RU

Moldovalı nazir: Aİ-nin enerji təhlükəsizliyində Azərbaycan və Xəzər regionunun əhəmiyyəti artır

Bakı, 3 mart, AZƏRTAC

2021-ci ildən etibarən Moldova ciddi və görülməmiş enerji böhranı ilə üzləşib. Bu, bizim gücümüzü, infrastrukturumuzu və təchizatlarımızı sınağa çəkdi. Bu gün Moldovanın energetika sektoru fundamental şəkildə dəyişib. Biz öz enerji təhlükəsizliyimizi təmin etmişik, etibarlı mənbələri seçmişik və Avropa qanunvericiliyi ilə öz qanunvericiliyimizi ahəngdar formaya gətirmişik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Moldovanın energetika naziri Dorin Junqetu Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlər sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Moldova Avropa İttifaqının vahid enerji bazarına inteqrasiya olunmalıdır.

“Hətta biz tam üzvlüyü əldə etdikdən əvvəl bu, baş tutmalıdır. Əlbəttə ki, bütün bu nailiyyətlər bizim Avropa İttifaqında olan tərəfdaşlarımızın – ABŞ, Ukrayna, Azərbaycan, Bolqarıstan, Yunanıstan və beynəlxalq maliyyə təchizatlarının səyləri olmadan mümkünsüz olardı və bu gün Moldova bütün tərəfdaşlara minnətdardır. Moldova nümayiş etdirdi ki, Cənub Qaz Dəhlizi nəinki strateji bir baxışdır, eyni zamanda, etibarlı bir bağlantıdır. Tarixdə ilk dəfə biz gün ərzində 2,4 milyon kubmetr qazın Şaquli dəhlizlə alınması imkanlarını yaratmışıq. Bu, nəzəri müzakirə deyil, əməkdaşlıq sayəsində əldə edilmiş nəticədir. Təbii qaz Moldovanın enerji sistemində mühüm komponent olaraq qalır. 27 faiz enerji, o cümlədən elektrik enerjisinin alınması və istilik məqsədləri üçün əldə edilən enerji təbii qazla təmin edilir. Bu gün biz çalışırıq ki, təchizat marşrutlarını şaxələndirək. Bu da strateji baxımdan çox vacibdir”,- deyə o bildirib.

Nazir yaşıl enerji sahəsində Moldovanın böyük addımlar atdığını vurğulayaraq qeyd edib ki, son 4 il ərzində bərpaolunan enerji imkanları 8 dəfə artıb: “Ötən il biz uğurlu şəkildə ilkin olaraq 160 meqavatlıq Günəş və külək enerji stansiyalarını açmışıq. Əlavə 300 meqavatlıq külək elektrik stansiyasını da istismara verməyi planlaşdırırıq. Bununla belə, bərpaolunan enerjinin genişləndirilməsi qazın əhəmiyyətini heç də azaltmır. Yenə də çevik və tarazlı şəkildə şərait təmin edilməlidir ki, Moldova tam şəkildə keçidi təmin edə bilsin. Bu baxımdan, Azərbaycan və Xəzər regionunun Avropa İttifaqının enerji təhlükəsizliyində olan əhəmiyyəti artır. Bütöv dəhlizdə ümumi, vahid yanaşmanın həyata keçirilməsini vacib hesab edirik. Çünki vahid tariflər əsasında fəaliyyət burada olan inamı daha da artıracaq və Cənub Qaz Dəhlizini məhz regional enerji təhlükəsizliyinin əsas marşrutu kimi təmin edəcək.

Cənub Qaz Dəhlizi sırf infrastruktur deyil, bu, müqavimətdir, əməkdaşlıqdır və strateji inteqrasiyadır. Moldova bundan sonra da qəti şəkildə bu ortaq baxışa sadiq qalacaq. Biz birgə çağırışları sabitliyə çevirə, həmçinin uzun perspektivdə bütöv regiona fayda verə bilərik”.

Избранный
15
azertag.az

1Источники