Azərbaycanda bərpa olunan enerji sahəsində həyata keçirilməsi planlaşdırılan 11 layihə üzrə torpaq ayrılması məsələləri demək olar ki, həll olunub.
"Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın bərpa olunan enerji potensialından istifadə üç mərhələli strateji yanaşma ilə həyata keçirilir: "Birinci mərhələ ilə 2027-ci ilə qədər ümumi gücü 2 qiqavata qədər olan və milli şəbəkəyə tam inteqrasiya edilmiş günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Milli qanunvericiliyə uyğun olaraq, bu elektrik enerjisinin alıcısı ötürmə sistemi operatoru olacaq. Bu layihələr üçün proqnozlaşdırılan ümumi investisiya məbləği təxminən 2 milyard ABŞ dolları təşkil edir".
Direktor əlavə edib ki, bu mərhələ bərpa olunan enerjinin ümumi quraşdırılmış gücdəki payını 33,7 %-ə çatdıracaq, illik istehsal həcmi təxminən 5 milyard kilovat/saat olacaq: "Bu da 1,1 milyard kubmetrdən çox təbii qaza qənaət etməyə və karbon emissiyalarını 2,4 milyon ton azaltmağa imkan verəcək. Hazırda planlaşdırılan layihələr üzrə torpaq ayrılması məsələləri həll olunub. Müqavilələr imzalanıb və şəbəkənin gücləndirilməsi tədbirləri, o cümlədən 500 meqavat/saat saxlama həcminə malik 250 meqavatlıq enerji saxlama sistemi aktiv şəkildə həyata keçirilir".