanıblar. Erməni baş nazir Nikol Paşinyanla vətəndaş nikahında olduğu Anna Akopyan isə ötən həftə ayrıldıqlarını açıqlayıblar. İndi iki dul liderin qarşıdan gələn “siyasi dueli” şəxsi həyatdan daha çox regionun həyatına təsir edəcək. İndi heç birinin arxasında güclü qadın faktoru yoxdur. Halbuki cəmi 3 ay qalmış, yəni 7 iyun parlament seçkiləri ərəfəsində Nikolun Annadan ayrılmasına erməni cəmiyyətində skeptik yanaşanlar var. Yəni bunu seçkiqabağı oyun kimi qiymətləndirənlər az deyil. Amma Paşinyanın boşanma qərarından hansı siyasi divident götürdüyü də sual doğurur.
Qərb də Nikoldan “boşanacaqmı”?
Kəsəsi, qarşıda iki birinci ledisiz liderin sözün əsl mənasında Ermənistan uğrunda qarşıdurmasını izləyəcəyik: bir tərəfdə keçmiş forpostu geri qaytarmaq istəyən Putin, digər tərəfdə isə Moskvadan uzaqlaşmaq istəyən, ABŞ və Avropa İttifaqı ilə imzalanan xartiyaları, paktları davam etdirmək, Türkiyə ilə quru sərhədlərin nəhayət ki, açılmasını hədəfləyən Paşinyan görmək olar. Təbii ki, erməni liderin arxasında güclü qadın olmasa da, güclü Qərb dəstəyinin dayandığını demək lazımdır. Maraqlıdır, Qərb də Nikoldan “boşanacaqmı”? Əslində bu gözlənti azdır. Ancaq indi həbsdə çürüyən Saakaşvilinin taleyi belə düşünməyə əsas verir.
Bəs Putinin bu dəstəyə alternativ resursu kimlər və ya nələr ola bilər? Ukrayna müharibəsində hər gün qan itirən, Yaxın Şərqdə, Mərkəzi Asiyada, Cənubi Qafqazda getdikcə mövqeləri sarsılan Rusiyanın “əl boyda” Ermənistanda çevriliş üçün potensialı qalıbmı? Gürcüstanda seçki yolu - milyarder İvanişvili üzərindən Tiflisə “qayıdan” Rusiyanın Ermənistanda daha böyük təsir rıçaqları var. Söhbət siyasi-hərbi, iqtisadi vəziyyətdən gedir. Sadəcə, erməni cəmiyyətində anti-Rusiya ovqatı Kremlin işlərini korlayır. Amma nə olsun? 2008-ci ildə Gürcüstana hərbi təcavüz edən, separatçı regionlarını ələ keçirən elə həmin Rusiya deyildimi ki, bu qədər nifrətə baxmayaraq, gürcü seçicisinə öz adamı olan İvanişvilini həzm etdirə bildi? Fərq ondadır ki, ABŞ və Aİ-nin Ermənistan hakimiyyətinə verəcəyi dəstək hara qədər olacaq. Eyni zamanda Cənubi Qafqazın siyasi-iqtisadi arxitekturası dəyişib. Bu da Moskvanın əl-qolunu xeyli dərəcədə bağlayıb.
Ətin sümükdən ayrılması - Moskvanın qəzəbi
... Şübhəsiz, əvvəlki dövr olsaydı, bu haqda proqnoz verməyə ehtiyac yox idi. Ermənistan həmişə Rusiyanın təbəəsi olub. 2018-ci ildən bəri bu satellit Moskvanın orbitindən uzaqlaşmağa can atır. Düzdür, son 7-8 il ərzində Ermənistanın Rusiyadan qopmaq cəhdləri olduqca ağrılı - ətin sümükdən ayrılması kimi olub. Kreml isə İrəvanı və erməniləri bir neçə dəfə cəzalandırmağa çalışıb. Lakin hər bir hadisədə yaxşı tərəfə də baxmaq pozitivliyi olmalıdır. Necə ki ikinci Qarabağ müharibəsinin nəticələrinə, sülh razılaşmasına, “Zvarnots”dan, delimitasiya olunan ərazidən və Türkiyə sərhədlərindən rus hərbçilərinin gedişinə ermənilər müsbət aspektdən baxmalıdırlar. Hərgah Paşinyanı hələ də satqın adlandıranlar kifayət qədərdir. Amma baş nazir əldə olunan nəticələrin davamını gətirə biləcəkmi? Axı hər şey bir anda - Rusiyanın Gümrüdəki bazasından çıxaraq kamfulyaj olunmuş hərbçiləri və Kremlin “Surət Hüseynovu” ilə sıfırlana bilər? Bu risk Ermənistanı istənilən an gözləyir. Paşinyanın gedişi isə hər şeyi “sil başdan” edərək bölgəni əvvəlki dövrə olmasa da, yenidən köhnə problemlərə qaytara bilər. Çünki Rusiya Paşinyana çox qəzəblidir. Onun bütün planlarını alt-üst etməkdədir. Moskva isə Ermənistana özünün nökəri kimi baxmaq zehniyyətini dəyişməyib: axı sizi biz yaratmışıq, biz böyütmüşük, pulsuz silah vermişik, Qarabağı 30 il işğalda saxlamışıq, sərhədlərinizi rus əsgəri qoruyub, dəmir yollarınıza qədər özünüzün deyil (Şoyqunun son hədələri açıq mesaj idi - E.S.), indi üzümüzə ağ olub Qərbdə təzə ağa tapmısınız? Bax, bu hikkə və qəzəb Rusiyanı rahat buraxmır. Ukrayna müharibəsi araya girməsəydi, Paşinyan ya Saakaşvili kimi həbsdə, ya da mühacirətdə idi...

