RU

Xalq-dövlət birliyinə əsaslanan Azərbaycan reallığı

Bakı, 3 mart, AZƏRTAC

Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin prioritet istiqamətləri mövcud dünya reallığında həyata keçirilməsi olduqca çətin bir vəzifə idi. Çünki, bu gün beynəlxalq münasibətlər sistemində xaos hökm sürür, dövlətlərin legitimliyi ciddi şəkildə şübhə altına alınır. Belə bir mürəkkəb şəraitdə milli maraqların həyata keçirilməsi daha da çətinləşir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

O bildirib ki, Azərbaycan dövləti bütün bu çətinliklər fonunda öz gücünə, resurslarına və xalqla birliyinə arxalanaraq öz reallıqlarını yaratdı. Dünya miqyasında genişmiqyaslı fəaliyyətə start verildi və bu hərəkatın adı “Xocalıya Ədalət!” oldu. Həyata keçirilən reallıqlar yalnız keçmişi əks etdirmir, həm də gələcəyə işıq tutur. Azərbaycan Şanlı Zəfər qazandı və Xocalı şəhərinin azad edilməsi bu prosesin mühüm mərhələlərindən biri oldu.

“Bəli, məhz əzm və qətiyyət sayəsində Azərbaycan dünyanı həqiqətlərlə üz-üzə qoydu və bunun öhdəsindən gəldi. Dövlətimizin başçısı proseslərə mərhələli və sayıq yanaşdı. İlk mərhələdə Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən rəsmən tanındı, ikinci mərhələdə isə Azərbaycanın zəfəri və şəhərin azad olunması reallaşdı. Nəticədə hərbi cinayətkarlara qarşı Bakıda keçirilmiş məhkəmə prosesi ilə layiqli cəza verildi.

Lakin haqq savaşımız hələ də davam edir. Azərbaycanın daxil və xarici siyasətinə edilən təzyiqlər göstərir ki, son mərhələ yoxdur. Azərbaycan xalqı hər zamankindən daha çox əyilməz iradə nümayiş etdirməli və Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməlidir. Dövlətimizə, dövlətçiliyimizə və legitimliyimizə yönələn təhdidlərə dərhal cavab vermək lazımdır. Çünki Azərbaycan bu reallığa heç kimin köməyi olmadan nail olub, güclü iqtisadiyyat və peşəkar ordu yaradıb.

Son zamanlarda baş verən hadisələr bir daha sübut edir ki, Prezident İlham Əliyev düzgün və düşünülmüş addımlar atıb. Azərbaycan xalqının inamı heç vaxt sarsılmayıb. Xalq inanırdı ki, vaxt gələcək, Memorial Kompleksi məhz Xocalıda ucaldılacaq – və bu gerçəkləşdi”,- deyə A.Badamov vurğulayıb.

Deputat əlavə edib ki, bu gün Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Dövlətimiz güclü, xalqımız ləyaqətli və regiona sülh gətirən bir güc olaraq tanınır. Sülhün təminatçısı Azərbaycan dövlətidir və regionun inkişaf modeli də Azərbaycan nümunəsi əsasında qurulmalıdır.

Избранный
28
1
azertag.az

2Источники