RU

Xocalı Soyqırımı Memorial Kompleksi - tarixi yaddaşımızın və milli kimliyimizin rəmzi

Bakı, 3 mart, AZƏRTAC

Fevralın 26-da Prezident İlham Əliyev tərəfindən açılışı reallaşan Xocalı Soyqırımı Memorial Kompleksi Azərbaycan xalqı üçün həm tarixi yaddaş, həm də milli kimlik baxımından müstəsna əhəmiyyət kəsb edir.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova AZƏRTAC-a müsahibəsində bildirib ki, bu kompleks 1992-ci ilin 26 fevralında törədilmiş bəşəri cinayətin qurbanlarının xatirəsini əbədiləşdirməklə yanaşı, gələcək nəsillər üçün mühüm maarifləndirici simvoldur.

Onun sözlərinə görə, Memorial Kompleksin əhəmiyyətini bir neçə əsas istiqamətdə qruplaşdırmaq olar: “Kompleks Xocalı faciəsi barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün strateji məkandır. Ölkəmizə gələn xarici nümayəndə heyətlərinin bu abidəni ziyarət etməsi soyqırımı həqiqətlərinin dünya miqyasında tanıdılmasına xidmət edəcək. Bu məkan xalqın sarsılmaz birliyini, ədalətə olan inamını və milli ruhun gücünü simvolizə edir. Gənc nəsil üçün bura həm də vətənpərvərlik dərslərinin keçiləcəyi bir mərkəz rolunu oynayacaq”.

Xocalıda törədilən qətliamın təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəldiyini vurğulayan İctimai Birliyin sədri itkin düşmüş şəxslərin taleyinin bu gün də diqqət mərkəzində olduğunu qeyd edib.

“Azərbaycan dövlətinin uğurlu xarici siyasəti nəticəsində dünya dövlətləri artıq erməni vandalizminə obyektiv qiymət verir və Xocalı soyqırımını qətiyyətlə pisləyirlər. Biz bu faciəni heç vaxt unutmayacağıq və tariximizin bu qanlı səhifəsinin gələcək nəsillərə düzgün ötürülməsi üçün Memorial Kompleks böyük tarixi missiya daşıyır”, - deyə Könül Behbudova vurğulayıb.

Günel Türksoy

AZƏRTAC -ın müxbiri

Избранный
10
1
azertag.az

2Источники