Peraşki yeyənlər və hökumətin gülləbaran edilməsi
Tarixin isə təkrarlanma kimi sevimli bir xasiyyəti var. Çox uzağa getmədən 1-2 il əvvəl spiker Alen Simonyanın dediklərini xatırlaya bilərik. Parlament sədri 1999-cu il hadisələrinin təkrarlanması təhdidi olduğunu bildirmişdi. O hadisələri bilənlər xatırlayar ki, Azərbaycanla razılaşma ərəfəsində olduğu deyilən hökumət gülləbaran edildi. Həmin il parlamentə girən silahlılar baş naziri, spikeri və digər şəxsləri öldürüb getdilər. Sonra Rusiyanın adamı, hələ də hər bayramda Putinin təbrik məktubu göndərdiyi Robert Köçəryan iqtidara tam sahibləndi.
Nairi Hunanyanın başçılıq etdiyi 5 silahlı şəxs tərəfindən 27 oktyabr 1999-cu ildə paytaxt İrəvanda Ermənistan Milli Məclisinə qarşı törədilmiş, nəticədə ölkənin siyasi rəhbərliyindəki de-fakto qərar qəbul edən baş nazir Vazgen Sarkisyan və parlament spikeri Karen Dəmirçyan daxil olmaqla 8 nəfərin öldürüldüyü terror aktı baş verdi. Sarkisyan və Dəmirçyanın islahata meylli koalisiyası həmin ilin mayında keçirilən parlament seçkilərini səs çoxluğu ilə qazanmış və praktiki olaraq prezident Robert Köçəryanı siyasi səhnədən kənarlaşdırmışdı.
Silahlı hücum ölkənin siyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb oldu. Dəfn mərasimində Rusiyanın o vaxt baş naziri olan Vladimir Putin də iştirak etmişdi. Hazırda parlamentin sədri olan, ötən həftə Paşinyanla birlikdə avtobusda gah peraşki, gah qarğıdalı yeyən Simonyanın 1999-cu ilə hadisələrinin təkrarlanma təhlükəsi olduğunu bir müddət əvvəl bildirməsi gözləri təbii ki, Rusiyaya yönəldir.
Lakin bu xüsusda ABŞ-nin İraqdan sonra ikinci ən böyük diplomatik korpusunun Ermənistanda yerləşdiyini qeyd etmək lazımdır. Daha doğrusu, bəlkə də ən böyük kəşfiyyatının. Ona görə də Paşinyan əli cibində gəzir, velosiped sürür, peraşki yeyir və amerikalı kəşfiyyatçıların onu sui-qəsd təhlükəsindən mühafizə etdiklərinə əmindir. Eyni zamanda sərhədlərə yerləşdirilən avropalı jandarma qüvvələrinin də analoji missiyanı yerinə yetirdiklərini istisna etmək olmaz.
Ya hərb, ya sülh - 7 iyundakı seçim
Beləliklə, 7 iyun seçkilərinə qədər Rusiyanın təsirlərini müəyyən qədər azaldan, kilsəni, revanşistləri ram edən Paşinyan üçün qarşıda bir problemi həll etmək qalır - Ermənistanın “İvanişvilisi” olan Samvel Karapetyandan qurtuluş. Rusiya vətəndaşı olan milyarderin həbsinə baxmayaraq, onun yaratdığı hərəkat, erməni seçicisinə təsiri göz qabağındadır. Əgər bu seçkilərdə müxalifət bütün gücünü onun ətrafında birləşdirə bilməsə, hakim partiya yenə “Mülki Müqavilə” olacaq.
İrəvanda ev dustaqlığında olan rusiyalı iş adamı, “Taşir” Şirkətlər Qrupunun prezidenti Samvel Karapetyan yeni təsis etdiyi “Güclü Ermənistan” Partiyası tərəfindən baş nazir vəzifəsinə namizəd göstərilib. Bu, partiyanın fevralın 12-də keçirilən qurultayında elan edilib. Karapetyanın rəhbərlik etdiyi “Bizim Yol” ictimai hərəkatının üzvü Narek Karapetyan bildirib ki, “Ermənistanın baş naziri vəzifəsinə namizədimiz Samvel Karapetyandır”.
Doğrudur, Paşinyan və komandası da boş oturmayıb. Seçki ərəfəsində ictimai rəyə təsir üçün addımlar atılır, iqtidaryönlü QHT-lər təbliğatı gücləndirib, Qərbdən investisiya dəstəyi, iqtisadi islahatlar Paşinyan hakimiyyətinin əlini gücləndirir. Ən əsası isə Rusiyanın çevriliş planlarını pozan addımlar Azərbaycandan gəlməkdədir. Ermənistana benzin, taxıl göndərilməsi, 4 erməni məhbusun təhvil verilməsi, liderlər arasında keçirilən görüşlər, həmçinin Zəngəzur dəhlizinin “Tramp yolu” adı ilə açılacağı Moskvanın ssenarilərini reallaşdırmağa imkan verməyəcək. Erməni cəmiyyəti də bu gedişatı analiz edə bilir. Bu baxımdan, Paşinyana qarşı 1999-cu il ssenarisinin təkrarlanmasını önləmək Qərb kəşfiyyatının, “Surət Hüseynov” və ya Karapetyan projesini bitirmək strategiyası isə Bakı ilə İrəvanın işidir. İndi isə tarixi andır: azərbaycanlılar 4 iyunu yaşadılar, ermənilər üçün 7 iyun sınağı gəlir. Bu mənada yaydakı seçkilər deputatları yox, strateji qərar vermək seçimləridir: ermənilər ya sülhü, ya hərbi seçməlidirlər...
Emil SALAMOĞLU,
“Yeni Müsavat”ın redaktoru