Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və "ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən "Qəhrəmanların izi ilə" adlı layihə baş tutub.
Layihənin birinci günü iştirakçılar Bakı şəhərində yerləşən bir sıra tarixi və hərbi obyektləri ziyarət ediblər. Ekskursiya proqramına Qənimətlər Parkı, Zəfər Parkı, Azərbaycan Hərb Tarixi Muzeyi və İstiqlal Muzeyi daxil olub.
Ekskursiya zamanı gənclərə Vətən Müharibəsində əldə olunmuş qələbənin tarixi əhəmiyyəti, nümayiş etdirilən hərbi texnika və silah nümunələri barədə geniş məlumat təqdim edilib. Muzeylərdə sərgilənən arxiv materialları, sənədlər və eksponatlar vasitəsilə iştirakçılar Azərbaycanın müstəqillik və hərbi tarixinin mühüm mərhələləri ilə yaxından tanış olublar. Ekskursiya müddətində gənclərlə müzakirələr aparılıb, onların sualları cavablandırılıb və tarixi faktlar üzərində geniş izahlar verilib.
Layihənin ikinci günü isə ehtiyatda olan hərbi qulluqçu, gizir Abbasov Sərxan və Dəniz Xüsusi Təyinatlı Qüvvələrinin sualtı hücum (təxribat) qrupunun komandiri, baş leytenant Yusifov Alik ilə görüş keçirilib.
Görüş çərçivəsində qonaqlar öz hərbi xidmət yolu, iştirak etdikləri əməliyyatlar, qarşılaşdıqları çətinliklər və qazandıqları təcrübələr barədə ətraflı məlumat veriblər. Onlar vətənə sədaqət, komanda ruhu, intizam və mənəvi hazırlığın əhəmiyyətindən bəhs edərək gənclərə tövsiyələrini çatdırıblar. Tədbir interaktiv formatda davam edib, könüllülər onları maraqlandıran sualları ünvanlayıb və real döyüş təcrübələri haqqında birbaşa məlumat əldə etmək imkanı qazanıblar.
Layihənin əsas məqsədi gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına dəstək vermək, onların tariximizə, milli-mənəvi dəyərlərimizə və hərbi irsimizə bağlılığını möhkəmləndirməkdən ibarətdir. Layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər gənclərin milli kimlik şüurunun formalaşmasına və qəhrəmanlıq salnaməmizin təbliğinə xidmət edir.