RU

“Azərbaycanda oynamaq asandır, Serbiyada isə mübarizə var” - Alina Nəhmədovanın İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Azərbaycan qadın futbol millisinin hücumçusu Alina Nəhmədova karyerasını xaricdə davam etdirməyə qərar verən azərbaycanlı futbolçulardan biridir. “Neftçi”dən Partizan klubuna transfer olunan futbolçu artıq yeni komandasında iki oyunda forma geyinib.

İdman.Biz-ə müsahibəsində Nəhmədova Serbiyadakı həyatı və çempionatla bağlı təəssüratlarını bölüşüb.

- Serbiyada keçirdiyiniz ilk oyunları necə qiymətləndirirsiniz?

- İki oyunda 90 dəqiqə meydanda oldum. Serbiya çempionatı çox güclüdür. Çətin idi, çünki öyrəşməmişdim. Amma hesab edirəm ki, yaxşı çıxış etdim.

- Məşqçilər korpusundan hər hansı rəy almısınız?

- Açığı, dili bilmədiyim üçün baş məşqçi ilə üz-üzə danışmamışam. Amma az da olsa, bir-birimizi başa düşürük.

- Dil baryerindən başqa uyğunlaşma baxımından başqa çətinliklər oldumu?

- Xeyr, komandaya uyğunlaşmaq mənim üçün asan oldu. Problem yalnız dildədir – həm komanda daxilində, həm də ümumilikdə Serbiyadakı həyatda. Bəzən nəyisə jestlərlə izah etməyə çalışıram, çətin olur. Nə serb, nə də ingilis dilini bilirəm. Amma rusca danışıram, bu da vəziyyəti bir qədər asanlaşdırır, çünki onların dili rus dilinə müəyyən qədər bənzəyir. Yəni hər şey qaydasındadır.

- Serb dilini öyrənmək istərdinizmi?

- Demək olar ki, artıq bir az serb dilini bilirəm. Məsələn, “zdravo”, “kako si”, “şta radiş”. Bu sözlər “salam”, “necəsən”, “nə edirsən” deməkdir. Amma mənim üçün daha vacib olan ingilis dilidir. Serbiyada bu dildə çox yaxşı danışmırlar, amma mən yalnız bu komandada oynamağı planlaşdırmıram. Gələcəyim üçün ingilis dilini öyrənəcəyəm.

- Azərbaycan və Serbiya qadın çempionatları arasında əsas fərq nədədir?

- Düşünürəm ki, rəqabətdə. Azərbaycanda rəqabət yoxdur. Serbiyada mübarizə var, ona görə də orada oynamaq daha çətindir. Bakıda oynamaq çox asandır.

- Sizcə, Azərbaycan çempionatının inkişafı üçün nə çatışmır?

- Sponsorlar lazımdır. İnvestisiya olmayanda heç kim Bakıya oynamağa gəlməz. Milliyə gəlincə isə, qızlarımızın çoxu xaricdə çıxış edir, təcrübə toplayır və milli komandamız güclənib.

- Serbiyadakı həyat sizə necə təsir edib?

- Çox gözəl ölkədir, ora getdiyim üçün çox xoşbəxtəm. İnsanlar mehriban və tərbiyəlidirlər. Amma cəmi bir aydır ki, oradayam, ona görə də mədəniyyəti daha yaxından öyrənməyə imkanım olmayıb. Əsasən məşqdən məşqə gedirəm, komanda yoldaşlarımla çox vaxt keçirirəm.

İdman.Biz
Избранный
22
1
idman.biz

2Источники