Azərbaycanın televiziya məkanında ciddi dəyişikliklər baş verir. Bir qrup müğənniyə qadağa qoyulduğu bildirilir. Amma siyahıda adı olan müğənni Samirə Yusifqızı və qızı müğənni Fərəh Samirəqızı efir qadağasından xəbərsiz olduqlarını bildiriblər.
S.Yusifqızı “Yeni Sabah”a açıqlamasında deyib:
“Vallah, mənim bu cür efir qadağasında xəbərim yoxdur. Əgər qadağa qoyublarsa, onlar bilərlər. Məsləhətdirsə, belə qərar veriblər, nə deyə bilərəm ki.
Bir də, elə yaxşı edirlər. Təhsil almış, muğam-vokalı bitirmiş, illərini musiqiyə vermiş bir adama belə qadağa qoymalı idilər, düz ediblər…”.
Tanınmış teleaparıcı Tarix Əliyev (Tolik) isə sözügedən siyahının üçüncü hissəsinin olduğunu da iddia edib. Bir müddət əvvəl verilişi bağlanan Tolik bəzi müğənniləri cəmiyyətdə yaxşı nümunə olmamaqda ittiham edib:
“İkinci siyahı da yayımlandı. İndi bir çox müğənnilər sevinir. Amma heç də sevinməyin, sakit oturun. Sizin qalmaqallarınız da oradadır və nə müəllimləriniz, nə də dostlarınız sizi o siyahıdan çıxara bilməz. Çünki hər birinizdə bayağılıq var və cəmiyyətdə yaxşı nümunə olmamısınız, qalmaqal və söyüşlərlə gündəmə gəlmisiniz. Ona görə də hələ tələsməyin. Bunun üçüncü hissəsi də var…”
Qeyd edək ki, efir qadağası qoyulduğu iddia edilən müğənnilər bunlardır: Vəfa Şərifova, Təranə Qumral, Musa Musayev, Pərvin Abıyeva, Əli Mirəliyev, Aytac Vidadi qızı, Samirə, Fərəh Samirəqızı, Ayan Babakişiyeva, Müjgan Ayxan, Aşıq Mübariz, Türkan Vəlizadə, Aytac Tovuzlu, Yaşar Qafanlı, Afaq Aslan, Sevil İsgəndərli, Elşən Xəzər, Elit Star Cəmilə, Rəqqasə Aygün, Müğənni Luna, Arzu Abdulova, İsrail Məmmədov, Günel Ələkbərova, Səma Abdullayeva, Səbinə Abdullayeva, Firuzə Babayeva, Arzuxanım Həsənova, Aygül Səfərova, Niqa Yılmaz, Meydan Əsgərov. Siyahını Manset.az saytı yayıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız