RU

“90-ların qanlı izləri və bu günün paradoksu” – İranla bağlı ŞOK AÇIQLAMA

Türkiyədə 1990-cı illərdə baş verən bir çox siyasi sui-qəsdlərdə İranın rolunun olduğu istintaq materialları ilə təsdiqlənib.

Bu barədə NOCOMMENT.az-a politoloq Şahin Cəfərli danışıb.

Şahin Cəfərli

Ekspert bildirib ki, Uğur Mumcu, Bahriye Üçok, Turan Dursun, Ahmet Taner Kışlalı, Muammer Aksoy və digər solçu-kamalist aydınların İran xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirən “Selam Tevhid” və “Qüds ordusu” terror qrupları tərəfindən öldürüldüyü araşdırmalarla ortaya qoyulub. Onun sözlərinə görə, motiv kimi həmin şəxslərin guya islami dəyərləri təhqir etməsi göstərilib.

Şahin Cəfərli xüsusilə “Cumhuriyet” qəzetinin yazarı Uğur Mumcunun avtomobilinə bomba yerləşdirilərək qətlə yetirilməsinin Türkiyədə hələ də rezonans doğuran ən səs-küylü hadisələrdən biri olduğunu vurğulayıb. O qeyd edib ki, bu işin üstü hadisədən 7 il sonra – 2000-ci ildə İstanbulda “Hizbullah” terror təşkilatına qarşı keçirilən əməliyyatdan sonra qismən açılıb. Təşkilatın lideri Hüseyn Vəlioğlunun polislə atışmada öldürülməsindən sonra konspirativ mənzildə aşkarlanan CD və disketlərin araşdırılması nəticəsində yuxarıda adı çəkilən terror qruplarının izi müəyyən edilib. Əməliyyatlar nəticəsində sui-qəsdlərin 10 icraçısı saxlanılıb və onların İranda hərbi və dini təlim keçdiklərini etiraf etdikləri bildirilib. Yalnız Mumcunun avtomobilinə bombanı yerləşdirdiyi deyilən Oğuz Dəmir adlı şəxs hələ də tapılmayıb.

Politoloq qeyd edib ki, Türkiyə dövləti sifarişçilərin üzərinə getməkdə maraqlı olmayıb. O, hazırda casusluq ittihamı ilə həbsdə olan jurnalist Mərdan Yanardağın sözlərinə istinad edərək bildirib ki, sonradan İran hakimiyyətinə yaxın şəxslərlə aparılan söhbətlərdə bu cinayətlər dolayısı ilə etiraf olunmasa da, kamalistlərin düzgün qiymətləndirilmədiyi etiraf edilib.

Şahin Cəfərli əlavə edib ki, inqilabdan sonra İran rejimi solçulara qarşı sərt repressiyalar həyata keçirib və qadın haqları kimi həssas mövzularda da mövqeyi bəllidir. Onun sözlərinə görə, solçuluqla teokratik diktatura uzlaşmayan anlayışlardır. Ekspert hesab edir ki, antiimperializm anlayışı İran və Rusiya kimi rejimləri dəstəkləməyə əsas verməməlidir. O vurğulayıb ki, İran rejimini və ya Putini dəstəkləyənlərin Türkiyədə daha yumşaq hesab olunan Ərdoğan hakimiyyətindən şikayət etməsi ziddiyyətlidir.

Politoloq sonda bildirib ki, “Hizbullah” terror təşkilatının siyasi qolu olan Hüdaparın AKP və MHP ilə birlikdə iqtidar koalisiyasında təmsil olunması Türkiyənin mürəkkəb və ziddiyyətli sosial-siyasi struktura malik olduğunu göstərir.

Tunar
NOCOMMENT.az

Избранный
68
nocomment.az

1Источники