RU

Hazırda bir milyondan çox heyvan növü məhv olmaq təhlükəsi ilə üz-üzədir

Bakı, 3 mart, AZƏRTAC

Martın 3-ü bütün dünyada Ümumdünya Vəhşi Təbiət Günü kimi qeyd olunur. Bu əlamətdar gün 20 dekabr 2013-cü ildə BMT Baş Assambleyası tərəfindən vəhşi fauna və flora haqqında ictimaiyyəti məlumatlandırmaq məqsədilə təsis edilib. Seçilən tarixin xüsusi rəmzi mənası var: 3 mart 1973-cü ildə biomüxtəlifliyin qorunması üzrə ən mühüm sənədlərdən biri olan CITES (Nəsli kəsilməkdə olan Vəhşi Fauna və Flora Növləri ilə Beynəlxalq Ticarət haqqında Konvensiya) qəbul olunub.

AZƏRTAC-ın məlumatına görə, bu gün CITES konvensiyasına 185 dövlət üzvdür və sənəd təxminən 6 min 600 heyvan, 34 min 300 bitki növünü mühafizə altına alır. Lakin statistik göstəricilər həyəcan təbili çalır. Hazırda yer üzündə bir milyondan çox canlı növü yox olmaq təhlükəsi ilə üz-üzədir. Planetdəki növlərin dörddəbiri məhv olma həddindədir. Yaşayış mühitlərinin təxminən yarısı artıq sıradan çıxıb. Zürafələr, tutuquşular, palıd ağacları və kaktuslar kritik dərəcədə təhlükə altındadır.

Biomüxtəliflik üzrə Hökumətlərarası Panelin (IPBES) proqnozuna görə, yaxın onilliklərdə mövcud növlərin ondabiri tamamilə yox ola bilər. Bu fəlakətin əsas səbəbi isə birbaşa insan fəaliyyətidir.

Dünya əhalisi gündəlik ehtiyaclarını - qida, yanacaq, dərman və sığınacağı təmin etmək üçün təbiətə möhtacdır. Statistikaya görə, milyardlarla insan 50 min vəhşi flora və fauna növündən asılıdır. Hər 5 nəfərdən biri dolanışığını vəhşi təbiət resurslarından əldə edir. 2,4 milyard insan hələ də yemək bişirmək üçün odun yanacağından istifadə edir.

Sənayeləşmə, meşələrin qırılması və qlobal istiləşmə bu resursların sonsuzluğu mifini darmadağın edir. Builki bayramın devizi isə xüsusi bir sahəyə diqqət çəkir: “Dərman və ətirli bitkilər: Sağlamlığın, irsin və yaşayış vasitələrinin qorunması”.

Azərbaycanda vəhşi təbiətin bərpası istiqamətində dövlət səviyyəsində və ictimai təşəbbüslərlə mühüm layihələr həyata keçirilir. IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə səyləri nəticəsində ceyranların, bezoar keçilərinin, Avropa bizonu və nəcib maralların reintroduksiyası işləri həyata keçirilir.

Ümumdünya Vəhşi Təbiət Günü münasibətilə Azərbaycanın milli parklarında “Açıq qapı” günü elan olunub. Bu parklar təkcə unikal landşaftları qorumur, həm də ekoloji turizm vasitəsilə cəmiyyəti maarifləndirir. Təbiətin əzəmətini qorumaq üçün, ilk növbədə, onun tükənməz olduğu fikrindən imtina etməli və gələcək nəsillərə harmonik bir dünya miras qoymalıyıq.

Göyçək Mahmudlu

AZƏRTAC-ın müxbiri

Избранный
20
1
azertag.az

2Источники