RU

Beynəlxalq selektiv yanaşma: Nüvə silahı kimə olar, kimə yox? Makronun təlaşının səbəbi

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Fransa Prezidenti Emmanuel Makron ölkəsinin nüvə arsenalındakı döyüş başlıqlarının sayının artırılması barədə qərar verib. O, bunu sürətlə dəyişən və getdikcə daha riskli xarakter alan geosiyasi mühitlə əsaslandıraraq bildirib ki, Fransa özünün "zəmanətli dağıdıcı gücünü" qorumaq və çəkindiricilik qabiliyyətini yüksəltmək məcburiyyətindədir.

Prezident həmçinin vurğulayıb ki, bundan sonra nüvə arsenalının dəqiq həcmi ilə bağlı məlumatlar ictimaiyyətə açıqlanmayacaq və bu sahədə əvvəlki şəffaflıq praktikası dayandırılacaq.

Qeyd edək ki, Fransa dünyada rəsmi olaraq nüvə silahına malik olan azsaylı dövlətlərdən biridir və Avropa İttifaqı (Aİ) daxilində bu statusu daşıyan yeganə ölkədir. Parisin bu qərarı həm Avropa təhlükəsizlik arxitekturası, həm də qlobal nüvə balansı baxımından geniş müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı politoloq Aytən Qurbanova Oxu.Az-a açıqlamasında bildirib ki, Makronun sözügedən addımı müasir beynəlxalq münasibətlər sistemində müşahidə olunan mürəkkəb və ziddiyyətli proseslərin fonunda strateji mahiyyət daşıyan qərar kimi qiymətləndirilə bilər:

"İlk növbədə onu qeyd etmək lazımdır ki, Makronun "zəmanətli dağıdıcı gücün qorunması" ilə bağlı vurğusu Fransanın təhlükəsizlik siyasətində prioritetlərin dəyişən geosiyasi şərtlərə uyğunlaşdırıldığını göstərir. Fransa 1960-cı ildə ilk nüvə sınağını həyata keçirib və faktiki olaraq nüvə silahına malik dövlətlər sırasına daxil olub. 1968-ci ildə imzalanan və 1970-ci ildə qüvvəyə minən Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) bu statusu beynəlxalq hüquq müstəvisində rəsmiləşdirib. Müqavilənin IX maddəsinə əsasən 1 yanvar 1967-ci ilədək nüvə silahına sahib olan dövlətlər rəsmi olaraq nüvə dövləti kimi tanınır. Fransa da həmin meyara uyğun gəldiyi üçün onun nüvə statusu hüquqi baxımdan legitimdir".

"Makronun bəyanatı Avropada və qlobal miqyasda təhlükəsizlik arxitekturasında baş verən dəyişikliklərlə əlaqələndirilməlidir. Rusiya-Ukrayna müharibəsi Avropanın təhlükəsizlik sistemini əsaslı şəkildə sarsıdıb və NATO ilə Rusiya arasındakı qarşıdurma da dərinləşməyə davam edir. Eyni zamanda, ABŞ-nin qlobal prioritetlərinin dəyişməsi ilə bağlı müzakirələr Avropa dövlətlərini daha müstəqil təhlükəsizlik siyasəti yürütməyə sövq edən önəmli hadisədir. Fransa Avropa İttifaqında yeganə nüvə silahına malik dövlətdir. Bu amil isə öz növbəsində qitənin təhlükəsizlik arxitekturasında ona xüsusi mövqe qazandırır. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda Makronun qərarı həm milli müdafiə potensialının gücləndirilməsi, həm də Avropanın strateji muxtariyyət konsepsiyasının möhkəmləndirilməsi məqsədi daşıyır. Həmçinin Fransa dəyişən beynəlxalq münasibətlər sistemində öz çəkindirmə imkanlarını artırmaqla həm milli maraqlarını, həm də Avropa məkanında lider mövqeyini qorumağa çalışır" - deyə, analitik vurğulayıb.

Onun fikrincə, nəticə etibarilə Fransanın bu addımı beynəlxalq hüquqa zidd olmasa da qlobal silahlanma prosesinə ciddi təsir göstərə bilər:

"Böyük güclər arasında artan rəqabət fonunda Fransanın nüvə arsenalının genişləndirilməsi yeni silahlanma mərhələsinə keçidi də sürətləndirə bilər. Bu isə beynəlxalq təhlükəsizlik sistemində əlavə gərginlik riskləri yaradır. Digər tərəfdən isə mövcud nüvə dövlətlərinin arsenalını artırması beynəlxalq ictimaiyyətdə ədalətlilik və ikili standartlar ilə bağlı müzakirələri gücləndirir. Lakin beynəlxalq münasibətlərin realist mahiyyəti göstərir ki, dövlətlər təhlükəsizliyini ilk növbədə öz hərbi-strateji imkanları ilə təmin etməyə çalışırlar".

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
90
oxu.az

1Источники