RU

Basketbol Federasiyasının vitse prezidenti: Uzunmüddətli və dayanıqlı model qurmağa fokuslanmışıq

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 3 mart, AZƏRTAC

Şimali Makedoniya güclü ənənələri olan komandadır. Lakin yığmamız bu rəqiblə görüşdə sona qədər döyüşdü.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) vitse-prezidenti Fərrux Mahmudov kişi basketbolçulardan ibarət millinin Avropa çempionatının seçmə mərhələsində Şimali Makedoniyaya 70:78 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

O bildirib ki, beynəlxalq səviyyədə hər qarşılaşma özünəməxsus çətinliklərlə yadda qalır: “İrlandiya ilə oyun çox gərgin keçdi. Buna baxmayaraq, komandamız sona qədər mübarizə apardı və vacib qələbə qazandı. Həmin nəticə Şimali Makedoniya ilə matç öncəsi millidə psixoloji üstünlük və inam yaratmışdı. Lakin etiraf etməliyik ki, Şimali Makedoniya güclü basketbol ənənələrinə malik komandadır və qrupumuzun lideridir”.

Vitse-prezident qeyd edib ki, milli liderlə oyuna uğurlu başlayıb və ilk hissəni öndə başa vurub: “İkinci hissədə müəyyən epizodlarda buraxılan səhvlər rəqibin geridönüş etməsinə şərait yaratdı. Bununla belə, komandamız sona qədər döyüşdü və layiqli mübarizə apardı. Məğlubiyyətdə arxayınlıq amilinin əsas rol oynadığını düşünmürəm. Sadəcə, millimiz hələ formalaşma mərhələsindədir və davamlılığı qorumaq istiqamətində işləməliyik”.

Fərrux Mahmudov komandanın inkişaf perspektivlərinə də toxunub: “Müsbət dinamika həm oyun keyfiyyətində, həm də təşkilati baxımdan hiss olunur. Əsas mərhələyə yüksəlmək üçün sistemli və davamlı iş vacibdir. Bu, bir mövsümlə həll olunan məsələ deyil. Real yanaşsaq, minimum bir neçə illik ardıcıl inkişaf mərhələsinə ehtiyac var. Bu məqsədlə uşaq basketbolunun inkişafına xüsusi diqqət yetirir, yerli çempionatın rəqabət səviyyəsini artırmağa çalışır və müxtəlif yaş qrupları üzrə yığmalarımızın beynəlxalq yarışlarda iştirakını təmin edirik. Qısamüddətli nəticələrdən daha çox uzunmüddətli və dayanıqlı model qurmağa fokuslanmışıq. Məqsədimiz təkcə bir turnirə vəsiqə qazanmaq deyil, davamlı iştirak səviyyəsinə çatmaqdır”.

Qeyd edək ki, Şimali Makedoniya və Azərbaycan yığmaları arasında ilk görüş rəqibin 87:49 hesablı üstünlüyü ilə yekunlaşıb. Bundan başqa, Azərbaycan millisi əvvəlki matçlarda Lüksemburqa (90:95) məğlub olub, İrlandiyaya (76:75) isə qalib gəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
1
1
azertag.az

2Источники