RU

Putinin iki məmurunun Bakı səfərinin sirri

Moskva regiondakı mərmi səsindən “ayıldı”; Bölgədə hərbi qarşıdurma zamanı Rusiyanın Azərbaycana kompromis niyyəti diqqət çəkir

Prezidenti İlham Əliyevin martın 2-də Rusiya baş nazirinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçukla görüşündə müzakirə edilən məsələlərlə bağlı yaxın günlərdə real addımlar atılacağı gözlənilir. “Yeni Müsavat” qeyd edir ki, görüşdə Rusiya xarici işlər nazirinin müavini Qaluzin və bu dövlətin ölkəmizdəki səfiri də iştirak edib. Azərbaycan tərəfdən görüşdə baş prokuror Kamran Əliyevin iştirakı diqqət çəkib. Görüşdə Azərbaycan və Rusiya liderlərinin 2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilən görüşündə əldə etdikləri razılaşmalara uyğun olaraq, 2024-cü il dekabrın 25-də AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan problemlərin həlli üzrə yaxın vaxtlarda kompleks praktik addımlar atılacağı bildirilib.

Bəllidir ki, AZAL təyyarəsi ilə bağlı müzakirələr iki ölkənin hüquq-mühafizə orqanları arasında aparılır. Qaluzinin iştirakına gəlincə, Rusiya XİN-də MDB üzrə məsələləri kurasiya edən nazir müavini son səfərlərində əsasən Bakıda həbs olunan 11 Rusiya vətəndaşı ilə bağlı müzakirələr aparıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da bildirib ki, Azərbaycanla təmaslarda Rusiya vətəndaşlarının tez bir zamanda azad edilməsi və vətənlərinə qayıtması məsələsi mütəmadi olaraq müzakirə edilir. “Biz dəfələrlə qeyd etmişik ki, Rusiya vətəndaşlarının tez bir zamanda azad edilməsi və vətənlərinə qayıtması mütləq prioritetimizdir. Biz bu məsələni azərbaycanlı tərəfdaşlarımızla ikitərəfli təmaslarda mütəmadi olaraq qaldırırıq və Bakının belə bir qərarı, şübhəsiz ki, ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım olardı”, - deyə o bildirib.

Lakin rəsmi məlumatda bu barədə heç nə deyilmir. Amma bildirilib ki, “görüşdə bir sıra humanitar məsələlər də müzakirə edilib” dedikdə, məhz həbsdə olan rusiyalılar nəzərdə tutulur.

Nəhayət, görüşdə Azərbaycanla Rusiya arasında qarşılıqlı faydalı iqtisadi-ticari, investisiya, sənaye və nəqliyyat-logistika əməkdaşlığının gələcəkdə daha da inkişaf etdirilməsinə dair ortaq niyyətə diqqət yetirilib. Görüşdə regionda nəqliyyat əlaqələrinin inkişafı perspektivləri müzakirə edilib. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə işləri davam etdirmək üçün ortaq niyyət təsdiqlənib. Məlumdur ki, Overçuk və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev Hökumətlərarası Komissiyanın həmsədrləridir.

Göründüyü kimi, regionda ciddi gərginliyin, hərbi qarşıdurmanın olduğu bir vaxtda Rusiyanın kompromis niyyəti diqqət çəkir. Moskva müttəfiqi İranın eskalasiya vəziyyətində, özünün də Ukrayna cəbhəsində ağır şəraitində Azərbaycanla münasibətlərə yenidən baxmağı zəruri sayıb. Hər halda, Overçukun və Qaluzinin Bakıya belə bir ərəfədə gəlişi Moskvanın narahatlığından irəli gəlir.

Yeri gəlmişkən, Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı yaradılmış istintaq komissiyası araşdırmanın mümkün qədər tez başa çatdırılması üçün maksimum səy göstərəcək. Musavat.com xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb. “İstintaqın başa çatması üçün dəqiq son tarix hələ müəyyən edilməyib, lakin komissiya araşdırmanı mümkün qədər tez başa çatdırmaq üçün əlindən gələni edir”, - deyə nazirlik qeyd edib.

Xatırladaq ki, “Azərbaycan Hava Yolları”nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190" təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. Təyyarə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Qroznı üzərində vurulub.

Parlamentin İnsan hüquqları Komitəsinin sədr müavini Arzuxan Əlizadə sözügedən görüşlə bağlı “Yeni Müsavat”a bildirdi ki, bütün hallarda Azərbaycan Rusiyadan addım atmasını gözləyir. Deputatın fikrincə, Overçuk və Qaluzin Prezidentin qəbulunda olarkən təyyarə hadisəsini yenidən gündəmə gətirməklə rəsmi Bakının gözləntilərini artırıb. “Əslində Rusiya İstintaq Komitəsi cinayət işinə xitam verib və məsələni bağlayıb. İndi Rusiya rəsmilərinin Bakıda bu mövzunu qaldırması göstərir ki, Azərbaycanın tələblərini həyata keçirmək üçün addım atıla bilər. Halbuki Rusiya dövlət başçısı Düşənbədə azərbaycanlı həmkarına vəd vermişdi. Yəni bu məsələ elə oktyabrdan sonra həll oluna bilərdi, heç 2026-ya keçməzdi. Ancaq bu son görüşdən sonra yenə də gözləyirik ki, Rusiya üzərinə düşəni yerinə yetirəcək”.

Onun sözlərinə görə, Moskva regionda vəziyyəti nəzərə alaraq Bakı ilə münasibətləri normallaşdırmaqda maraqlı olmalıdır: “Ümid edirik ki, hər iki rusiyalı məmurun Bakıda keçirilən görüşdə bu məsələnin yenidən qaldırmasından sonra Moskvadan adekvat addım olacaq. Onsuz da bölgə gərginlik ocağına çevrilib və Rusiya maraqlı olmalıdır ki, Azərbaycanla arası yaxşılaşsın. Çünki münasibətlərin indiki xarakteri tərəflərin heç birinə sərf etmir. Azərbaycan Rusiya ilə əməkdaşlığı davam etdirməkdə, qonşuluq əlaqələrinin inkişafında maraqlıdır. Rusiya da anlamalıdır ki, Azərbaycan 90-cı illərin ölkəsi deyil və onunla əvvəlki ritorikada danışmaq olmaz”. A.Əlizadə əlavə etdi ki, Bakının Moskvadan xüsusi bir tələbi yoxdur: “Sadəcə, vurulan zərər qarşılansın və cinayəti törədənlərə cinayət işi açılsın. Əgər Rusiya Azərbaycan qarşısında bunu etmək istəmirsə və təkəbbürlü davranırsa, itirən tərəf özü olacaq”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Избранный
68
22
musavat.com

10Источники