RU

Dan Yorgensen: Belə bir dövrdə Azərbaycan Avropa üçün xüsusi əhəmiyyət daşıyır

Dan
“Biz bu ilin sonlarında Brüsseldə yüksək səviyyəli enerji dialoqu keçirmək barədə razılığa gəldik”. 1news.az xəbər verir ki, bunu Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının yekunlarına dair keçirilən mətbuat konfransında Avropa Komissiyasının energetika və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen bildirib.
Komissar tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq bunun onda böyük təəssürat yaratdığını deyib. Onun sözlərinə görə, aparılan uzun və əhəmiyyətli müzakirələr nəticəsində Avropa Rusiyadan enerji idxalını dayandırmaq istiqamətində qərar qəbul edib və artıq asılılığın azaldılması prosesinə başlanılıb. “Biz istəyirik ki, Rusiya qazından asılılığı tamamilə – sıfır səviyyəsinə endirək. Çünki Rusiyadan qaz almaqla faktiki olaraq Putinə dəstək vermiş oluruq. Hazırda qaz idxalımızın təxminən 10 faizi Rusiyanın payına düşür və bu göstərici azalır”, – deyə o qeyd edib. Dan Yorgensen bildirib ki, belə bir dövrdə Azərbaycan Avropa üçün xüsusi əhəmiyyət daşıyır: “Əməkdaşlığımızdan məmnunuq və Azərbaycandan enerji idxalını artırmışıq. Eyni zamanda əməkdaşlığımız yalnız qaz sahəsi ilə məhdudlaşmır, digər istiqamətlərdə də uğurla davam edir”. O əlavə edib ki, Aİ ilə Azərbaycan arasında daha sıx inteqrasiya və əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur və bu ilin sonlarında Brüsseldə enerji üzrə yüksək səviyyəli dialoqun keçirilməsi barədə razılıq əldə olunub.

Avropa komissarı yüksək səviyyəli qonaqların tədbirə dəvət edilməsinə görə təşəkkürünü ifadə edib və Azərbaycana növbəti səfərini səbirsizliklə gözlədiyini vurğulayıb.

Избранный
15
1news.az

1Источники